Qarabağ “düyünü”nü açacaq qüvvə - diplomatiya, yoxsa...

Qarabağ “düyünü”nü açacaq qüvvə - diplomatiya, yoxsa... backend

Son danışıqlar ehtiyatlı nikbinliklə yanaşı, bədbinliyi də artırıb; azərbaycanlı politoloq: “Torpaqları azad etmək üçün ikinci və daha genişmiqyaslı aprel əməliyyatına ehtiyac var”; erməni politoloq: “Azərbaycan gec-tez öz hədəflərinə çatacaq...”

Ötən ayın sonunda Cenevrədə aparılan Qarabağ danışıqları və bu danışıqların ilk dəfə olaraq, ard-arda üç gün davam eləməsi konfliktin dinc həlli mümkünlüyü ilə bağlı ən müxtəlif diskussiyalara təkan verib. Yerli və əcnəbi analitiklər bu faktdan çıxış edərək, Güney Qafqazdakı ən üzücü münaqişəyə dair 2020-ci il üçün mümkün perspektivləri cızmağa çalışırlar.

Diqqətçəkicidir ki, əksər siyasi təhlilçilər problem ətrafında situasiyanın inkişafını ilk növbədə rəsmi İrəvanın ixtilafın həllində nə dərəcədə maraqlı olması, Ermənistandakı durum və Nikol Paşinyan hökumətinin daxili dayaqları ilə əlaqələndirirlər. Bu da məntiqlidir. Çünki işğalçı tərəf məlumdur, Azərbaycanın isə güzəştə gedəcəyi bir şey yoxdur. Rəsmi Bakı öz mövqeyini dəfələrlə bəyan edib və bu mövqe beynəlxalq hüquqa söykənir. Azərbaycan “Torpaq əvəzinə torpaq” variantına heç vaxt razı olmayacaq. Yalnız “Torpaq əvəzinə sülh” formulu yeganə ədalətli və real formul ola bilər.

Bəs bundan sonrakı yeni gözlənilər nədən ibarətdir? Bir neçə ekspert rəyini təqdim edirik.

*****

“Mən dəfələrlə demişəm ki, Nikol Paşinyanın dövründə Qarabağ problemi ilə bağlı hansısa irəliləyiş olacağına inanmıram. Hesab edirəm ki, bu hakimiyyət zəifdir və ona qarşı çox ciddi müqavimət var”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a müsahibəsində politoloq Eldar Namazov deyib.

O səbəbləri belə izah edir: “Paşinyanı devirmək istəyənlər - Köçəryanla Sərkisyan Petrosyan kimi loyal deyil. Onların 20 il ərzində qurduqları böyük bir şəbəkə və milyardlarla dollarlıq administrativ resurları var. Paşinyan onların qorxusundan heç bir addım atmaz, heç bir kompromisə getməz. Amma Paşinyan vacib bir funksiyanı yerinə yetirdi. Onun Qafanda çıxışı, əslində Minsk Qrupunun həmsədrlərinin uzun illərdir həm Sərkisyanın, həm də Köçəryanın dövründə tələb etdiyi şərtlərdən biri idi. Həmsədrlər bu məsələlərin cəmiyyətə açılmasını, işğal olunmuş ərazilərin azad olunmasını xalqdan gizli müzakirə edilməməsini tələb edirdi. Onlar deyirdilər ki, məhz ona görə cəmiyyətiniz bir qarış torpaq qaytarılmamasına köklənir. Yəni açın, bunu cəmiyyət də müzakirə eləsin və cəmiyyətin içində də rəsmi danışıqlardakı proseslərə uyğun proses getsin”.

Politoloqa görə, bu tələb istər Köçəryanın, istərsə də Sərkisyanın dövründə irəli sürülsə də, buna əməl edilməyib: “Yalnız Ermənistan və Dağlıq Qarabağdakı qondarma ”respublika"nın rəhbərliyi bilirdi ki, masanın üzərində nə var. Masanın üzərində Madrid prinsipləridir, həmin o prinsiplərə görə də Dağlıq Qarabağ ətrafındakı ərazilər azad olunmalı, ora azərbaycanlılar qayıtmalıdır. Bunu yalnız siyasi hakimiyyət bilir və cəmiyyətdən gizlədirdi. İndi Paşinyan hamısını açdı. Sərkisyan və Köçəryanın erməni cəmiyyətindən gizlətdiklərini Paşinyan dedi. Düzdür, bunu belə bir formada açdı ki, məndən əvvəlkilər bunu müzakirə edib, siz bununla razısınızmı? Dağlıq Qarabağda qondarma seçkilər olacaq, orada guya prezidentlik uğrunda mübarizə aparan namizədlərə müraciət etdi ki, siz bununla razısınız, ya yox? Əslinə qalsa, onun sayəsində Paşinyan bir güllə ilə bir neçə dovşan vurmaq istəyirdi".

