İşğalçıya qarşı “addım- addım” taktikası

İşğalçıya qarşı “addım- addım” taktikası backend

Azərbaycan davamlı və lokal hərbi əməliyyatlarla da düşməni ədalətli sülhə vadar edə bilər; hərbi ekspert: “Ermənistandan gələn əsgərlər Dağlıq Qarabağda xidmət etmək istəmirlər...”

Atəşkəs dövründə Ermənistanın işğalçı ordusunun itkiləri nəinki ilbəil, hətta aybaay artır. Bunu indi erməni tərəfi də açıq etiraf edir. Əsas səbəblər təcavüzkar orduda hökm sürən özbaşınalıq və başıpozuqluq, korrupsiya və “dedovşina”, yerliçilik halları ilə bağlıdır. Aydın məsələdir ki, ordu cəmiyyətin bir hissəsi olduğundan və Ermənistan əhalisi də ağır blokada rejimi ucbatından dərin iqtisadi-sosial böhran içində yaşadığından, eyni vəziyyət hərbçilərin, xüsusən də gənc çağırışçıların durumuna təsir edir.

Erməni ordusunda vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, baş naziri Nikol Paşinyan əsgər analarının getdikcə artan etirazlarından qorxaraq, iki gün öncə Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb və ordu sistemində kadr dəyişikliklərini elan edib. Baş nazir son zamanlarda Ermənistan silahlı qüvvələrində neqativ halların və itkilərin sayının artdığını etiraf edib.

Paşinyan qeyd edib ki, dəyişiklik qərarı orduda baş verən son neqativ hadisələr ətrafında hökumətlə aparılan müzakirələr zamanı verilib. Onun sözlərinə görə, kadr dəyişiklikləri ilə yanaşı, bir sıra əsas qərarlar qəbul edilib: “2019-cu ildə ordu daxilində itkilər az olsa da, bu ilin ilk iki ayında itkilər və neqativ hallar görünməmiş formada artıb”.

Qeyd edək ki, erməni KİV-də bu ilin ilk iki ayı ərzində silahlı qüvvələrin 13 hərbçisinin qeyri-döyüş şəraitində həlak olması barədə məlumat yayılıb. Bunun nəticəsi olaraq separatçı qurumun “müdafiə naziri” istefa verib.

*****

Ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov hesab edir ki, “İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Nikol Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin”.

“Bizim hər birimiz fəxrlə Azərbaycan prezidenti İlham Əliyevin Münhendə çıxışına qulaq asdıq, debatın tərcüməsini oxuduq. İlham Əliyevin qətiyyətli danışığı, sözsüz ki, düşmənə müharibə mesajını verirdi. Debat işğal olunmuş torpaqların bir daha kimə aid olduğunu sübuta yetirdi. Beynəlxalq qurumların, siyasi ekspertlərin, tarixçilərin iştirak etdiyi debatda Azərbaycan prezidenti çox dəqiq, tarixi faktlarla Paşinyana göstərdi ki, bu torpaqlar Azərbaycanındır və nəyin bahasına olursa- olsun, gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik. Prezident həm tarixə nəzər salaraq, həm də beynəlxalq qurumların qətnamələrini əsas gətirərək bir daha göstərdi ki, Ermənistan işğalçıdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, dövlət başçısı öz çıxışı ilə ölkəmizin mövqeyini ortaya qoymaqla yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq bütün orduya əmr verib: “Bu əmr ondan ibarətdir ki, ordu hər vaxt torpaqlarımızı azad etməyə hazır olmalıdır! Dialoqun nəticəsi onu göstərdi ki, Silahlı Qüvvələrimizdə xidmət edən heyət, əsgərdən tutmuş, birinci şəxsə kimi bir söz deyir: biz əmr gözləyirik! Azərbaycan Silahlı Qüvvələri torpaqları işğalçılardan azad etmək üçün hər an əmr ala bilər”.

*****

“Son zamanlar erməni mediasında Ermənistan ordusunda mövcud olan ölüm halları haqda çoxsaylı materiallar dərc edilir”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan ordusunda baş verən müəmmalı ölüm hallarını şərh edərkən deyib.

Ekspert bildirib ki, Ermənistan cəmiyyətində gedən iqtisadi-sosial proseslər orduda da özünü büruzə verir: “Erməni ordusunda ölüm hallarının artmasının bir səbəbi də Dağlıq Qarabağ erməniləri ilə Ermənistandan gələn ermənilər arasında qarşıdurmadır. Yəni bunlar bir-birilərini qəbul etmirlər. Oradakı hərbi hissələrdə komandirlərin çoxu Dağlıq Qarabağ erməniləri, əsgərlərin əksəriyyəti isə Ermənistandan gələnlərdir. Bunların arasında bu və digər formada gərginlik yaranır. Digər tərəfdən, biz bilirik ki, Ermənistan ordusunda ”dedovşina" deyilən mühit var. Bu, çox gərgin bir vəziyyətdir. Bu da öz nəticəsini göstərir".

