Qarabağ xəcaləti

Qarabağ xəcaləti backend
Deyirlər, dərd adamı qəhrəman edər. Hərdən fikirləşəndə görürəm ki, bizi qəhrəman edə biləcək kifayət qədər dərdlərimiz var və bundan sonrakı illərdə heç bir dərdimiz olmasa, günlərimiz elə şadlıqlarda keçsə də, indiyə qədər canımızı almış dərdlər əsrlərə yetər, neçə-neçə nəsillərə örnək olar.

Ancaq nədənsə, bu dərdlərin üstündən yenə qəhrəman ola bilmirik ki, bilmirik. Bizi heç nə tərbiyələndirə bilmir, bizi qəhrəman edə biləcək bu dünyada bir şey də qalmayıb. Ümid bir dərdə idi, dərd də bacarmadı. Çünki bizim dərdlərimiz şərə xidmət edir. Bizim dərdlərimiz vərəmdir, vaydır, yasdır, bir də elə dərddir ki, dərddir, başqa heç nə. Bu dərdləri yığsaydıq, indiyə qədər əməlli-başlı dağ ucaldardıq. Ancaq dağ ucaltmaq dərd çəkmək deyil ki, əlimizdən gəlsin. Burada qəhrəmanlıq yapmaq gərəkdir, bura iş, əməl yeridir. Ona görə də biz yalnız dərd çəkməyə daha çox üstünlük veririk, nəinki dağ ucaltmağa. Kimdə bu qədər dərd olsaydı, indi çoxdan böyük-böyük işlər görmüşdü, çoxdan dünyaya elə gözəl qəhrəmanlıq nümunələri bəxş etmişdi ki, gəl görəsən. Biz isə özümüzü dünənin uşağı kimi, yenicə formalaşan, hələ dünya işlərindən baş çıxarmayan insan sürüsü kimi aparırıq. Elə həyat sürürük, guya indiyə qədər nə tariximiz olub, nə qəhrəmanımız. Guya ki, bu vaxta qədər biz heç vətən-filan görməmişik, bizim heç bir torpağımız-zadımız olmayıb, ömrümüzdə savaşmamışıq, döyüş görməmişik.

Biz yalnız özümüzdən əfəlin yanında qürrələnir, özümüzü onun yanında dünyanın ən qüdrətlisi və əzəmətli adamı hesab edirik. Ancaq halal torpaqlarımız üzərində şəstlə addımlayanlar yanında dünyanın ən aciz və fərasətsiz, kimsəsiz, arxasız, informasiya, işıq, qaz, nə bilim, aləmin hər nemətindən mərhum olan insan yığnağından savayı bir şey deyilik.

Biz o kəslərik ki, bir küçə qadınının üstündə doğma qardaşımızı, dostumuzu, qanı-qanından, canı-canından olan millət oğlunun üstünə heç nəyə baxmadan xəncər çəkərik, ancaq millətin düşmən əsirliyində olan qadınlarının heç olmasa, öldürülüb, canlarının qurtulması üçün barmağımızı belə qımıldatmırıq.

Bizim atamızın, babamızın ruhuna hörmətimiz və ehtiramımız qəbristanlıqda onların qəbirlərinin üstünü rəngarəng mərmərlərlə örtməyə, tanrısız, inamsız və imansız vəhşi qəbilə dövrünün bütə sitayiş edən sakinləri kimi bu daş parçalarının üstünü hər bayramdan-bayrama cürbəcür əşyalarla doldurmağa, bu daş parçasının üstündə saatlarla dayanıb zülm-zülm ağlamağa, mollaya pul verib onların ruhuna dua oxutmağa yetir və bizə elə gəlir ki, bu da kifayətdir.

Biz o kəslərik ki, ölülərimizin basdırıldığı yer üstündə uca-uca imarətlər yüksəltməyi, bu daş-qalağa milyonlarla pul buraxmağı bir evsiz-eşiksiz Allah bəndəsinə ev tikməkdən çox-çox üstün tuturuq.

Biz o kəslərik ki, Həccə gedib hacı olmağı, yad ölkələrdə ətək-ətək pul xərcləməyi, fahişələrin ayaqları altına milyonlar tökməyi, vətən və torpaq yolunda qolunu, qıçını, gözünü itirmiş birisinə əl tutmaqdan, millətimizdən və dinimizdən olan birisinin xəstə və şikəst balasına dərman almaqdan daha üstün tuturuq.

Bizim üçün bir alver köşkünün dağıdılması doğulduğumuz, böyüdüyümüz kəndimizin kafirlərin ayaqları altında qalmasından, atalarımızın, babalarımızın uyuduğu qəbristanlıqların tar-mar olunmasından, rüsvay edilməsindən daha faciəlidir.
Biz o kəslərik ki, nə yurdumuzun, nə vətənimizin, nə də hər qarışı qızıl olan torpağımızın qədrini bilirik.

Və biz bilmirik ki, torpağımızı sevmədiyimiz kimi özümüzü də sevmirik. Bilmirik ki, bu dünyada nə qədər var-dövlət, nə qədər mal-mülk yığsaq da, nə qədər pulumuz və malımız olsa da, balalarımız bu torpaq işğaldan və xəcalətdən qurtulmayınca, onlara da bir gün gördü yoxdur...
Diaspora