Paşinyan ailəsi ilə Qarabağa getdi, restoranda dava saldı

Paşinyan ailəsi ilə Qarabağa getdi, restoranda dava saldı backend

Ermənistanın baş naziri Nikol Paşinyan həftəsonu ailəsi ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib və burada "hərbi xidmət"də olan oğlu ilə görüşüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan Qarabağdakı restoranlardan birində yemək yeyib, sonra qəbz tələb edib. Lakin baş nazirə deyilib ki, aparat yeni gətirilib və əməkdaşlar onu işlədə bilmirlər.
Bunu eşidən Paşinyan restoranda dava salıb, separatçı rejimin "vergi orqanına" şikayət edib, həmçinin əsgərlərə 10% endirimin edilməsini yersiz adlandırıb. Onun sözlərinə görə, qəbz verməyən sahibkarlıq subyektləri büdcədən oğurluq edirlər.

Paşinyana cavab isə özünü çox gözlətməyib. Restoran sahibi, kinorejissor Arşak Zakaryan özünün "Facebook" səhifəsində Paşinyanın Qarabağdakı restoranların birində səbəb olduğu qalmaqalın təfərrüatlarını açıqlayıb.

Zakaryanın sözlərinə görə, Paşinyan və ailə üzvləri bazar günü oğlunu ziyarət etmək üçün Qarabağa gəliblər. Onlar restoranda nahar ediblər və sonda Paşinyan işçilərdən qəbz tələb edib. Ona kassa aparatını işlədə bilmədikləri deyiləndə, Paşinyan restoran işçilərini əsgərin çörəyini oğurlamaqda ittiham edib.

Ardınca Qarabağdakı separatçı rejimin “dövlət nazirin”ə zəng edərək obyekt sahibinin cərimələnməsini tələb edib. Separatçı rejimin “vergi məmurları” restorana baş çəkib və cərimə tətbiq ediblər. Zakaryan daha böyük cərimə ödəməyə hazır olduğunu etiraf edib, ancaq Painyanın onları əsgər çörəyini oğurlamaqda ittiham etrməsindən qəzəbləndiyini gizlətməyib.

"Biz indi əsgər çörəyini oğurlayan adam olduq? "Mənim addımım" bloku və ya “Vətəndaş razılaşması” tərəfi çörək tədarükçüləri olublar? Bu cür səs-küy yaratmaq və etiket nümayişi sadəcə bir məmur üçün, Ermənistanın baş naziri və ümumiyyətlə, kişi üçün ədəbsizlikdir.

Biz dağlarda yaşayırıq, burada biznes qurmaq asan deyil. Ən yaxın mağaza təhlükəli döngələrdə yerləşir. Bir şey lazım olarsa, almaq üçün 65 km yol getmək lazımdır. Bundan manipulyasiya etmək, utancverici şəkildə istifadə etmək yox, vəziyyəti başa düşmək lazımdır.

Bütün bunlar haqqında danışmazdım, əgər biz əsgər çörəyini oğurlamaqda günahlandırılmasaydıq. Biz əsgərlərə çörək veririk. Bu cür qorxaq davranış sadəcə ayıbdır".
Diaspora