Ermənistana ən böyük güzəştimiz - atəşkəs rejiminə dözüm sonsuz olmayacaq

Ermənistana ən böyük güzəştimiz - atəşkəs rejiminə dözüm sonsuz olmayacaq backend

İşğalçı ölkə 2020-yə hansı göstəricilərlə girib - müqayisəli rəqəmlər, acınacaqlı faktlar; azərbaycanlı hərbi ekspert: “Havada düşməni azı, 3-4 qat üstələyirik..”

Qarabağ münaqişəsi, heç şübhəsiz, ən çox işğalçı Ermənistanı inkişafdan saxlayır. Çünki hər hansı faydalı təbii qaynağı olmayan, dünya okeanına çıxışdan məhrum olan kasad Ermənistan region ölkələri içərisində qonşu dövlətlərlə inteqrasiyaya ən güclü ehtiyac duyan ölkədir. Odur ki, sağlam məntiq ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ixtilafının tezliklə həllində maraqlı olmasını diktə edir. Di gəl, hazırkı baş nazir Niokol Paşinyan da daxil, erməni rəhbərlərinin hamısı öz xalqına “xəyal plov” yedizdirib və yedizdirməkdə davam edir.

2019-cu ilin yekunlarına həsr olunan müşavirədə Azərbaycan prezidenti İlham Əliyev çıxışında Azərbaycan və Ermənistanın iqtisadi və hərbi gücünü də müqayisə elədi. Fərq təbii ki, bütünlüklə işğalçı ölkənin ziyanınadır. Bu da məntiqlidir. Blokada və təcrid vəziyyətində olan, bütün böyük regional iqtisadi və kommunikasiya layihələrindən məhrum edilmiş, ordusuna çağırışçı problemi yaşayan təcavüzkar Ermənistan nə insan və təbii resurslar baxımından, nə də iqtisadi-maliyyə göstəriciləri üzrə Azərbaycanla ayaqlaşa bilməz.

Bunun yekunu kimi ölkəmiz işğalçı üzərində öz hərbi üstünlüyünü də qoruyub saxlamaqda və artırmaqdadır. Bu üstünlüyün təzahürlərindən biri prezidentin də vurğuladığı kimi, Azərbaycanda hər il inşa edilən yeni hərbi şəhərciklər və hərbi hissələrdir. Bundan əlavə, yerli hərbi sənaye artıq inkişaf relsi üzərinə qoyulub.

““Nüfuzlu ”News & World Report" mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən dünyanın ən güclü ölkələrinin siyahısı müəyyən edilmişdir. Siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. Ermənistanın isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişafın templərinə görə isə bizim yerimiz dünya miqyasında 35-cidir". Bu sözləri İlham Əliyev sonuncu müşavirədəki çıxışı zamanı söylədi.

Dövlət başçısı həmçinin dünyanın ən güclü orduları reytinqində Azərbaycanın 52-ci, Ermənistanın isə 96-cı yerdə olduğunu xatırladaraq dedi: “O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə ”Global Firepower 2019" hesabatıdır".

*****

Bununla belə, düşmən ölkənin rəsmiləri öz ictimaiyyətini çaşdırmaq üçün reallıqla uzlaşmayan nikbin bəyanatlar verməkdə davam edirlər. Son zamanlar isə erməni mediasında işğalçı ölkənin Rusiyadan aldığı Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya işğalçı ordunun silahlanmasını gücləndirməsi və Azərbaycan ərazisində demək olar ki, istənilən hədəfi, o cümlədən hava hücumundan müdafiə sistemlərini susdurma qabiliyyətinə malik olması barədə məlumatlar yayılmaqdadır.

Lakin uzun müddət Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hava hücumu təhdidlərinə qarşı HHQ-nin qabiliyyətlərinin hesablanması üzrə mütəxəssis, hazırda ehtiyatda olan polkovnik Oqtay Bədəlov düşmən tərəfin öyünməsi üçün əsas olmadığını bildirib (Axar.az): “Su-30SM yüksək manevretmə imkanına malikdir, fazalaşdırılmış anten qəfəsli radiolokator, idarəetmə vektorlu mühərrik və ön üfüqi quyruğu ilə təchiz edilib. Xarici mətbuatda dəfələrlə bu tip təyyarələrin texniki çatışmazlığı barədə də xəbərlər verilib. O da bildirilir ki, Su-30SM qırıcılarının avionikası, naviqasiya sistemi ilə bağlı hələ də problemlər var və hətta onun AL-31F güc qurğusunun məhdud resursu mövcuddur. Bütün bunlar Su-30SM təyyarəsinin hələ də istismar edilməsi, döyüşdə tətbiq olunması üzrə təcrübə toplamasından xəbər verir və bu təyyarənin bütün üstünlükləri və mənfi cəhətlərini müəyyən etmək üçün kifayət qədər vaxt tələb olunacağına işarədir”.