Eldar Namazovun fikrincə, nə Rusiya, nə ABŞ, nə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağ konfliktinin həllində mərhələli plandan başqa çıxış yolu görmürlər. “Bu proses artıq başladı, planlar açıldı və deyildi. Ona görə də mənim üçün Paşinyanın bu açıqlamasında mənfi tərəflərdən başqa müsbət tərəf də var. O da bundan ibarətdir ki, ilk dəfə olaraq erməni cəmiyyətinə bütün baş verən proses ”İşğal olunmuş ərazilər qaytarılmalı, azərbaycanlılar öz doğma yurduna qayıtmalıdır" tezisi üzərində açıq şəkildə deyildi. 11 saatdan artıq davam edən danışıqların sonunda xarici işlər nazirlərinin də imzaladığı ümumi bir bəyanat oldu. Həmin bəyanatda prinsiplərin müzakirə olunması məsələsi qoyuldu", - deyə o qeyd edib.

Politoloqun qənaətincə, Paşinyanın əsas məqsədi vaxt qazanaraq öz hakimiyyətini gücləndirmək, Dağlıq Qarabağ separatçılarına özünə yaxın adamı rəhbər gətirməkdən ibarətdir. “Bütün bunlara baxmayaraq, biz oturub gözləməməliyik ki, Paşinyan hakimiyyətini möhkəmləndirib, sonra da müsbət addımlar atsın. Hesab edirəm ki, torpaqlarımızı azad etmək üçün ikinci genişmiqyaslı hərbi əməliyyata ehtiyac var. Bu, aprel döyüşlərindən də genişmiqyaslı olmalıdır. Ola bilsin ki, bu, məsələni birdəfəlik həll edəcək və əməliyyatdan sonra Dağlıq Qarabağ adında problem qalmayacaq. Bu əməliyyatın nəticəsində o qədər ciddi uğur əldə etmək olar ki, gerisini diplomatik yolla həll etmək olar. Bütün hallarda genişmiqyaslı hərbi əməliyyat keçirmədən torpaqlarımızn azad olunmasına nail olmayacağıq”, - deyə o, sonda əlavə edib.

*****

Öz növbəsində başqa bir tanınmış azərbaycanlı politoloq Qabil Hüseynli ehtimal edir ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması artıq işğalçı Ermənistanın qarşısına zəruri bir tələb kimi qoyulub. “Amma Ermənistan tərəfi heç 5 rayonun Azərbaycana qaytarılmasına hazır deyil. Ermənistan cəmiyyəti nə hazırda aparılan danışıqlara, nə də sülh prosesinə hazırdır. Ermənistanda millətçi, şovinist abı-hava hökm sürür, siyasi elitadan tutmuş, sıravi insanlara qədər hər kəs şovinizmlə zəhərlənib. Buna görə də hansısa bir açıqlama Ermənistanda bomba effekti yaradır, məsələlər həddən artıq şişirdilir. İlk növbədə Ermənistan hakimiyyəti cəmiyyətdən qorxur, bu səbəbdən də Qarabağla bağlı məlumatların ictimai rəyə sızmasını istəmir. Digər yandan, kimsəyə sirr deyil ki, Ermənistanın qarşısına ciddi tələblər qoyulur, ciddi təzyiqlər var”, - deyə politoloq vurğulayıb.

