Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar prosesində Ermənistan tərəfi çox əlverişli gündəmi itirdi. Bu gündəm Ermənistan hakimiyyətinin səyləri sayəsində əldən verilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bildirib."Nəticədə, bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının faktiki olaraq legitimliyi aldığını görürük. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin müxtəlif rəsmiləri danışırlar. Bu, son dərəcə təhlükəli məsələdir. Növbəti problem hakimiyyətin səsləndirdiyi düsturdur. Həmin düstura görə, istənilən nizamlama Ermənistan, Azərbaycan və Qarabağ üçün əlverişli olmalıdır. Bu, "öz müqəddəratını təyinetmə hüququ" ilə tamamilə ziddiyyət təşkil edir”, - deyə Şahnazaryan əlavə edib.
Onun sözlərinə görə, indi Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən zərərçəkmiş kimi qəbul edilir və ölkə daha bir hərbi hücuma haqq qazandıra biləcək dəlillər arsenalını əldə edib.
Şahnazaryan hesab edir ki, hərbi əməliyyatlar təhlükəsi xeyli artıb və müharibə hər an başlaya bilər: “Biz yeni bir hərbi əməliyyat şəraitində nə təmas xəttinin müdafiəsini, nə də ölkə siyasətini praktiki olaraq Kalaşnikov avtomatına belə sahib olmayan bir adamın həyata keçirə bilməyəcəyini anlamalıyıq”.