Ş.Ramaldanovun sözlərinə görə, qış fəslinin olması da Ermənistan ordusunda çətinlikləri artırır: “Soyuq iqlim şəraiti, təminatın aşağı olması əlavə gərginlik yaradır. Ermənistandan gələn əsgərlər Dağlıq Qarabağda xidmət etmək istəmirlər. Ermənistan cəmiyyəti heç vaxt Dağlıq Qarabağı erməni torpağı kimi qəbul etmir. İstər əsgər anaları, istər cəmiyyəti, istər müxalifəti müəyyən vaxtlarda Dağlıq Qarabağ məsələsinin həll edilməsini tələb edirlər. Onlar Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda - özlərinin sözü ilə desək, yad torpaqlarda ölməsinə razı deyillər. Bildirirlər ki, Ermənistandan olan əsgərlər öz vətənini qorumalıdır. Həmin əsgərlər psixoloji cəhətdən bu formada tərbiyə alır, böyüyürlər. Hərbi xidmət vaxtı gəlib çatanda onlar məcburiyyət qarşısında qalırlar və müəyyən psixoloji sarsıntı keçirirlər”.

Ermənistan ordusunda qeyri-döyüş şəraitində olan itkilərin döyüş şəraitində olan itkilərdən 3 dəfə çox olduğunu deyən hərbi ekspert vurğulayıb ki, bu, həmin problemlərin dərinliyini göstərir: “Qarabağa göndərilən erməni əsgəri yaxşı bilir ki, Azərbaycan torpağındadır. Azərbaycan Ordusunun və ümumilikdə ölkəmizin gündən-günə güclənməsi, mövqeyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı, eyni zamanda beynəlxalq statistik vəziyyətə görə ordumuzun Ermənistan ordusundan bir neçə dəfə üstünlüyünün təsdiqi nəinki ekspertlər, hətta cəmiyyət tərəfindən qəbul edilən faktlardır. Erməni əsgəri yaxşı bilir ki, bu torpaqlar gec-tez geri qayıdacaq və azad ediləcək. Ona görə də bu münasibətlər qarşılıqlı inamsızlığa, fərariliyə, bir-birinə qarşı aqressiyaya səbəb olur”.

*****

Əlbəttə ki, belə bir işğalçı ordunun döyüş şəraitində, Azərbaycan Ordusu ilə qarşıdurmada qat-qat böyük itkilər verəcəyi şübhə doğurmur. Bunu 2016-cı ilin “4 günlük” savaşı bir daha bariz şəkildə təsdiqlədi. Həmçinin əcnəbi hərbi analitiklər də yeni müharibədə Ermənistanın qələbə şansının olmadığını bilidirirlər - təbii ki, Rusiya amili məsələdə erməni tərəfinin xeyrinə işləməsə. Hərçənd bir qədər fərqli mövqedə olan və Qərb amilinin də ciddiyə alınmalı olduğunu söyləyənlər də var.

Məsələn, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi hesab edir ki, müharibə variantı təkcə Azərbaycan Ordusunun güclü olması ilə bağlı məsələ deyil. “Biz bilirik ki, ordumuz gerçəkdən güclüdür. Rusiya ermənilərə dəstək verəcəyi halda problemlər ortaya çıxar. Biz necə edə bilərik ki, ruslar ermənilərə dəstəyini azaltsın, işğalçılar qorxuya düşsünlər? Məncə, 90-cı illərdə bizim belə fürsətimiz vardı, ancaq təəssüflər olsun ki, bu şansı gücsüzlüyümüzə görə əldən buraxdıq. Onun üçün də sabah Azərbaycan ora hücum etsə, ermənilər bütün dünyada haray-həşir salacaqlar ki, etnik təmizlənmə gedir. Bunun üstündə gördünüz serblər necə cəzalandırıldı?! Yəni məsələ asan deyil. Sözsüz, ritorik olaraq erməniləri müharibə ilə hədələmək olar, amma reallıqda bu çətin məsələdir”, - deyə o qeyd edib.

Mehdi vurğulayıb ki, müharibə məsələsini istisna etmək olmaz, ancaq onun reallaşdırılması yalnız ordumuzun gücündən asılı deyil. “Məncə, bu, mürəkkəb şahmat oyunu kimi olmalıdır. Yəni təmiz müharibə kimi yox, ordunun vasitəsilə müəyyən uğurlu mövqe əldə edib sonra danışıb razılığa gəlmək şəklində olmalıdır. Biz hibrid savaş texnikasını mənimsəməliyik”, - deyə o əlavə edib.

*****

Söhbət burada sözsüz ki, torpaqları “addım-addım” taktikası ilə azad eləməkdən gedir. Başqa sözlə, böyük savaş üçün əlverişli geosiyasi şərtlər yetişənədək Azərbaycan davamlı lokal hərbi əməliyyatlarla, işğalçını getdikcə daha böyük canlı və texniki itkilərə məruz qoymaqla, hətta heç Dağlıq Qarabağa girmədən onu sülhə vadar edə bilər. Çünki o halda, düşmən ölkə də, ATƏT-in Minsk Qrupu həmsədrləri və bütövlükdə beynəlxalq birlik də Azərbaycanın üstün hərbi gücünə əyani şəkildə əmin olacaq və İrəvana təzyiqləri gücləndirəcək.

Elə ermənilərin özü də atəşkəsi süni surətdə uzatmağın mənasızlığını və təhlükəliliyini nəzərə alıb Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmalı olacaqlar. Zatən indinin özündə işğalçı tərəf Azərbaycan tərəfdən güllə atılmadan ciddi itkilər verirsə, bu, artıq Ermənistan rəhbərliyinə və cəmiyyətinə kritik siqnal olmalıdır ki, Qarabağla bağlı fantastik, absurd ideya və arzularla yaşamağa son vermək, “daşları ətəkdən tökmək” zamanıdır...

"Yeni Müsavat"
Diaspora