Onu sözlərinə görə, Avropa İttifaqı, Avropa Parlamenti, NATO kimi beynəlxalq qurumlar və ABŞ keçmiş SSRİ məkanındakı regional münaqişələrin həlli ilə bağlı konkret mövqeyini ortaya qoyub: “Bu mövqe də erməniləri ciddi şəkildə qıcıqlandırır. Çünki bu mövqe danışıqların ümumi məzmununa təsir edir, Ermənistandan ciddi güzəştə getməsi tələb edilir. Əlbəttə, Azərbaycanı da nəyəsə vadar etmək istəyirlər. Amma Azərbaycan bu tələblərə razılıq vermir, çünki söhbət ölkəmizin ərazi bütövlüyündən gedir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təklif olunur. Azərbaycan Ermənistana bundan artıq güzəşt edə bilməz, etməyəcək. Bu baxımdan münaqişə qızışmasın, danışıqlar prosesi pozulmasın deyə, məxfilik prinsipinin tətbiqi qərara alınıb. Mediaya aparılan danışıqlarla bağlı məhdud məlumatlar verilir”.

Problemin həllində Rusiyanın roluna gəlincə, politoloq hesab edir ki, Moskva, həmişəki kimi, 5 rayon məsələsinin üzərində dayanıb: “Rusiya Qarabağ münaqişəsindən maksimum divident qazanmağa çalışır. Hər iki tərəfi öz nəzarətində saxlamaq üçün 5 rayon və sülhməramlı qoşun məsələlərini ortaya atır. Moskva ”sülhməramlı qüvvə" deyəndə Rusiya qoşunlarının regionda yerləşdirilməsini nəzərdə tutur. Azərbaycan və Qərb isə Rusiyanın bölgədə “sülhpərvər rolu”nda çıxış etməsini qəbul etmək istəmir. Ümumiyyətlə, Rusiyanın bu məsələdə axıra qədər səmimi olduğunu söyləmək çox çətindir. Yəni Rusiyanın beynində olan əsas məsələ 5 rayonun geri qaytarılması ilə bağlıdır, Qərb isə 7 rayona israr edir".

*****

Bu arada erməni siyasi şərhçi Vaqe Ovanisyan öz məqaləsində Azərbaycan və Ermənistanın apardığı daxili və xarici siyasətini Dağlıq Qarabağ konflikti kontekstində müqayisə edib. “Yeni Müsavat”ın məlumatına görə, erməni təhlilçi Azərbaycanın gec-tez öz hədəflərinə nail olacağına əmin olduğunu vurğulayıb.

Ovanisyan yazır: “Bu ölkədə (Azərbaycanda - red.) dərin dəyişikliklər baş verir. Tendensiyaları, o cümlədən Ermənistanın kobud səhvlərini nəzərə alsaq, Azərbaycan olduqca maraqlı islahatlar həyata keçirir. Bu ölkə həqiqətən modernləşmə çərçivəsində yeni bir elitanın formalaşması prosesinin içindədir. Biz İrəvanda islahatlardan danışırkən, Bakıda onlar reallaşmaqdadır”.

Erməni ekspertin sözlərinə görə, Azərbaycan hərbi sferada Ermənistan üzərində güclü texnoloji üstünlük qazanıb: “İslahatları və hərbi üstünlüyü ciddiyə alsaq, Bakının Qarabağ məsələsində şanslarının necə artdığını təsəvvür eləmək olar. Azərbaycan bu istiqamətdə hərəkət edir. Azərbaycanla Ermənistan arasında kəskin rəqabət gedir və bu da dövləti daha tez və dərindən mödernləşdirməyə imkan verir. Ermənilərin faciəsi ondadır ki, Azərbaycanda bunu başa düşürlər, Ermənistanda isə yox”.

Münaqişənin nizamlanmasında Kremlin roluna gəlincə, erməni siyasi icmalçı bunları qeyd edib: “Bu gün - kritik Putin epoxası dövründə İrəvan Moskvaya münasibətdə həddən ziyadə təhlükəli səhvlər buraxır. Bəs birdən Rusiyanın yeni elitası regiondakı prioritetlərə təzədən baxdı? Belə bir şey tamamilə realdır. Bu isə Azərbaycan dövlətinin 10 ildən artıq çalışdığı və nəyin bahasına olur-olsun çatmaq istədiyi hədəfin reallaşması demək olacaq. Bunun əsasları artıq qoyulub və prosesin nəyə gətirəcəyini anlamaq çətin deyil”.

*****

Əlbəttə ki, Rusiyanın Ermənistanın arxasından çəkilməsi və ya münaqişədə neytral qalması yetər ki, Azərbaycan qısa zamanda öz ərazi bütövlüyünü bərpa eləsin. Bu isə ya diplomatiya ilə olacaq, ya da hərbi güc hesabına... (musavat.com)
Diaspora