Yanvarın 29-u və 30-unda Cenevrədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında növbəti danışıqlar raundu baş tutub.
Qaziler.az xəbər verir ki, “AzPolitika.info” Cenevrə danışıqları, müzakirə olunan məsələlər, tərəflərin mövqeyi və mümkün nəticələr haqqında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbət edib.- Tofiq müəllim, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşikin iştirakı ilə, Cenevrədə iki gün Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıb. Bu görüşə dair qiymətləndirməniz nədən ibarətdir?
- Qeyd edim ki, danışıqlardan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın məlum bəyanatı olub və bu əks-səda doğurub. Paşinyanın Qarabağ danışıqlarına dair sənədləri ictimaiyyətə çatdırması və işğal edilən torpaqların azad edilməməsini vurğulaması, bəri başdan danışıqlar prosesini şübhə altına almışdı. Yəni, bu onu göstərirdi ki, Paşinyan Cenevrə görüşündən əvvəl hazırlıq görüb və bir növ, çərçivə formalaşdırıb. O mənada ki, danışıqlarda erməni tərəfi bu çərçivədən kənara çıxa bilməz. Onun diplomatik sözlərini kənara qoysaq görərik ki, Paşinyanın öz aləmində cızdığı çərçivə içərisində Azərbaycan üçün maraqlı olan heç bir məsələ qalmayıb. Əgər, torpaq azad edilmirsə, onda Azərbaycanın bu danışıqlardan nəsə gözləməsi mənasızdır!
Müharibə olmasa, ermənilər torpaqları azad edən deyil! Ancaq həmsədrlər və Ermənistanın keçmiş rəhbərləri ayrı bir taktikadan istifadə edirdilər. Yəni münaqişəni uzatmaq və göstərmək ki, danışıqlar prosesi gedir, hansısa məsələlər müzakirə edilir. Guya sabah 3-5 rayon, birisi günü 7 rayon azad ediləcək və s.
Fikrimcə, indiki halda həmsədrlər bu prosesi davam etdirməkdə maraqlıdırlar. Əks təqdirdə camaata deyilməlidir ki, əgər danışıqlarla torpaq azad edilmirsə, deməli, müharibə ehtimalı var! Bu vəziyyəti aradan qaldırmaq üçün, indiki proseslər gedir.
- Cenevrədə iki gün danışıqlar aparılıb. Azərbaycan XİN-i danışıqların mahiyyətinə dair qısa bəyanat yayıb. Sizcə, diplomatlar iki gün ərzində hansı məsələləri müzakirə ediblər?
- Onlar oturub fikirləşiblər ki, camaata nə deyək... Ortada sadə bir məntiq var. Biz nə deyək ki, həm sizə yaxşı olsun, həm də bizə. Yəni elə təəssürat yaradaq ki, guya nəsə baş verir, proses davam edir. Onların danışıqlardan sonrakı bəyanatlarına baxaq. Deyirlər ki, bizim üçün ən vacib məsələlərdən biri danışıqların gizli saxlanılmasıdır. Ən vacib budur... Üzr istəyirəm, foks göstərirlər ki, ən vacib məsələ danışıqların qapalı olmasıdır? İndi özünüz nəticə çıxara bilərsiniz. Açıq danışaq, mənə elə gəlir ki, bunlar özlərini gülünc vəziyyətə salırlar. Bunlara inanan da yoxdur, onlar da bilmirlər, nə desinlər. Başa düşürük ki, kimsə, nəsə deməlidir. Paşinyan tələblərinin səviyyəsini elə yüksək götürüb ki, bunun nəticəsində heç imitasiya üçün də danışıqlara yer qalmır. Vəziyyət bundan ibarətdir və biz bunu yaxşı başa düşməliyik. Açığı, mən gözləyirəm ki, nazir Cenevrədən qayıtdıqdan sonra normal və reallığı əks etdirən bəyanat versin. Əgər, bu baş verməsə, hansısa siyasi addımlar atmağın vaxtı çatardı. Bilmirəm, aksiya və ya piket etmək olar. Demək lazımdır ki, bizə düzünü desinlər. Ancaq yalandan nəsə düzəltmək, guya orada nəsə proses gedir, bu artıq satqınlığa oxşayır və mən bunu qəbul etmirəm! Əsas sual bundan ibarətdir: bizə deyin ki, orada nə baş verib və biz nə edəcəyimizi bilək!
- Azərbaycan XİN-in bəyanatında qeyd edilir ki, danışıqlar əsasən 2019-cu ildə irəli sürülən təkliflər, əldə edilən razılaşmalar, münaqişənin Helsinki Yekun Aktının prinsipləri, müddəaları əsasında və münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi müzakirə edilib. Bu məqamları necə anlamaq lazımdır?
- Bilirsinizmi, camaatı dolamaq lazım deyil. Ay media işçiləri, həkimlər, mühəndislər Ermənistana getdi, oradan bura gəldilər. Bu gülüncdür. Elə bil onkoloji xəstə ilə bağlı deyirsən ki, gəl ona “Aspirin” içirək, bəlkə düzəldi. Bilirsinizmi, bu ciddi məsələdir. Yüz minlərlə insan evindən didərgin düşüb, torpaqlar işğal edilib, ərazilərimizdə qanunsuz məskunlaşma prosesi gedir. Onlar açıq elan edirlər ki, biz etnik təmizləmələrin nəticəsində bu torpaqları anneksiya edirik. Bu cür ciddi məsələ ortada ola-ola gəlib nağıl danışırlar. Ay müxbirlər gedirlər, ay mühəndislər gəlirlər. Bu nədir?
