"Madrid prinsipləri” - ən yaxşı təzə unudulmuş köhnə? Rusiyalı politoloq: “Azərbaycanın Qarabağ siyasəti ardıcıl və dəqiqdir...”
Dağlıq Qarabağ konfliktinin dinc həlli heç şübhəsiz ki, əsasən iki vasitəçi dövlətdən asılıdır. Bunlar - ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya və ABŞ-dır. Zaman-zaman yazdığımız kimi, xüsusən də şimal qonşumuz münaqişənin nizamlanmasında hamıdan çox imkanlara malikdir. Həm də o səbəbə ki, konflikt elə onun özünün “dobrosu” ilə - hələ SSRİ dövründə qızışdırılıb.Əfsuslar olsun ki, Moskva öz imkanlarını hərəkətə gətirmək istəmir - baxmayaraq ki, Rusiya rəsmiləri vaxtaşırı verdikləri açıqlamalarda Güney Qafqazın bu ən üzücü münaqişəsinin həlli üçün Kremlin əlindən gələni əsirgəmədiyini iddia edirlər. Təbii ki, onların sözündə gerçək olsaydı, Dağlıq Qarabağ problemi çoxdan yoluna qoyulmuşdu. Hər halda, hamı bilir ki, işğalçı və forpost Ermənistana ən güclü təsir və təzyiq rıçaqları məhz Rusiyadadır.
*****
“Rusiya həmişə Qarabağ münaqişəsinin nizamlanmasında fəal vasitəçi mövqe tutub. Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək şərtsiz xarici siyasət prioritetlərimizdən biridir”.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Rusiya prezidentinin, xarici işlər nazirinin diqqət mərkəzində qalmaqdadır: “Bu durum həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir, onun nəticələrinə artan diqqəti müəyyənləşdirir”.
“Ölkəmizin vasitəçilik səyləri yolundakı mühüm mərhələ 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini ifadə edən Moskva Bəyannaməsinin qəbulu oldu. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı altında Azərbaycan və Ermənistan liderlərinin imzası olan ilk və hələ ki yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildəki genişmiqyaslı hərbi əməliyyatların sona çatdırılmasında həlledici rol oynayıb” - Rudenko vurğulayıb.
XİN başçısının müavini xatırladıb ki, ötən ilin aprel ayında Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib və bu görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri də iştirak edib: “Görüş zamanı nizamlama mahiyyəti üzrə danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər işlənib hazırlanıb. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi ilə bağlı tədbirlər var. Media nümayəndələrinin qarşılıqlı səfərləri razılaşdırılıb, tənzimləmə ilə bağlı bəzi ”düyün" məsələlər nəzərdən keçirilib. Bu təkliflərin bəziləri artıq həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti mövcuddur. Jurnalistlər qarşılıqlı səfərlər ediblər. Əsirlikdə saxlanılan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhbuslar üzrə iş davam edir. Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq üçün konkret addımlar atmaq niyyətindən xəbər verir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədəki son görüşündə də bu barədə müzakirə aparıldı. Tərəflər güzəştli həll axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu ab-havanı dəstəkləyirik. İşin davam etdirilməsi üçün əsas var. Əsas siyasi iradə göstərməkdir".
Doğrudur, ötən il sonu münaqişə tərəfləri humanitar xarakterli bəzi ortaq addımlar atıb. Həmçinin media nümayəndələrinin qarşılıqlı səfərləri baş tutub. Lakin reallıq belədir ki, bunlar nizamlama prosesində ciddi dinamikaya səbəb olmayıb. Çünki jurnalistlərin qarşılıqlı səfərləri də, bütövlükdə “xalq diplomatiyası” da o zaman effektli ola bilər ki, Dağlıq Qarabağ ixtilafı üzrə danışıqlar məhsuldar məcrada getsin, konfliktin həllində real siyasi anlaşma əldə olunsun. Bu anlaşma da yalnız Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasına başlanması ilə həyata “vəsiqə” qazana bilər.
*****
Bəs danışıqların ötən ay Cenevrədə baş tutmuş növbəti raundu, nəhayət, konfliktin dinc nizamlanmasına təkan verə bilərmi?
“Cenevrədəki 11 satlıq danışıqlar o deməkdir ki, dialoqun predmeti var, Qarabağa dair stol üstündə ssenari var”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov erməni KİV-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qarabağ konflikti üzrə danışıqlar prosesində artıq dəyişiklik baş verib. “Əminəm ki, hansısa müzakirə edilən sənəd var. Ancaq tərəflər bununla bağlı heç nə demir və konfidensiallıq rejimini gözləyir. Tərəflər arasında çətin və kəskin danışıqlar gedir”, - deyə o qeyd edib.
