Şok Qarabağ iddiası: Müqavilə hazırlanır - İngilis politoloq

Şok Qarabağ iddiası: Müqavilə hazırlanır - İngilis politoloq backend

Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həlli üçün danışıqlar prosesi getdikcə gərginləşir.

Son iki ayda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki görüş keçirib. Yanvarın son günlərində Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə son görüş iki gün davam etdi. 14-16 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü istisna edilmir.

Böyük Britaniyanın “Conciliation Resources” təşkilatının Cənubi Qafqaz proqramının direktoru, politoloq Lourens Broers münaqişə ətrafında gedən son proseslərə münasibət bildirib. Teleqraf.com onun erməni mediasına müsahibəsini təqdim edir.

- Cənab Broers, Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı danışıqların nəticələrini necə qiymətləndirirsiniz? Sülh prosesində ciddi dəyişikliklər gözlənilirmi?

- Düşünürəm ki, hazırda tərəflər münaqişənin iki tərəfini müzakirə edirlər. Birincisi, etimad tədbirlərinin gücləndirilməsi, ön cəbhədə gərginliyin azaldılması, başqa sözlə, münaqişələrin effektiv idarə olunması problemi müzakirə olunur. Yəni münaqişə şəraitində necə yaşamaq və daha az atəş açmaq olar? Digər tərəfdən, tənzimləmə prosesi ətrafında da müzakirə var. İrəvan və Bakı həll prinsiplərini, gələcək bir müqavilənin çərçivəsini və kompromis tapmaq yollarını müzakirə edir. Bu paralel bir prosesdir.

- Həmsədrlərin Cenevrədəki görüşdən sonra verdiyi açıqlamanı təhlil etsək, bu barədə nə demək olar? Bölgədə sülhə ümid bəsləmək olarmı?

- Açıqlama mənə maraqlı göründü. Orada, danışıqların intensivliyi və əsaslılığı vurğulanır ki, bu da Serj Sərkisyanın prezidentliyi dövründə Ermənistan və Azərbaycan liderlərinin görüşlərindən sonra verilən açıqlamalardan çox fərqlidir. Digər tərəfdən Cenevrə danışıqlarından sonra verilən bir açıqlama, sülh prosesindəki şiddətin səviyyəsini göstərir. Tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəlsələr də, artıq bir ildir ki, bu istiqamətdə xüsusi səy görmədik. İstisna, bütün ön xətt boyunca gərginliyin azalmasıdır. Münaqişənin sülh yolu ilə həlli üçün mövcud fikirlərin tənqidini də görürük, amma yeniləri hələ təklif olunmur. Bəyanatda münaqişənin dinc yolla nizamlanmasının elementləri və prinsiplərindən danışılması sevindirici haldır. Amma bu, yalnız əvvəllər tərəflərin razılaşdırdığı bütün humanitar tədbirlər ardıcıl olaraq həyata keçirildiyi təqdirdə vacib olacaq.

- Belə bir fikir var ki, Ermənistandakı “məxməri inqilab”dan sonra münaqişənin nizamlanması prosesi gücləndi. Bu fikirlə razısınız?

- Bəli və yox. Münaqişə tərəfləri qarşılıqlı şəkildə ön cəbhədə gərginliyi azaltmaq üçün addımlar atdı, bu da müsbət haldır. Bölgədə sülhün əhəmiyyəti və düşmən tonunun dəyişdirilməsi haqda açıqlamalar verildi. Ancaq ötən ilin yay aylarında sərt açıqlamaların şahidi olduq. Paşinyan “Qarabağ Ermənistanındır və nöqtə” dedi, Azərbaycan da buna eyni tonda cavab verməyə məcbur oldu. Nəticədə tərəflər əvvəlki mənfi atmosferə qayıtdılar. Bu baxımdan, sülh prosesi üçün bəyanatları real məzmunla doldurmaq, cəmiyyəti sülhə hazırlamaq üçün real addımlar atmaq çox vacibdir. Amma bəyanatlarla sülhü uzun müddət qoruyub saxlamaq mümkün olmayacaq.

- Münaqişə tərəfləri hazırda hansı sənədi müzakirə edirlər?

- Düşünürəm ki, tərəflər Madrid prinsiplərinin son variantını müzakirə edirlər. Ötən illər ərzində bir çox fikir ayrılıqları oldu. Bu sənədin tam olaraq nə olduğunu söyləmək çətindir, məlumat çox azdır.
Diaspora