Dünyada baş verən siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı hadisələr son vaxtlar sadəcə çoxalmayıb, elə bir miqyas alıb və həm də təhlükəli istiqamətdə cərəyan edir ki, hamısını izləmək və bu işlərin necə sonuclanacağını proqnoz etmək çətinləşib.
Bütün dünyanı həyəcanda saxlayan koronavirus, Brexitin nəticəsi kimi Avropanın sözün həqiqi mənasında çalxalanması, Rusiyada çevrilişə bərabər yeni konstitusiyanın hazırlanması, Belarusun Rusiya təsirindən çıxma yoluna qədəm qoyub ABŞ-ın himayəsinə keçmə xətti tutaraq enerji problemlərini Rusiyanın bir nömrəli rəqibi ilə həll etmə səyləri, Yaxın Şərqdə Mahmud Abbasın İsrail və ABŞ-ı tamam rədd etməsi, Suriya problemi və sairə dünya gündəmini zəbt etmiş bu hadisələr imkan vermir ki, biz də lap köhnədən qalma Qarabağ dərdimizi gündəmə gətirək.Amma, bizim köhnə konfliktdə də yeniliklər baş verib - Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü bu dəfə 11 saat davam edib. Gördüyünüz kimi bizim məhəllədə də yenilik var və son illərlə müqayisədə görüşün saat hesabı uzanmasına (hələ ki, başqa heç nə yoxdur) hər iki tərəf ehtiyatla və şübhə ilə yanaşırlar. Bu ehtiyatlılığın səbəblərindən ən birincisi, söhbətin əsl mahiyətinin gizli tutulması ilə əlaqədar hər iki tərəfin rəsmi açıqlamasıdır. İndiki halda istər qalib Ermənistan, istərsə də məğlub Azərbaycan ictimaiyyətində sual yaranır: bizdən nəyi gizlədirlər?
Ermənistan cəmiyyəti fikirləşir ki, yəqin işğal etdikləri torpaqları Paşinyan hakimiyyəti Azərbaycana qaytarmaq niyyətindədir və buna görə xalqdan və bu mövzunu tez-tez gündəmə gətirib hakimiyyəti gözdən salmaq istəyən müxalifətdən gizlədirlər. Azərbaycan tərəfi də fikirləşir ki, yəqin Laçın və Kəlbəcər rayonları da daxil olmaqla Dağlıq Qarabağa müstəqillik verilməsi və bununla da təslimçiliyə imza atılacağı barədə danışıqlar aparılır və buna görə də hakimiyyət diqqəti əsas məsələdən yayındırmaq istəyir.
Rəsmi açıqlamalarda yenə xalqları sülhə hazırlamaq, humanitar addımlar atılması-yəni əsir və girovların dəyişdirilməsi, qarşılıqlı səfərlərin yenidən təşkil edilməsi barədə fikirlər yer almaqdadır. Göründüyü kimi Ermənistan tərəf yenə münaqişənin həllini uzatmaq üçün ikinci, üçüncü dərəcəli məsələləri ortaya atıb diqqəti əsas istiqamətdən yayındırmaqdır. Təəssüf ki, Azərbaycan tərəf illərdir ki, düşmənin bu məkrli oyununun qurbanına çevrilib. Amma, bu oyunu bir oyunla pozmaq olar- güc nümayiş etdirməklə. Və bu gücü aprel döyüşləri kimi 22 ildən bir göstərmək lazım deyil. Bu gücü düşmən hər zaman hiss etməli idi və o zaman özü üçün müəyyən etdiyi qeyri-müəyyənliklə bizi dalan vəziyyətinə sala bilməzdi.
Bir daha təəssüf ki, bu humanitar oyunlardan bizim siyasətdə yararlanmaq, bu işi özlərinə siyasi kapital hesab edənlər var. Yəni, baxın, “mən filan girovu, əsiri geri aldım”. Allah bütün əsirləri, girovları əzizlərinə qovuşdursun, amma ortada vətənin işğalı davam etdiyi halda ölüm-itim olur, hər birimiz üçün belə bir tale mümkündür və torpaqları azad etmək hər şeydən öndədir! Və yaxud hansısa qarşılıqlı səfərlər, görüşlər baş qatmaqdan, oyuna gəlməkdən başqa bir şey deyil. Bu işlər paralel halda aparılmalıdır, amma əsas zərbəni torpaqlarımızı işğaldan azad etməyə vurmaq lazımdır.
Fikrimizin əvvəlində dediyimiz kimi dünya öz həssas dönəmini yaşayır, biz isə 30 ildən çoxdur həssas deyil, əzabla uzanan dönəmimizi yaşamaqda davam edirik. Bir həftədən sonra olacaq parlament seçkisi isə bundan əvvəlki seçkilərdən xüsusi fərqlənmədiyi üçün Azərbaycan siyasi istibleşmenti üçün həssas dönəm sayıla bilməz. Həssas dönəm Qarabağdır və onun “qırmızı xətti” də bəllidir, ona görə nəyisə gizlətməyin ömrü məlum vaxt qədərdir.