Tarasova görə, Azərbaycanın mövqeyi aydındır: “Bakı birmənalı şəkildə öz ərazi bütövlüyünü bərpa eləmək istəyir və danışıqlar masası arxasında kompromis axtarır. Tərəflər bəyan edir ki, ”Madrid prinsipləri" hüquqi sənəd deyil və yalnız danışıqlar üçün əsas kimi qəbul edilib. Həm Azərbaycan, həm də Ermənistan işarə ediblər ki, “Madrid prinsipləri” onları qane eləmir. Ancaq istənilən halda onlar bundan imtina da etməyiblər".
Rusiyalı ekspert hesab edir ki, əgər münaqişə tərəfləri danışıqları davam etdirirsə, bu, o deməkdir ki, “Madrid prinsipləri” modernləşdirilsə də, modernləşdirilməsə də, bütün hallarda işləkdir və hazırkı danışıqların əsasını təşkil edir. “İrəvana gəlincə, Nikol Paşinyan yeni oyun təklif edir. Mən bunu ”ikili standart" adlandırardım. Fikrimcə, Azərbaycan daha ardıcıl və dəqiq siyasət aparır. Rəsmi İrəvanın mövqeyi isə hələ ki aydın deyil. Bu sanki xokkey matçında futbol oynamağa bənzəyir", - deyə Tarasov sonda əlavə edib.
*****
Məsələ də ondadır ki, məhz işğalçı tərəfin, yumşaq desək, qeyri-konstruktiv, beynəlxalq hüquqla, Qarabağa dair qətnamələrlə bir araya sığmayana cığal mövqeyi illərdir sülh danışıqlarında irəli getməyə əsas əngəl olaraq qalır. Yaranmış durumda Azərbaycanın güc amilinə xüsusi önəm verməkdən savayı yolu qalmır. Silahlı Qüvvələrimiz qardaş Türkiyənin, digər dost dövlətlərin də dəstəyi ilə ildən-ildən öz döyüş qabiliyyətini və hərbi qüdrətini daha da artırır, ən müasir silahlar və döyüş sistemləri ilə təchiz olunur.
Bu arada Bakıda “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və istefada olan polkovnik Şair Ramaldanovun iştirakı ilə ölkəmizdə hərbi quruculuq sahəsindəki məsələlər, xüsusilə də Silahlı Qüvvələrin hazırlıq səviyyəsi, eləcə də regionda hərbi-siyasi vəziyyət müzakirə olunub. “Yeni Müsavat”ın «Trend»ə istinadən verdiyi məlumata görə, ekspertlər Azərbaycan Milli Ordusunun yüksək hazırlıq səviyyəsini və artan gücünü qeyd ediblər.
E.Ələsgərovun sözlərinə görə, beynəlxalq ekspertlər və nüfuzlu təşkilatlar Azərbaycan əsgərlərinin və zabitlərinin döyüş hazırlığını, ordunun artan gücünü yüksək qiymətləndirirlər. Öz növbəsində Ş.Ramaldanov komanda-qərargah heyətinin yüksək bilik və iş səviyyəsini, eləcə də keçirilən təlimlərin səmərəliliyini vurğulayıb: “Azərbaycan əsgərləri və zabitləri təkcə hərbi təlimlər zamanı deyil, həm də regional səviyyədə ən yaxşı nəticələri göstərir. Fikrimcə, Azərbaycan Ordusu döyüş və hərbi hazırlıq səviyyəsinə, eləcə də peşəkarlığına görə regionda birinci yeri tutur. Bu, o deməkdir ki, Azərbaycanda bu sahədə yüksək biliklərə və idarəetmə qabiliyyətinə malik yeni nəsil hərbi qulluçular yetişib. Eyni zamanda Azərbaycan hərbi-texniki əməkdaşlıq üçün açıqdır, bunu ölkənin NATO sülhməramlı proqramlarında fəal iştirakı, eləcə də regional və beynəlxalq səviyyələrdə müxtəlif hərbi tədbirlərdə yüksək nəticələri göstərir”.
Ekspertlər Azərbaycan hərbi qulluqçularının yüksək intellektual potensialını vurğulayıblar. Dövlət tərəfindən orduya böyük diqqət və qayğı xüsusilə vurğulanıb. E.Ələsgərov deyib: “Bunun bariz nümunəsi prezident İlham Əliyevin milli ordunun hərbi potensialının inkişafına və ordu sıralarında döyüş ruhunun yüksəlməsinə şəxsi töhfəsidir. Dövlət başçısının tez-tez hərbi hissələrə səfərləri, əsgər və zabitlərlə görüşləri Azərbaycanın hərbi gücünün artması üçün güclü stimuldur”.
Əlavə edək ki, nüfuzlu “Global Firepover” təşkilatının ötən il üçün hazırladığı hesabata əsasən, Azərbaycan dünyanın 52-ci, regionun isə ən güclü ordusuna sahibdir. İşğalçı Ermənistan isə 94-cü sırada yer alıb...