İrəvana savaş xəbərdarlığı - 2020-ci ildə “sükut” pozula bilər

İrəvana savaş xəbərdarlığı - 2020-ci ildə “sükut” pozula bilər backend

Azərbaycanın seçkilərdən sonra tam hərəkətə keçməsi gözlənilir; ekspertlər deyir ki...

Azərbaycanın seçkilərdən sonra tam hərəkətə keçməsi gözlənilir; ekspertlər deyir ki...
Ermənistanın Dağlıq Qarabağla bağlı aparılan danışıqlara zərbə vurmaq cəhdi hər zaman aydın şəkildə müşahidə olunur. Bratislava görüşündə tərəflər növbəti dəfə, xarici işlər nazirləri səviyyəsində bir araya gəlməyə razılaşsalar da, rəsmi İrəvan ümidverici nəticələrin əldə olunması istiqamətində heç bir addım atmır, sadəcə, növbətçi danışıqları uzatmaqla məşğuldur.

“Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinin yekunları barədə keçirdiyi mətbuat konfransında deyib. Report-un xəbərinə görə, o bildirib ki, Ermənistan tərəfi bu səfər ətrafında şou təşkil edib. “Düşünürəm ki, rəsmi kanallar çərçivəsində irəliləyiş olmasa, xalq diplomatiyasının Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi təsiri olmayacaq”.

Mərkəz sədri Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənəd barədə də danışıb. O qeyd edib ki, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur. F.Şəfiyev sənəddə Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın mövqeyinin dəstəkləndiyini vurğulayıb. Mərkəz sədri əlavə edib ki, sənəddə həmçinin geosiyasi məsələlərlə yanaşı, humanitar məsələlər də əksini tapıb. Eyni zamanda deyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsini həll edən deyil: “Lakin onların problemin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur”.

O bildirib ki, əsas məsələ bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir: “Bildiyiniz kimi, Avropa Komissiyası yenidən formalaşmaqdadır. Avropa Komissiyası Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri, Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayında səsləndirdiyi ”Miatsum" bəyanatını pisləyir".

Mərkəz sədri deyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çalışır: “Avropa Komissiyası də münaqişənin həllində öz fəal rolunu görmür. Onlar, sadəcə, müəyyən layihələrə dəstək verə bilər. Əsas odur ki, Avropa Birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir”.

Qeyd edək ki, rəsmi Bakı Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bəyan edib. Ancaq beynəlxalq təşkilatların erməni işğalına son qoymaqdan ötrü prinsipiallıq göstərməməsi etirazlar doğurur. Üstəlik, həmsədrlər “müharibə etməyin” çağırışını tərəflərə ünvanlayıblar ki, bu da işğalı stimullaşdırır. Ardınca Parisdə dörd liderin bir araya gələrək Ukrayna-Rusiya gərginliyini müzakirə etməsi, Qarabağ məsələsinə isə önəm verməməsi suallar doğurub.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, bu görüşdə Qarabağ məsələsindən danışılmaması və onun gündəmə gətirilməməsi təbiidir: “Çünki danışıqların predmeti Qarabağ deyil, Donbasdır. Amma dünyadakı münaqişələrin başında Qarabağ gəlir və SSRİ dağılar-dağılmaz Qarabağda bu qarşıdurma başlayıb və arxasınca başqa münaqişələr doğub. Əslində problemlərin həlli üçün barometr rolunu Qarabağ məsələsinin həlli ilə başlamalıdırlar. Qarabağ bu mənada arxa planda qala bilməz. Ümid edirik ki, Rusiya bu məsələdə müəyyən güzəştlər edib geri addım atacaq. Əgər Rusiya bu məsələdə haqsız duruma düşərsə, ardınca onun Qarabağ məsələsində geri addım atmasına zəmin yaranacaq”.

Q.Çaxmaqlı əmindir ki, həmsədr ölkələr, o cümlədən Rusiya Qarabağ məsələsinə digər münaqişələrdən fərqli münasibət bəsləyir: “Rusiya öz müttəfiqi Ermənistanı açıq olmasa da dəstəkləməkdədir. Qarabağın Ermənistan tərəfindən işğalına şərait yaradan ölkə onun Azərbaycana geri verilməsinə razılaşarmı?”

Bu arada “Nə hərb, nə sülh” şəraitində ermənilərin artan narahatlığı diqqət çəkir. Məsələn, təqaüddə olan erməni polkovnik Arkadi Karapetyan yerli mediaya müsahibəsində tərəflərin hərbi gücü haqda danışıb: “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan qat-qat güclüdür. Müharibə yenidən alovlanarsa, Ermənistan mütləq məğlub olacaq”.

Xarici ekspertlər də vəziyyətin uzun müddət belə davam etməyəcəyi qənaətindədirlər: “Azərbaycan 2020-ci ildə antiterror əməliyyatına başlayacaq. Bunu artıq dəqiq demək olar. Amma bu, çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burada səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsidə, Qarabağda baş tutacaq”.

