Bu gün torpaqların bütövlüyü uğrunda canından keçən şəhid Qalib Behbudovun anım günüdür.
Behbudov Qalib Ziyadxan oğlu 1971 –ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 10 uşaqlı ailənin sonbeşiyi olan Qalib 1991-ci ildə Birinci Qarabağ müharibəsində iştirak etmək üçün özünümüdafiə dəstələrinə qoşulur. Qarakənd, Abdal Gülablı kəndləri və Güneypəyə yüksəkliyi uğrunda gedən döyüşlərdə igidcəsinə döyüşür. Sonuncu döyüşü isə, 1994-cü il fevralın 1-də olur. Qalib, işğal altında olan Novruzlu kəndində cəmləşən erməni silahlı dəstələrinin üzərinə gedir. Ərazini beş barmağı kimi tanıyan Qalib xeyli sayda erməni məhv edir.Qalib, onlarla erməni hərbçini məhv etdikdən sonra 23 yaşında şəhid olur. Lakin, onun meyitini götürmək mümkün olmur. Bu xəbər, Mərzli kəndindən köçkün düşdükdən sonra, Göyçayın Qara Məryəm kəndində məskunlaşan ailəyə çatır. Bir məzarı olmayan Qalibə yas tuturlar. Sonradan, ölkənin müxtəlif rayonlarında köçkün həyatı yaşamağa başlayırlar. Lakin hara getsələr, Qalibin qorxmazlığı və torpaqların bütövlüyü uğrunda göstərdiyi şücaət onların köksünü qabardır.
Ailə, daha sonra “Ergi” düzü adlanan əraziyə qayıdır. Tək səbəb, bu ərazilərin Mərzili və Novruzlu kəndinə yaxın olması idi. Qalibin atasının vəsiyyəti üzrə onların ailə fərdlərindən kim rəhmətə gedərsə, məzar daşlarına Qalibin də şəklini əks etdirirlər. Beləcə, Qalibin də bir məzarı olduğunu düşünürlər.