Gələn il “aprel savaşı” daha geniş miqyasda təkrarlana bilər? - gözlənti

Gələn il “aprel savaşı” daha geniş miqyasda təkrarlana bilər? - gözlənti backend

Danışıqların səmərəsizliyi işğalçı tərəfə yeni və daha böyük itkilər vəd edir; erməni hərbi ekspert: “Ermənistan hər cür ssenariyə hazır olmalıdır...”

Yeni 2020-ci ilin girməsinə sayılı həftələr qaldı. Artıq əminliklə söyləmək olar ki, Qarabağla bağlı müharibə riskləri olduğu kimi növbəti ilə keçir. Hətta bu risklərin daha da böyüdüyünü söyləmək mümkündür. Bu da müstəsna olaraq, işğalçı Ermənistanın sülhü əlçatmaz edən mövqeyi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin təcavüzkara münasibətdə davam edən loyallığı ilə birbaşa bağlıdır.

Sülh anlaşması üçün daha bir ilin itirilməsi, şübhəsiz ki, yeni müharibənin bir az da yaxınlaşması deməkdir. Bəzən belə iddialar səslənir ki, həmsədrlər konfliktin həlli üçün yalnız tövsiyə, təklif verə bilərlər, problemin həlli ilə bağlı isə ilk növbədə tərəflər - Azərbaycan və Ermənistan anlaşmalıdır. Lakin göründüyü kimi, özünü Qarabağ müharibəsinin qalibi sayan İrəvan dinc və ədalətli anlaşmanı yaxına buraxmır. Bakıdan, faktiki, kapitulyasiya aktına imza atmağı, yəni Dağlıq Qarabağdakı separatçı qurumu müstəqil tərəf və müstəqil dövlət kimi tanımağı şərt kimi qoyur.

Bu isə təbii ki, heç vaxt mümkün olmayacaq. Həm də o səbəbə ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 məlum qətnaməsi var və vasitəçi dövlətlərin də səs verdiyi bu sənədləri heç kim ləğv eləməyib. Məsələ də ondadır ki, həmin sənədləri Minsk Qrupu həmsədrləri sanki unudublar. Demək olar, heç vaxt yada salmırlar.

Halbuki həmsədrlər vaxtaşırı “konfliktin həlli ilk növbədə bu qətnamələrin əsasında olmalı, işğalçı qoşunlar Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalıdır” bəyanatını verə bilərdilər və bu, nəinki beynəlxalq hüquqa, eləcə də onların mandatına tam uyğun olardı. Eyni zamanda işğalçı ölkə özünü yığışdırar, Qarabağ məsələsində maksimalist və perspektivsiz mövqedən vaz keçərdi, status-kvo da bunca uzanmazdı. Başqa yandan, Azərbaycan və Ermənistan öz aralarında dinc yolla anlaşacaqdılarsa, vasitəçilərə nə ehtiyac var idi ki?

Bunlar olmadığı üçün Azərbaycan cəmiyyətində sülh danışıqlarına inam sarsılıb. Müharibə - torpaqların işğaldan azad edilməsi üçün yeganə variant kimi qəbul edilir. Növbəti ildə də konfliktin dinc nizamlanması yönündə ciddi dönüş olmazsa, böyük ehtimalla, bu variant, ən azından 2016-cı ildəki “4 günlük müharibə” ssenarisi daha geniş miqyasda nəzərdə tutulmaqla masa üzərinə gələcək.

*****

Bir çox analitiklərə görə, 2020-ci ildə bu variant kifayət qədər realdır. Nəticə barədə isə baş sındırmağa dəymir. Təhlilçilər hesab edirlər ki, Azərbaycan istər iqtisadi, istərsə də hərbi planda Ermənistandan güclü olduğu üçün istənilən hərbi əməliyyatda qalib gələcək. Təbii ki, Rusiya amili ciddiyə alınmaqla. Ekspertlərdən birinin vurğuladığı kimi, Azərbaycanın hərbi potensialı güclü və peşəkardır, o səbəbə Bakı xaricdən heç kimin hərbi köməyinə ehtiyac duymur. Bundan əlavə, hesab edilir ki, ehtiyatda olan hərbçiləri də orduya çağırmağa lüzum yoxdur. Nədən ki, Azərbaycan ordusu problemi hətta könüllülərsiz də həll edə bilər.

Bu, doğrudan da belədir. Yeganə əngəlləyici amil, vurğulandığı kimi, Rusiya amilidir. Ancaq Rusiya da anlamamış deyil ki, atəşkəs rejimi sonsuzadək uzana, Azərbaycan sonsuzadək öz ərazisində işğalçı qüvvələrə dözüm göstərə bilməz. Yeni müharibə isə Moskvanın regional maraqlarına cavab vermir. Çünki o halda Rusiyanın birdən-birə bölgənin iki açar dövləti ilə - Azərbaycan və Türkiyə ilə münasibətləri ciddi imtahandan keçməli olacaq. Hansı iki dövlətlə ki, şimal qonşumuz yetərincə geniş əlaqələrə malikdir. Hətta bu əlaqələr strateji xarakter daşıyır. Odur ki, Moskva da tələsməlidir.

