Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Mübariz İbrahimovun doğum günüdür.
Qəhrəman döyüşçümüz yaşasaydı, 32 yaşını qeyd edəcəkdi.Milli Qəhrəmanın qardaşı Bəhruz ibrahimov Azvision.az -a açıqlamasında bildirib ki, Mübariz İbrahimov doğum günlərini qeyd etməyi xoşlamırdı.
“Qardaşım təmtəraqlı məclislər qurmaq, doğum gününü qeyd etməyi xoşlamırdı. Ad günlərini adi günlərdən biri hesab edirdi. Bu gün onun doğum günüdür. Ailə üzvlərimizlə birlikdə onun məzarını ziyarət etdik, xatirəsini andıq. Gün ərzində çox sayda insan Mübarizin məzarını ziyarət edib, bir çoxları da evimizə gəlib".
B.İbrahimov deyib ki, qardaşı barədə xatirələrini danışmaq onun üçün çox çətindir: "Onunla bağlı xatirələri yada salmaq, keçmiş günlərə nəzər yetirmək mənə çətindir. Yaşca mən ondan böyük olsam da, Mübariz ruhən məndən böyük idi. O, əsl qəhrəmandır. Qəhrəman kimi dünyaya gəlib. Çalışırdı ki, torpaqlarımız azad olsun, insanlar öz evlərinə qayıtsınlar. Bu, onun ən böyük arzusu idi”.