Bu gün Dağlıq Qarabağda separatçı hərəkatın başlanmasından 32 il ötür.
Oxu.Az-ın xəbərinə görə, 1988-ci ilin fevralın 13-də Xankəndidə “Miatsum” (Birləşmək) adı altında ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar.Separatçı dalğa daha sonra Ermənistana da keçdi. Həmin vaxta qədər gizli formada aparılan bu təxribat, nümayiş və mitinqlərlə müşahidə olunmağa start verdi.
1988-ci il fevralın 21-də Ermənistan əndazəni daha da aşdı.
Belə ki, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə növbədənkənar sessiya keçirildi.
Legitim olmayan iclasda vilayətin Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi.
Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirirdi. Onlar qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
Azərbaycanlılar isə buna səssiz qalmamışdılar. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
Lakin azğınlaşmış ermənilərdən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular. Bununla da Azərbaycan Qarabağda ilk dəfə şəhid verdi.
Ermənistanın Azərbaycana qarşı təxribatları, əssassız və ədalətsiz iddiaları Azərbaycanın torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi.