Qaradağlı faciəsinin şahidi: Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub

Qaradağlı faciəsinin şahidi: Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub backend

Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib.

İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Əsirlikdə saxlanılanlara qarşı vandalizm, insanların diri-diri basdırılması, dişlərinin çəkilməsi, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.

Qaradağlı faciəsinin şahidi Şahruz Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 28 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: “Fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri-bərabər olsa da, dörd gün inadla müqavimət göstərdik. Dörd gün ərzində 7 şəhidimiz oldu. Kömək gözləyirdik, amma heç bir kömək yox idi. Nəhayət ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Ermənilər yaralanmış iki nəfəri yerindəcə güllələdilər. İki nəfəri ağacla başlarına döyə-döyə öldürdülər.

Əsirlikdə olmazın əzab-əziyyət çəkmişik. Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub. Əsir götürülənlərin arasında məktəb yaşlı uşaqlar, qadınlar, qocalar var idi. Yaşlıları, qadınları bir maşına, cavanları isə başqa maşınlara doldurdular. Kəndin Bəylik bağı adlanan yerində maşını saxlayıb kənd sakinlərinin bir hissəsini güllələdilər. Ölənləri və yaralıları silos quyusuna töküb üstünü torpaqladılar. İki nəfəri Zəki bulağında öldürdülər. Beləcə, yolboyu maşınları saxlayır, əsirləri güllələyirdilər. Sonra bizi Xankəndinə gətirib soyuq zirzəmiyə saldılar. Səhər tezdən erməni silahlıları əsirlərdən 5 nəfəri apardılar və onlardan daha heç bir xəbərimiz olmadı. Qardaşım Vətən də onların arasında idi. Bizi isə hər gün döyür, işgəncələr verirdilər. 55 gün əsirlikdə qalandan sonra bizimkilər məni əsirlikdən geri ala bildilər. Çox təəssüf ki, qardaşım Vətən və eləcə də neçə-neçə həmkəndlim əsirlikdən qayıtmadı və çoxunun da axırı nə oldu, bilmədik”.

Hazırda Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində məskunlaşan Şahruz Əliyev övladı ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.
Diaspora