Qazilər.az saytı Azərbaycanın tanınmış jurnalisti, yazıçı - publisist, Azərbaycan, rus, ingilis, türk, malay dillərindən nəşr olunan 12 kitab müəllifi, əslən Xocalıdan olan, Xocalı soyqırımın canlı şahidi Səriyyə Müslüm qızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabından esseləri təqdim edəcək. Hələlik 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın tanınmış jurnalisti mərhum Məmməd Nazimoğlunun Xocalıda qətlə yetirilən 63 uşağın taleyindən bəhs edən kitaba yazdığı ön sözü təqdim edirik. Qeyd edək ki, M.Nazimoğlu sözügedən kitabın redaktoru olub. Ardınca isə 63 uşağın hər biri haqqında kiçik esseləri yayımlayacağıq.
Onlar heç vaxt böyüməyəcəklər...
Oxucu! Bu kitab uşaqlar haqqındadır. Ancaq kitabda nə uşaq nəğmələri var, nə onların çəkdiyi şəkillər, nə yazdıqları şerlər, nə də qulaq asdıqları nağıllar. Onlar heç vaxt böyüməyəcəklər. Onlar həmişə uşaq olaraq qalacaqlar. Onlar azərbaycanlıların ürəyindən heç vaxt silinməyəcək bir nisgil, bir dərd, bir qubardırlar. Çünki bu nisgil, bu dərd, bu qubar bizim ürəyimizə qanla yazılıb. Amma biz qanı qanla silmədik. Niyə? Bu müdhiş sual təkcə Xocalı faciəsini yaşayan azərbaycanlılar üçün deyil. Bu suala dünyanın bütün xalqları cavab tapmalıdır.
Biz böyük faciələrin içindən dikəlib duran, öz dərdini öz içində yaşadan xalqıq. Biz dünyaya car çəkib dərdlərimizi heç kimə çatdırmırıq. Heç bu kitab da dərdlərimizin salnaməsi deyil. Biz bu kitabı ona görə hazırladıq ki, təkcə Xocalı uşaqlarının deyil, dünyanın bütün uşaqlarının faciəsini bəyan edək. Bəli, bu kitab-ömrü yarımçıq qalmış cocuqların böyüklərə etiraz bəyanatıdır.
İnsan da bütün canlılar kimi dünyaya gəlir, yaşayır, qocalır, ölür. Bu, təbiət qanunlarına tabe olan adi həyat düsturudur. Ancaq insan bəzən həmin düsturu pozur. Özü özünə qənim kəsilir, özü özünün ömrünü yarıda kəsir. Ona görə də göylərdən səda gəlir ki, insanın insanı öldürməsi Allaha qarşı çıxmaqdı. Biz hamımız Tanrının bəndəsiyik və ona görə də heç kim valideynini və vətənini özü seçmir. Bu seçim Tanrıya məxsusdur.
1992-ci il fevralın 26-da ermənilər Allaha qarşı çıxdılar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə hücum edib 613 nəfərin ömrünü yarıda qoydular, onlardan 63-ü uşaq; 106-sı qadın, 70-i qoca, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyn, 130 uşaq bir valideyinini itirmiş 657 nəfəri əlil etdilər, 1275 nəfəri girov götürdülər. Girov götürülənlərdən 150-sinin taleyi hələ də məlum deyil. Tarix çoxlu qanlı hadisələrin şahidi olub. Ancaq qadınların, qocaların və uşaqların qanına qəltan edildiyi Xocalı faciəsinin dəhşətlərini yaşamaq, onun sarsıntılarana dözmək insan iradəsindən kənardadır.
Hər il fevralın 26-da milyonlarla azərbaycanlı erməni qaniçənliyinin dəhşətlərini əks etdirən videolentlərə baxıb sarsılır. Həmin kadrları lentə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ döyüşləri zamanı öz peşə borcunu yerinə yetirərkən həlak olmüş Çingiz Mustafayev köçürüb. Bu kadrların yazılı təsvirini vermək yəqin ki, heç bir qələm adamına nəsib olmayacaq. Çünki, vəhşiliyin, qaniçənliyin, dəhşətin mənzərəsi o qədər dərindir ki, insan təxəyyülü bunu ifadə edə biləcək söz tapmaqda acizdir.
Xocalı faciəsində 63 uşaq və yeniyetmə qətlə yetirilib. Bu qətllər o qədər qəddarlıqla həyata keçirilib ki, həmin qətliama qarşı üsyan kimi “uşaqların günahı nəydi” sualını verə bilmirsən. Çünki, ermənilərin güllələdikləri insanlara qarşı nifrəti o qədər güclüdür ki, həmin nifrətin qarşılığında “uşaqların günahı nəydi” sualı çox bəsit görünərdi. Uşağın nə günahı ola bilər ki? Qanına qəltan edilmiş Xocalı uşaqlarının bircə suçu vardı: onlar azərbaycanlı idilər!
Bu uşaqlar heç vaxt şərqi deməyəcək, şəkil çəkməyəcək, şer deməyəcək, nağıla qulaq asmayacaqlar.
Heç kim onlara “böyüyəndə kim olacaqsan” sualını verməyəcək!
Onların yarımçıq arzuları üstündə dünyanın dərdi göyərəcək.
İnsanlar, elə edin ki, bu dərd kök atmasın!