Bu sözləri axar.az-a ukraynalı politoloq Nataliya Belous deyib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olması bu hərbi əməliyyatların tez bir zamanda və uğurla başa çatmasına zəmanət verir: “Hazırda hər şey geosiyasi dəyişikliklərdən, yəni Rusiya amilinin mövcudluğundan və qaynar nöqtələrin olduğu Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Bütün bunlar prosesə zərər verə bilər, buna görə də Azərbaycan diqqətlə hərəkət edir. Hərbi əməliyyatların necə davam edəcəyi barədə danışmaq çətindir, amma Azərbaycan ilk növbədə heç kimə zərər verməmək üçün diplomatik tədbirlər görür və qarşı tərəfi konstruktiv danışıqlara çağırır. Amma 2020-ci il ermənilərə veriləcək son tarix olacaq. Bakı ən son halda silaha əl atacaq, bu da Ermənistan hakimiyyətinin mövqeyindən asılı olacaq. Bakının hərbi potensialından xəbərdar olan birisi kimi deyə bilərəm ki, hazırda Azərbaycanın çox güclü xüsusi təyinatlılardan ibarət ordusu var. Antiterror əməliyyatlarını da məhz onlar aparacaq. Azərbaycanın bu işdə heç kimin köməyinə ehtiyacı olmayacaq. Hətta ehtiyatda olan hərbiçilər belə çagırılmayacaq”.

Mövcud durumda N.Paşinyanın əsas rəqibi eks-prezident Robert Köçəryan hətta məhbəsdən onu hədəfə almaqla açıq şəkildə təhdid edir. Bu durumda erməni baş nazirin konstruktiv addım atacağını gözləməyə dəyməz.

“Ermənistan hökumətinin başçısı Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasının bütün tərəfləri qane etməsi barədə açıqlamaları İrəvanın bu məsələdə öz mövqeyinin olmadığını göstərir”. Bunu konstitusiyanı devirmək ittihamı ilə həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan jurnalistlərə deyib. “Paşinyanın ”münaqişənin həlli ilə bağlı qərar bütün tərəfləri qane etməlidir" şüarı boş və mənasız bir söz, ibtidai vasitəçi düsturudur. Bu, Ermənistanın hərəkət planının olmadığının birbaşa sübutudur", - Köçəryan “Hraparak” qəzetinə müsahibəsində bildirib.

Mövcud durumu şərh edən politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin həllində konkret planı yoxdur: “Çünki verdiyi açıqlamalarda biz onu aydın görürük. Bundan əlavə, o, danışıqlar masasında olan ”Yenilənmiş Madrid prinsipləri"ni də qəbul etmir. Hətta ötən həftə Qarabağla bağlı konkret həll variantının olmadığını vurğuladı. Onun “Qarabağ Ermənistandır” kimi avantürist açıqlamasından aydın görünür ki, baş nazir hələ tam mövqe ortaya qoymur. Təbii ki, Paşinyanın bu mövqeyi daxili auditoriya üçün ola bilər. Qarabağla bağlı proseslər elə istiqamətdə davam edir ki, xarici işlər nazirləri görüşür və danışıqlar aparılır, rabitə əlaqəsi saxlanılır. Həmçinin atəşkəs qorunur. Prezident İlham Əliyevlə Nikol Paşinyan konfranslarda görüşəndə şifahi şəkildə razılığa gəliblər".

Ekspertin fikrincə, Rusiya da öz maraqları kontekstində prosesin davamına müəyyən dərəcədə çalışır: “Həmçinin biz Nikol Paşinyanın eks-prezident Levon Ter-Petrosyanın komandasında olduğunu, onun siyasi xəttini dəstəklədiyini də qeyd etməliyik. Onların Qarabağla bağlı planını Paşinyan da dəstəkləyirdi. Paşinyan yaxşı bilir ki, münaqişə həll edilməyincə, onun ”demokratik inqilabı" və vəd etdiyi islahatlar əks effekt verəcək, nəticədə ölkə dərin uçuruma gedəcək. Ona görə də dilemma qarşısındadır. Bunu Ermənistanın siyasi xadimləri də çox gözəl bilir ki, Paşinyanın demokratik açılım siyasətində Qarabağ münaqişəsinin həlli ola bilər. Paşinyan, sadəcə, daxili auditoriyadan çəkinir və Qarabağ klanının ona qarşı hərəkətə keçəcəyindən ehtiyat edir".

Politoloq vurğuladı ki, Paşinyan geniş planda Qarabağ klanını zərərsizləşdirməklə məşğuldur: “Ona qarşı Qərbdən də təzyiqlər var ki, münaqişənin həllində irəliyə addımlar atsın. Qərbin burada enerji maraqları var. Azərbaycan Avropanın artıq enerji tərəfdaşıdır. Avropanın enerji diversifikasiyasında mühüm rol oynayacaq. Münaqişənin alovlanması Qərbin layihələrinə təhlükə yarada bilər. Məhz Azərbaycanın atəşkəsə tam riayət etməsi pərdəarxası proseslərin və danışıqların nəticəsidir. Bu mənada Levon Ter-Petrosyanın planının reallaşdırılması mümkündür. Apreldən sonra Qarabağla bağlı proseslər irəliyə doğru dəyişə bilər. Çünki gələn ilin aprelində Paşinyan ”Qarabağ klanı"nı tam siyasi səhnədən çıxarmağı planlaşdırır və Azərbaycanın da seçkilərdən sonra tam hərəkətə keçməsi gözlənilir. Geosiyasi dəyişikliklər də sürətlə gedir. Ermənistan siyasi dairələri Azərbaycanın təzyiqlərinin fasilə verməyindən narahatdır. Onlar anlayırlar ki, ortada Paşinyanın kompromis planı var və ona qarşı bu kimi ittihamlar irəli sürülür. Paşinyan daima Petrosyanın Qarabağla bağlı planının dəstəkləyib. O, yaxşı bilir ki, real irəliləyişə getməsə, Azərbaycanın maksimum hərbi təzyiqlərinə məruz qalacaq. Vaxt yaxınlaşır, Azərbaycanın mütəmadi hərbi təlimləri də buna hesablanıb. Sülh danışıqları ilə bərabər ordunun mesajı da açıq görünür. İrəvanda bunu anlayırlar". (musavat.com)
Diaspora