Düşmənə qan udduran Milli Qəhrəmanın anım günüdür

Düşmənə qan udduran Milli Qəhrəmanın anım günüdür backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.

Azvision.az -ın məlumatına görə, İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.
Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur polis işçisi kimi ilk günlərdən vətənin müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib.

Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun böyük rolu olub. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanıb. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkiliblər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub. Onlarla erməni işğalçını məhv edib.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəman Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Diaspora