Bu gün şəhid Sənan Rüstəmovun doğum günüdür

Bu gün şəhid Sənan Rüstəmovun doğum günüdür backend

Bu gün Azərbaycanımızın qəhrəman oğlu Sənan Rüstəmovun doğum günüdür.

Yaşasaydı...Amma yaşaya bilmədi! İşindəki vətən sevgisi, namus, qeyrət onu ən uca zirvəyə - Şəhidlik zirvəsinə apardı!

Qaziler.az saytı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun Sənanın şəhid olduğu əməliyyatla bağlı lent.az saytında yayılan xatirəsinin bir hissəsini təqdim edirik...

“...1992-ci il, mayın 15-i ermənilər Abdal Gülablı kəndinə hücum edərək işğal etmişdi... Bu döyüşdə Azərbaycanın Milli Qəhrəmanı polkovnik - leytenant Şirin Mirzəyevin batalyonunun və Ağdamdakı digər özünümüdafiə dəstələrinin qüvvələrinin əsgər və zabitləri iştirak edirdi. Kəndləri azad etmək üçün əks hücuma keçdik...

******* ******* ******* *******

...İdarə etdiyi vertolyotu düşmən vurandan sonra ermənilər tərəfə düşən və yaralı halda əsir götürülən polkovnik-leytenant Şuvaryovu azad etmək üçün hücuma keçdik. Bu elə surətlə baş verdi ki, ermənilər geri qaçmağa başladılar. Sənan Rüstəmov Şuvaryovu çıxararaq nisbətən təhlükəsiz yerə gətirdi.

Sonra bəlli oldu ki, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolent ermənilər tərəfdə qalıb.

Sənan heç kəsi gözləmədən yenidən düşmən tərəfə qayıdır, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolenti götürüb, geri dönür. Bu zaman BMP-nin üstündəki iri çaplı pulemyotdan atılan atəşlə Sənanı vururlar. Bu hadisə mənim yaddaşımda əbədi olaraq, bax, beləcə qaldı:

Sənan necə şəhid oldu...

...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür...

Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Artıq nə mənası var...

Çox gənc olmasına baxmayaraq, Sənanla dəfələr dərdləşmişdim. Keçmişindən çox danışmışdı. On doqquz yaşlı gəncin keçmişindən nə qədər danışmaq olarsa... Həzin və şirin səsi vardı Sənanın. Təbi gələndə bir də gördün avtomatını tar kimi sinəsinə çarpazlayıb oxuyur... Ən çox da “Qarabağın maralı”nı oxuyurdu. Bilirdim ki, sevdiyi var. Hərdən özü söz salardı ondan, arada soruşurdum ki, kimdir sevdiyin? Cavab verməzdi, yayınardı cavabdan. Cəmi bir gün əvvəl bunları demişdi mənə:

- Qaqa, saa deyəjəm! Amma heç kimə demə ha! Papam bilsə...

Amma yenə demədi. Vədinə əməl etmək qismət olmadı.

İndi gözəl bir yaz günündə, təbiətin ən füsunkar çağında, insanın qanının qaynadığı, yaşamaq eşqinin artdığı bir vaxtda bu sevdalı gənc oğlan qollarım arasında can verirdi.

Heyf! Onda sevdiyi qızın adını təkidlə soruşmadığıma peşman idim. Amma gec idi, çox gec... Çünki indi o, ruhu Tanrı dərgahına hazırlaşan bir yaralıydı. Bir az sonra isə Şəhid olmuş cəsədi ana və bacısının qarşısında ağrıya, təsəlliyə çevriləcəkdi...

Gözlərindən yaş axmağa başladı. Göz yaşları barıt tüstüsünə, palçığa və qana batmış sifətindən çənəsinə doğru iki çığır açdı.

...Uşaqlar növbəti həmlə ilə irəli atıldılar. Ermənilər bu qəfil və olduqca cəsarətli həmlədən özlərini itirib, qaçmağa üz tutdular. O qədər çaşmışdılar ki, təptəzə BMP-ni də işlək vəziyyətdə döyüş meydanında qoyub qaçırdılar. Hamısı qaçsa da, BMP-nin pulemyotçusu, Sənanı vuran erməni ələ keçdi.