*****

Deputat-politoloq Asim Mollazadə hesab edir ki, bütün hallarda Azərbaycan tərəfi öz işini davam etdirməli, güclənməlidir: “Əslində Qarabağ münaqişəsinə dair bir neçə səngər var. Yalnız bizim hərbçilərimizin mövqe tutduğu ərazilər səngər deyil. Daha doğrusu, bu hərbi səngərdir. Amma diplomatik sahədə, informasiya müharibəsi səngərləri də var. Dünyaya səpələnən ermənilər Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Biz də bu istiqamətdə öz işlərimizi gücləndirməli və təcavüzkara layiqli cavab verməliyik”.

2019-cu ildə Azərbaycan diplomatiyasının Qarabağ fəaliyyətinə toxunan Asim Mollazadəyə görə, milli diplomatiya bu sahədə daha güclü fəaliyyət göstərməlidir.

Yəqin ki, belə də olacaq. Çünki Qarabağ uğrunda mübarizə təkcə səngərlərdə getmir. Diplomatiya və beynəlxalq arenada təbliğat sahəsində fəaliyyət isə sözsüz ki, həm də qardaş Türkiyə ilə sinxron şəkildə aparılmalıdır. Çox məmnunedici haldır ki, 2019-cu ildə iki qardaş ölkə arasında bütün sahələr, o cümlədən hərbi və hərbi-texniki sferalar üzrə əməkdaşlıq yüksələn xətt üzrə davam edib. Ortaq hərbi təlimlər, ələlxüsus Naxçıvanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı görülən tədbirlər buna sübutdur.

*****

Düşmən tərəf də ildən-ilə güclənən Azərbaycan-Türkiyə müttəfiqliyini təbii ki, görür və bundan nəticə çıxarmaya bilməz. Hərçənd işğalçı ölkədə başqa mövzuda təlaşlar da özünü büruzə verməkdədir. Məsələn, erməni hərbi ekspert David Camalyan “Revu” verilişində çıxışı zamanı iddia edib ki, “Türkiyə ilə Azərbaycan ölkələr arasında birbaşa quru dəhlizinin hərbi yolla bərpası ilə bağlı gizli anlaşıblar”.

Onun sözlərinə görə, Ankara və Bakının strateji hədəfi Meqrini geri qaytarmaqdan ibarətdir: “Rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Biz isə hazırda illüziyalar qurmaqdayıq. Ermənistan tərəfi hər cür ssenariyə hazır olmalıdır. Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan Rusiya ilə də uğurlu siyasət yürüdür. Kremlə bu gün öz böyük layihələrində Azərbaycanın iştirak etməsi vacibdir. Bakı isə öz növbəsində bunu anlayır və Qarabağ məsələsində maksimum irəliləməyə çalışır. Bütün bunlar davam edərsə, bu, bizim üçün qəbuledilməz bir ssenaridir. Kremldəki strateji tərəfdaşlarımız bizim də ”qırmızı xəttimiz" olduğunu açıq şəkildə bilməlidirlər".

Bu, əlbəttə ki, izolyasiya rejimində olan işğalçı ölkədəki panik ovqatın göstəricisidir və əsla “müharibə qalibi”nə xas deyil. Eyni zamanda məntiqlidir. Çünki özünü Qarabağ müharibəsinin qalibi sayan Ermənistan neçə on illikdir bu “qələbəni” legitimləşdirə bilmir. Hətta heç özü Dağlıq Qarabağdakı qondarma qurumu tanımağa cürət eləmir. İrəvanın, erməni lobbisinin bunca səylərinə, Azərbaycan əleyhinə apardıqları təbliğat və yalan kampaniyasına rəğmən, beynəlxalq birlik ölkəmizin ərazi bütövlüyünü tanımaqda davam edir. Bu isə o deməkdir ki, dünya Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa eləmək haqqını da tanıyır. Ermənistanı narahat edən ən əvvəl budur. Amma seçim ermənilərin özünündür.

*****

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan yenə də destruktiv siyasətini davam etdirir”.

Bu sözləri dünən jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaradır. İlk növbədə Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir.

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə toxunan Hikmət Hacıyev deyib ki, erməni jurnalistlərin ölkəmizə səfər edərək öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırmaları vacib şərtlərdən biridir.

“Nəzərə almaq lazımdır ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmalarına ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”, - deyə administrasiya rəsmisi qeyd edib. (musavat.com)
Diaspora