Dünyanın gözü Liviya, Suriya, Ukraynada...yaddan çıxır Qarabağ?

Dünyanın gözü Liviya, Suriya, Ukraynada...yaddan çıxır Qarabağ? backend

Qabil Hüseynli: “Hərbi əməliyyatlarla dünyanı silkələmək lazımdır”

Dünya liderləri üçün Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək, deyəsən, arxi-aktual mövzuya çevrilib. Onlar daha Qarabağ üçün toplanmırlar, ikitərəfli və ya üçtərəfli görüşlərdə işğal edilmiş ərazilərimiz haqda dialoq yoxdur.

Liviya böhranı üçün Berlinə toplaşmış liderlər daha əvvəl “Normand formatı”nda Ukrayna üçün yığışmışdılar. Suriya məsələsi də onların gündəmində olur. Di gəl Qarabağ problemi yada düşmür.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, V çağırış üzrə deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Qarabağ münaqişəsi müzakirə olunmur və eyni zamanda beynəlxalq təşkilatlar üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Onun fikrincə, Liviya hadisələri beynəlxalq hüquq normalarının işləmədiyini göstərdi: “Ancaq gücə arxalanan böyük dövlətlərin hüquqları tanınır. Ona görə də istər Qarabağ, istərsə də postsovet ölkələrinin ərazi bütövlüyü problemləri ilə bağlı müvafiq addım atılmır. Beynəlxaq hüquq normaları bir kağız parçasıdır və gücün hüququna hörmət yetirilir”.

A.Mollazadə hesab edir ki, Ermənistan tərəfi danışıqlarda imitasiya siyasəti yürüdür: “Təəssüf ki, Qarabağ məsələsi dünya liderləri tərəfindən müzakirə olunmur. Ermənistan isə danışıq aparmır, danışıqların imitasiyası ilə məşğuldur, beynalxalq ictimaiyyəti aldadır. Eyni zamanda imkanlı erməni lobbiçilərin informasiya müharibəsi status-kvoya bəraət qazandırmaq məqsədi daşıyır”.

Politoloq Qabil Hüseynli hesab edir ki, dünyanı silkələmək lazımdır. Onun sözlərinə görə, bunu Azərbaycan ordusu edə bilər. Ekspertin fikrincə, Azərbaycan hərbi əməliyyatlara başlasa, o zaman dünyanın diqqətini daha çox cəlb etmək mümkündür.

“Məsələnin siyasi yolla həlli, ATƏT-in Minsk Qrupu vasitəsilə danışıqlar prosesi başımızı qatmaqdadır. Halbuki dünyanın başqa regionlarında, o cümlədən indi Liviya ilə bağlı təsirli reaksiyaların şahidiyik. Sözsüz ki, nəticələr yoxdur, amma diqqət mərkəzində saxlayırlar. Ona görə də Qarabağla bağlı ermənilərin dünyaya sırıdığı uydurmaları alt-üst etmək üçün bu gedişlə hərbi əməliyyatlara başlamalı olacağıq. Başqa cür təsir etmək olmur və dünya ikili standartlara üstünlük verməkdə davam etməkdədir”, - deyə Q.Hüseynli qeyd etdi.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar görüşü hələlik planlaşdırılmır. Bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. O qeyd edib ki, bu barədə danışmaq hələ tezdir.

Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi ilə bağlı suala gəldikdə isə Mnatsakanyan cavab verib ki, uyğun zamanda tərəflər bu barədə məlumat verəcəklər.

Z.Mnatsakanyan onu da qeyd edib ki, son 25 ildə ATƏT-in Minsk Qrupu çərçivəsində müxtəlif yanaşmalar və ideyalar formalaşdırılıb. Mnatsakanyan bu müstəvini daha effektiv hesab etdiklərini bildirib: “Bütün bunlar bizim üçün mühüm və prinsipialdır. Danışıqlar prosesi 25 ildir ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam edir və bu, ən təsirli və beynəlxalq səviyyədə tanınan formatdır”.

Ən nəhayət, Mnatsakanyan həyasızcasına onu da qeyd edib ki, guya Ermənistan danışıqlar masasından yayınmağa cəhd göstərmir. Belə olsaydı, o zaman Ermənistan dövlət başçıları səviyyəsində görüş keçirilməsində maraqlı olardı. Hansı ki, prezident İlham Əliyev hər vaxt görüşə hazır olduğunu deyir.

Maraqlıdır, Ermənistan yüksək səviyyədə görüşdən niyə yayınır? Niyə erməni rəsmiləri yüksək səviyyədə görüşün keçirilməsinə hazır olduqlarını demirlər?

Çünki Paşinyan hakimiyyəti Qarabağ danışıqları ilə bağlı status-kvonun dəyişməsində maraqlı deyil. Başqa bir tərəfdən, haradasa 3 aydan sonra Paşinyanın hakimiyyətə gəlməsinin 2 ili tamam olacaq.

Erməni mətbuatı yazır ki, Paşinyanın reytinqi xeyli aşağı düşüb. Hətta belə fikirlər səslənir ki, guya ABŞ Paşinyanın yerinə yeni adam axtarır. Gedişat onu göstərir ki, Paşinyan hakimiyyətindən çox narahatdır.

Bütün bunlar onu göstərir ki, Paşinyanın ölkə daxilində sosial bazası getdikcə daha da azalır. Belə olan halda, Paşinyan Qarabağla bağlı sərt açıqlamalar verməklə istəyir ki, reytinqini süni surətdə artırsın.

“Yeni Müsavat”
Diaspora