Fevralın 22-də dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Aksiya saat 13:00-da başlayıb, 15:00-a qədər davam edəcək.Aksiyaya Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.
Mitinq iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış edəcəklər. Eyni zamanda aksiya iştirakçıları Xocalıda törədilən soyqırıma beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edəcəklər.
Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.
Mitinqdə min nəfərdən çox soydaşımızın iştirakı gözlənilir. Ümumavropa Qarabağ mitinqinin sonunda yekun sənədin qəbul edilməsi də nəzərdə tutulur.
Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri Doktor Yaşar Musayev “Yeni Müsavat”a mitinq hazırlıqlarından danışdı: “Məlum olduğu kimi, 22 fevralda Almaniyanın əsas siyasi meydanlarından biri sayılan Berlin şəhərində Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Qarabağ mitinqi keçirəcəyik. Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçiriləcək mitinqdə dünyanın 30-dan çox ölkəsindən Azərbaycan Diasporasının nümayəndələri, azərbaycanlılar, Azərbaycanı sevən insanlar ”Qarabağa ədalət!", “Xocalıya ədalət!” şüarlarını səsləndirəcəklər. Aksiyanın keçirilməsi üçün müvafiq qurumlardan rəsmi icazə alınıb. Mitinq iki saat-13:00-15:00 arası keçiriləcək. Sonda iştirakçılar tərəfindən qətnamə qəbul olunacaq. Həmin qətnamədə Azərbaycanın Qarabağ ərazisinin və onun ətrafındakı rayonların erməni işğalçıları tərəfindən qeyri-şərtsiz azad olunması, o cümlədən məcburi köçkünlərin və qaçqınların öz doğma ata-baba yurdlarına qayıtmaları, ermənilər və onları dəstəkləyən beynəlxalq güclər tərəfindən beynəlxalq hüquq normalarının qəbul olunması, onun şərtlərinə əməl edilməsi, BMT-nin Qarabağ və onun ətrafındakı rayonların Azərbaycan əraziləri olduğu barədə qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsi kimi tələblər irəli sürüləcək".
Y.Musayev qərbi azərbaycanlıların da mitinqə qatılacağını söylədi: “Avropada yaşayan, vaxtilə erməni işğalçılar tərəfindən bizim Qərbi Azərbaycandan ata-baba yurdlarından məcburi şəkildə çıxarılan insanlar da Qarabağ mitinqində iştirak edəcəklər. Onların bu tədbirdə iştirakları həm dəvətlə, həm də vətəndaşlıq borcu kimi iştirak istəyi ilə baş tutacaq. Bilirsiniz ki, Xocalı soyqırımı bizim xalqın son 30 ildəki ən ağır faciələrindən biri olub. Xocalıda ermənilər tərəfindən belə bir qətliamın törədilməsi sözün həqiqi mənasında soyqırımdır. Bu insanları qatil ermənilər qətlə yetiriblər. Onların belə işgəncələrlə öldürülmələrinin ən başlıca səbəbi azərbaycanlı olmaları idi. Bütün bunları nəzərə alaraq, Avropanın əsas paytaxtlarından biri sayılan Berlində belə bir aksiya keçirməyi zəruri saydıq. Xocalı soyqırımını qeyd etmək və onu daim bizim qanlı yaddaşımızda saxlamaq hər bir azərbaycanlının, Azərbaycana rəğbəti olan hər bir insanın vətəndaşlıq borcudur. Almaniya Azərbaycanlıları Alyansı olaraq, Almaniyada bütün diaspora işlərinin mərkəzləşdirilmiş qaydada təşkilatı ilə məşğul olduq. Bizim bu mitinq təşəbbüsü Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də dünyanın 30-dan çox ölkəsindəki Azərbaycan diasporları tərəfindən dəstəkləndi”.
Kənan Hacıəkbəroğlu: “Çox gözəl bir təşəbbüsdür”
İsveçdə yaşayan mühacir Kənan Hacıəkbəroğlu mitinqə yüksək səviyyədə dəstək verdiyini bildirdi: “Belə bir mitinqin keçiriləcəyindən xəbərim var. Çox gözəl bir təşəbbüsdür. İqtidar və müxalifət tərəfdarı, təmsilçisi olmasından asılı olmayaraq, Azərbaycan naminə atılan hər bir müsbət addım dövlətimizin xeyrinədir. Bu təşəbbüs atılan müsbət addımlardan biridir. İsveçdən də bu mitinqə qatılanlar olacaq. Amma mən qatıla bilməyəcəyəm. Ona görə ki, İsveçdə Göteborq şəhərində İsveç-Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə sərgi, ”Terrora yox!" şüarı altında tədbir keçiriləcək. Xocalı faciəsi ilə bağlı İsveç dilində proşürlər paylanılacaq. Sonra da bir tədbir keçirməyi planlayırıq. Bu səbəblərdən tədbirə qatıla bilməyəcəm. Onu da qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin addımları dövlətçiliyimiz naminə çox müsbətdir. Komitə insanları Azərbaycan naminə birgə fəaliyyətə dəvət edir. Buna çox sevinirəm. Dövlətçiliyimiz harada varsa, biz də orada varıq. Azərbaycançılıq təbliğatı aparmaq hər bir azərbaycanlının borcudur. İnanıram ki, komitə bu uğurlu, müsbət fəaliyyətini gələcəkdə də davam etdirəcək. Buna əminəm".
Elnur Məcidli: “Arxasında lobbiçilik fəaliyyəti olmayan...”
Fransada yaşayan bloqqer Elnur Məcidli mitinqlə bağlı fərqli düşüncəyə sahibdir: “Bu və bənzər mitinqlərin o zaman effekti olur ki, paralel olaraq yerli və beynəlxalq institutlarda, siyasi və administrativ qurumlarda lobbi fəaliyyəti aparılır. Yəni arxasında lobbiçilik fəaliyyəti olmayan mitinqlərdən lazımi effekti almaq mümkün deyil. Əgər məsələ Berlinin mərkəzində 40-50 nəfər toplaşıb Azərbaycan dilində meqafonla danışıb, dağılışmaqdısa, bunun heç bir xeyri, effekti yoxdur, sadəcə, büdcədən pul silməkdir. Mitinqlərin kütləviliyini təmin etmək, yerli və beynəlxalq ictimaiyyətin diqqətini bu mitinqə çəkmək üçün mitinqin keçirildiyi ölkənin dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq olmalıdır. Bu isə ciddi lobbiçilik fəaliyyəti tələb edir”.
“Yeni Müsavat”