Ziyad süngü bıçağının arxası - küt yeri ilə o erməninin başına vura-vura öldürdü...

Həlak olandan sonra Sənanın əsgər paltarının cibindən Şuvaryovun sənədi çıxdı. Şirin Mirzəyevin tapşırığı ilə Rauf Fərəcov bu sənədi Bakıda hərbi hospitalda yatan yaralı Şuvaryova verir. Şuvaryov Raufdan xahiş edir ki, onu və qiymətli sənədləri xilas edən əsgərə təşəkkür etsin! Rauf ona deyəndə ki, o əsgər şəhid olub, Şuvaryov ağlayır...

SƏNAN

Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub, Ağdam şəhər 2 saylı orta məktəbi bitirib. Ağdamda Qurban Pirimov adına 2 saylı musiqi məktəbinin tar şöbəsində oxuyub. “Qarabağ bülbülləri“ ansamblının fəal üzvü olub. Elə uşaqlıqdan idmana böyük maraq göstərən Sənan hələ 16 yaşı olmasına baxmayaraq, kişilər arasında sambo güləşi üzrə respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib.

1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur, hamı kimi gecələr ermənilərlə üzbəüz kəndlərimizdə keşik çəkir. 1991-ci ilin may ayında sovet ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qarabağda ermənilərin fəallaşmasından, onların kəndlərimizə tez-tez hücum etmələrindən narahat olan Sənan sovet ordusunda xidmətdən imtina edərək, 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduqlarını bildirir. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçındərbənddə (“Xaçınstroy”) yerləşən Şirin Mirzəyevin batalyonuna gələrək orada xidmətini davam etdirir.

1992-ci il yanvar ayında Ağdərənin Umudlu kəndində erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan ayağından yaralanır.

O, 1992-ci il mart ayında Ş.Mirəzyevin tapşırığı ilə düşmən qüvvələrinin arxasına keçərək Xankəndində yerləşən N saylı hərbi hissədən mühüm əhəmiyyətli xəritəni götürmək məqsədi ilə həyata keçirilən əməliyyatda kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, kəşfiyyatçılar Əlabbas İsgəndərov və Aydınla birlikdə iştirak edir.

Sənan Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşub.

Xüsusi ilə qeyd edim ki, Sənanın atası Əkbər Rüstəmov digər iki oğlu - Sarvan və Kənan da torpaqlarımızın erməni təcavüzündən müdafiəsində əvvəldən axıra qədər iştirak ediblər. Ata üç oğlu ilə birlikdə vətənin müdafiəsinə qalxıb. Əslində Rüstəmovlar ailəsi cəmiyyətimiz üçün örnək ola biləcək bir ailədir.

Sənanın uzaqgörənliyi

Bir dəfə səhərə yaxın kəşfiyyatdan qayıdıb batalyona gəldik. Yuyunub, adama bir stəkan isti çay içib, sonra yatıb dincəlməliydik. Kimsə xəbər gətirdi ki, bir qəhrəman döyüşçünün valideyninə qarşı hansısa məmur haqsızlıq edilib. Onda biz çox narahat olduq, o haqsızlıq edən adamın dərhal tapılıb cəzalandırılması üçün dostlara xəbər göndərdik. Hamımız “Belə də haqsızlıq olar?”, “Belə də ədalətsizlik olar?” deyə bərk əsəbiləşmişdik.

Bunu özümüzə əməlli-başlı dərd eləmişdik. Bax onda Sənan müharibədən sonra mənim dəfələrlə şahidi olacağım hadisəni öncədən görürmüş kimi dilinə gətirdi:

- Eh, ay uşaqlar! Hələ bu nədir ki, təki sağlıq olsun! Müharibə qurtarandan sonra qaçıb gizlənən fərari gədələr o qədər bizim valideynlərimizə, əzizlərimizə qarşı belə ədalətsizlik edəcəklər ki, bu onların yanında toya getməli olacaq.
Diaspora