Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin yekunlarına münasibət bildirib.
APA-nın məlumatına görə, H. Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam edir.H. Hacıyev qeyd edib ki, ancaq Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir: “Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır. İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir. Jurnalistlərin qarşılıqlı səfərlərinə gəldikdə, erməni jurnalistlərin Azərbaycana səfər edərək, öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir. Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.