Polkovnikin sözlərinə görə, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (RƏM) sistemlərinə malikdir: “Mövcud və perspektivdə mümkün ola biləcək təhdid və risklərə əsaslanaraq hava sərhədlərinin və mühüm dövlət obyektlərinin mühafizəsini təmin etmək üçün Azərbaycan öz HHM sistemini daim müasir vasitələrlə zənginləşdirir. Azərbaycan Hərbi Hava Qüvvələri qərargahının keçmiş zabiti kimi əminliklə qeyd edə bilərəm ki, Azərbaycanın HHM sistemi hazırda İspaniyanın ”İndra" şirkəti tərəfindən istehsal olunan, sutka ərzində istismar edilən və düşmənin bütün mövcud hava hücumu vasitələrinin (aerodinamik və ballistik) aşkar edilməsi, müşayiət olunmasına malik orta və uzaq mənzilli müasir “Lanza” radiolokasiya stansiyalari ilə əlavə olaraq təchiz edilib. Hava düşməninin yuxarıda göstərilən təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın hava hücumundan müdafiə qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, PUA, qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “İldırım-8" və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir. Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına və raket qoşunlarına malik Azərbaycan Ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir”.

Hərbi ekspert sonda qeyd edib ki, Ermənistanın 4 Su-30SM döyüş təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksini alaraq silahlanmada hər hansı üstünlüyə malik olması barədə bəyanatı əsassızdır və daxili auditoriyaya hesablanıb: “Məndə belə bir məntiqi sual yaranır ki, axı nə üçün Ermənistan müasir yüksək texnoloji Su-35, Su-57 və ”Pantsir S1M" silahlarını almadı? Cavab çox sadədir - Ermənistan istehsalçı ölkədən artıq ona lazım olmayan silahları əldə edib. Ermənistanın bu silahları almasına baxmayaraq, Azərbaycan HHQ yenə də düşmən tərəfini ən azı 3-4 qat üstələyir".

*****

Diplomatik meydanlarda da Azərbaycan öz haqq işini ildən-ilə daha güclü şəkildə müdafiə və təbliğ etməkdədir. Bunun nəticəsidir ki, hər il daha çox sayda dövlət Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi açıq şəkildə dəstəkləyir, münaqişə ilə bağlı ədalətli qərar və qətnamələrə səs verir. Buna son nümunə kimi ötən ilin oktyabrında Bakıda keçirilmiş 120 ölkəni birləşdirən Qoşulmamaq Hərəkatının zirvə toplantısında qəbul edilən Yekun Bəyannaməni göstərmək olar. Rəsmi Bakı eyni zamanda ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsi - Rusiya, ABŞ və Fransa ilə bu yöndə aktiv diplomatiya yürütməkdə davam edir.

“Dağlıq Qarabağ münaqişəsinin istənilən həllinə BMT qətnamələri daxil etməlidir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Modern.az-a müsahibəsində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross deyib.

“Artıq 25 ildən çox müddətdir bölgəni matəmə bürüyən və sabitliyi pozan bu münaqişə, hamımızın arzuladığımız təhlükəsizliyin gələcəyini və firavanlığı təhlükə altına alır. Hər iki tərəfdəki ailələrə çox sayda tələfatlar üz verib və təəssüf ki, tələfat verməkdə davam edir. Bu məsələnin mürəkkəbliyini yaxşı anlayıram, əminəm ki, ədalətli və davamlı diplomatik həlli yolu, səmimi danışıqlar yolu ilə həll yolundan başqa çıxış yolu yoxdur. Nə qədər ki, dialoq var, ümid var və mən nikbinəm, çünki Ermənistan və Azərbaycan Minsk Qrupunun həmsədrliyi altında bu dialoqu davam etdirmək əzmindədirlər”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Fransa açıq şəkildə status-kvonun qəbul edilməzliyi mövqeyindədir: “Rusiya Federasiyası və ABŞ ilə sıx əlaqədə olaraq, prosesə dinamik təkan vermək üçün Fransa səylərini əsirgəmir. Məsələn, 2019-cu ilin yanvar ayında Fransanın Xarici İşlər Nazirliyində ”Xalqları sülhə hazırlamaq" kimi təşəbbüsü irəli sürmək üçün cənab nazir Elmar Məmmədyarov və erməni həmkarını bir araya gətirən toplantı təşkil edilmişdi. Tərəfdaşları ilə müntəzəm görüş zamanı Fransa prezidenti Emmanuel Makron şəxsən bu münaqişə ilə bağlı fikir mübadiləsi aparır. Aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli öz yanaşmasına beynəlxalq hüquqda təsbit olunmuş standartları, o cümlədən BMT qətnamələrini və Helsinki Yekun Aktının əsas prinsiplərini daxil etməlidir. Bu təbii ki, tərəflərin siyasi iradəsini və güzəştə getməsini nəzərdə tutur".

Lakin siyasi iradəni ilk növbədə Ermənistan göstərməlidir. Çünki işğalçı tərəf odur. Azərbaycanın ən böyük güzəşti isə elə bu işğala illərdir dözüm göstərməsidir...

“Yeni Müsavat”
Diaspora