Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
1988-ci il fevralın 7-də anadan olan gizir İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Qarabağın - Tərtərin Çaylı kəndi istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olmuşdu.Həmin hadisələrin xronologiyasını yada salırıq:
Çaylı kəndindəki həmni insidentdən qabaq Ermənistan rəhbərliyi təmas xəttində gərginliyi artırmağa hesablanmış təxribatlara yol verirdi. Belə ki, may ayının ortalarında iyun ayının ortalarına qədər atəşkəs 101 dəfə pozulmuş, xüsusən, Qarabağda təmas xəttində snayper və iri çaplı pulemyotlardan atəş halları artmışdı.
Digər tərəfdən, rəsmi Yerevan Qarabağla bağlı intensiv sülh danışıqlarının pozulmasına nail olmağa çalışırdı. Təsadüfi deyil ki, iyunun 17-də Sankt-Peterburqda Rusiya baş naziri Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş baş tutmuşdu. Görüşdən 30 saat sonra isə Yerevan təmas xəttində təxribata getdi.
İyunun 18-i axşam 23:30 radələrində düşmənin kəşfiyyat-diversiya qrupu Çaylı kəndində Milli Ordunun mövqelərinə hücum cəhdi etmişdi. Döyüş mövqelərinin müdafiəsi zamanı düşmənə əks-zərbə endirən gizir Mübariz İbrahimov təkbaşına 4 düşmən hərbçisini məhv etmiş, 4-nü isə yaralamışdı. Bu zaman özü də çoxsaylı güllə yarası alaraq şəhid olmuşdu.
İyunun 24-də Ermənistan prezidenti Serj Sarkisyan təcili Qarabağa gələrək separatçı rejimin rəhbərliyi ilə görüş keçirmişdi. O, təxribatın uğursuzluğu və çoxsaylı itkilərdən dolayı hərbi rəhbərliyə narazılığını ifadə etmişdi. Xankəndi hospitalında müalicə alan əsgərlərlə də görüşmüşdü.
Diversiya cəhdinin uğursuzluğundan şoka düşən Serj Sarkisyan 2010-cu ilin iyun ayından noyabrına qədər Mübarizə İbrahimovun meyitini Azərbaycan tərəfinə qaytarmaqdan imtina edirdi. Hətta Bütün Ermənilərin Katolikosu II Qaregin də sentyabrın 30-da Serj Sarkisyana humanitar addım olaraq Mübarizə İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılması üçün məktubla müraciət etmişdi. Lakin Ermənistan rəhbəri bu məktubu da cavabsız qoyaraq kilsə ilə gərginliyə yol açmışdı. Yerevan azərbaycanlı gizirin çoxsaylı düşmən hərbçisini məhv etməsinə görə ondan öz cılız qisaslarını almağa cəhdi edirdilər.
Beynəlxalq birliyin təzyiqi nəticəsində noyabrın 6-da Mübariz İbrahimovun cənazəsi Azərbaycan tərəfinə geri qaytarılmışdı. Mübariz İbrahimov təntənəli hərbi mərasimlə Bakının II Fəxri Xiyabanında dəfn olunub.
Amma düşmən Çaylı kəndində təxribatlarına son qoymamışdı. 2010-cu il sentyabrın 1-də Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu və Abdullayev Pərvin Nəbi oğlu düşmən təxribatı nəticəsində şəhid olmuşdular. (qaynarinfo.az)