- Münaqişə “Helsinki Yekun Aktının prinsip və müddəaları əsasənda həll edilməlidir” deyiləndə, biz nəyi başa düşməliyik?
- Helsinki Yekun Aktında müəyyən prinsiplər var. Münaqişələrin sülh yolu ilə həlli, güc yolu ilə sərhədlərin dəyişdirilməməsi və s. Əslində istənilən tərəf orada, özü üçün prinsip tapa bilər.
- Xalqların öz müqəddaratını təyin etmə hüququnu da...
- Bəli. Ərazi bütövlüyünün qorunması və s. Yəni istənilən tərəfin xarici siyasəti burada prinsiplər tapa bilər. Beynəlxalq təşkilatlar, vasitəçilər sən dediyini də yazır, qarşı tərəf dediyini də. Sonra, kim istəyir öz xeyrinə nəsə tapa bilər. Bir daha qeyd edirəm, söhbət ayrı bir şeydən gedir. Bu adam, yəni Paşinyan konkret deyir ki, torpaqları işğal etmişəm, etnik təmizləmə aparmışam və indi öz ölkəmə birləşdirirəm. Onun mövqeyi bundan ibarətdir. Mən məntiqə əsaslanaraq deyirəm ki, əgər ermənilər bu mövqelərindən geri çəkilirlərsə, biz danışıqlar aparaq. Yox, əgər bu mövqedə qalırlarsa, onda bizim nəsə axtarmaq və gözləməyimiz mənasızdır.
- Sizcə, indiki situasiyada rəsmi Bakı hansı addımları atmalıdır?
- Birincisi, nazirlər gəlib danışıqlar prosesində nələrin baş verdiyini deməlidir. Ümumi söhbətlərə ehtiyac yoxdur. Bratislavadan gəlib müsahibə verəndə deyib ki, icmalar bir-birilə görüşsün və s. Guya formatı dəyişmək olar. Cənab Prezident isə Yeni İl çıxışında açıq bəyan etdi ki, Azərbaycan danışıqlar prosesində formatı dəyişən deyil. Yəni, iki ölkə arasında olan konfliktlə bağlı danışıqlar, indiyə qədər hansı formatda gedibsə, bundan sonra da o formatda davam etdiriləcək. Mənim başım çıxmır, nazir bu halda niyə başqa fikirlər danışır!? Gəlib desin və biz də bilək ki, orada nə baş verir. Məsələn, sən orada hansı məsələləri müzakirə etmisən? Onlar torpaqlarımızın azad edilməsi üçün danışıqlar aparmağa hazırdırlar, ya yox? Əgər hazır deyillərsə, o zaman bu danışıqlar bizə lazım deyil.
- Paşinyan mövqeyini elan etdi, ondan əvvəlki hakimiyyətin apardığı danışıqların mahiyyətini açıqladı. Bu halda Azərbaycanın yeganə həll variantı kimi müharibə göründü. Bundan sonra həmsədrlər çalışdı ki, tərəfləri bir araya gətirib dialoqu davam etdirsin və proses nəzarətdən çıxmasın. Əgər erməni tərəfin mövqeyində dəyişikliklər olmayacaqsa, bu danışıqların perspektivi necə olacaq?
- Azərbaycan ictimaiyyətini sakitləşdirmək üçün həmsədrlər danışıqlar prosesini canlandırmaq istəyir. Yəni, proses gedir. Həmsədrlər bunun davam etdirilməsi haqda düşünür. İndi Azərbaycanın daxili siyasətində vacib bir mərhələ müşahidə edilir. Ölkə parlament seçkiləri dövrünü yaşayır. Bu seçkilərin əsas məsələsi namizədlərin Qarabağ məsələsinə aid mövqeyi olmalıdır. Seçkilərdən sonra parlament formalaşdıqda, yaxşı olardı ki, deputatlar Qarabağ fraksiyası yaratsın, dinləmələr keçirilsin. Və hökumət bu və ya digər addımlar atmalıdır. Hesab edirəm ki, bu, bizim üçün yaxşı bir hadisə olardı. Seçkilər keçirilir, siyasi fəallıq var, insanlar namizədlərlə görüşür, onların proqramı ilə tanış olur.
Baxın, Paşinyan iki gündən bir ətrafına 5-10 nəfər toplayıb çıxış edir və bunun əsasında həmsədrlərə təzyiq göstərir. İndi niyə təkcə nazirin, diplomatların və ya cənab Prezidentin rəyi əsasında Azərbaycanın mövqeyi formalaşsın? Mən hesab edirəm ki, formalaşan mövqeyə bu və ya digər şəkildə Azərbaycan ictimaiyyətinin dəstəyini vermək lazımdır. Bu halda, biz daha əsasla və təkidlə mövqeyimizi nümayiş etdirə bilərik. Təklif odur ki, seçkilərin təbliğat-təşviqat mərhələsinə az müddət qalır və görüşlərdə namizədlər seçicilərə Qarabağ haqda fikirlərini açıqlasınlar. Düşünürəm ki, seçicilər də, bu məsələdəki mövqelərinə görə deputatlara səs verəcəklər!