Bratislavada Qarabağ müzakirələri - başlamadan nəticəsiz qalan görüş

Bratislavada Qarabağ müzakirələri - başlamadan nəticəsiz qalan görüş backend

Azərbaycan XİN danışıqları səmərəli sayır; İrəvan isə... politoloq: “Xarici işlər nazirlərinin Bratislava görüşü başlamadan nəticəsiz qalıb...”

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfərində Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı İrəvanda sərgilədiyi mövqedən bir qədər fərqli yanaşma ortaya qoydu. Qeyd edək ki, prezident İlham Əliyev Lavrovla görüşdə Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması istiqamətində nəzərəçarpan nəticələrin olmadığını deməklə yanaşı, bunun əsas səbəbinin Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən “Qarabağın Ermənistan olması” barədə bəyanatı ilə bağlı olduğunu nəzərə çatdırmışdı.

Rusiya diplomatı isə qarşılığında demişdi ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra isə Lavrov bildirmişdi ki, rəsmi Moskva Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözləyir.

Dekabrın 4-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş olub. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib.

Azərbaycan XİN-ın yaydığı açıqlamada bildirilir: “Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. 2 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bu il bundan öncəki 5 görüşün nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib. Bratislava görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub”.

Bugünlərdə Azərbaycanın işğal altındakı ərazilərinə gələrək danışıqların pozulmasına yönəlik növbəti təxribata əl atan Ermənistan baş naziri Nikol Paşinyan isə Bratislava görüşündən qabaq XİN rəhbəri Zöhrab Mnatsakanyan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın oyuncaq “xarici işlər naziri” Masis Mailyanla görüşüb. Erməni mediasının məlumatına görə, İrəvanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son durum müzakirə olunub.

Nə baş verir? Son günlər Azərbaycan və erməni jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib, ATƏT-in fəaliyyətdə olan sədri və Rusiya XİN rəhbəri Bakıya səfər edib, Qarabağ müzakirəsi aparılıb. Ardınca da Bratislava görüşü. Erməni tərəfinin təxribatçı addımları ilə müşayiət olunan bu prosesdən ümidverici nələrsə gözləməyə dəyərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu, iki ölkənin xarici işlər nazirlərinin 2019-cu ildə 5-ci görüşüdür: “Əvvəlki görüşlərdən nəticə əldə edilməmişdi. Nazirlərin görüşündən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala qon qoyulmalıdır. Sənəddə bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.

E.Şahinoğlunun sözlərinə görə, Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayınlanması o deməkdir ki, Azərbaycan Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək: “Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb. Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəldi. Orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda ”prezidentliyə namizədlərlə" də görüşdü. Bu azmış kimi, Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” birgə görüş keçirdi. Paşinyan Xankəndində Mailyanla görüşmüşdüsə, bir gün sonra onu yenidən niyə İrəvana çağırdı?"

Politoloqun sözlərinə görə, bunun iki səbəbi var: “Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişə və fikir ayrılığı yoxdur və separatçılar onunla hesablaşırlar. İkinci səbəbi isə odur ki, Paşinyan ”üçlü" görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın bu mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavadakı görüşü başlamadan nəticəsiz qalıb".

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a açıqlamasında Rusiya baş diplomatının son açıqlamalarına diqqət çəkdi: “Lavrovun İrəvanda bir söz, Bakıda başqa söz deməsi göstərir ki, o, sadəcə olaraq, icraçıdır, hansı təlimat verilərsə, onu yerinə yetirəcək. Rusiyanın son zamanlarda Qarabağ siyasətinin dəyişdiyini düşünmək olmaz. Rusiya öz strateji ortağını vəziyyətdən çıxarmaq tədbirləri görür və Qarabağ məsələsində hansısa dəyişiklər olacağı imitasiyası ilə məşğuldur. Ermənistandan gələn rəsmi şəxslərin Bakıda Ermənistanın blokada məsələsini qaldıracaqları şübhəsizdir, ola bilsin Rusiya Ermənistana öz ölkəsindən kommunikasiya yollarının açılması üçün bizə cəlbedici görünən təkliflər versin. Amma bunlar bizim Qarabağdakı suveren haqlarımız olmayacaq. Yüz faiz bunlar olmayacaq. O zaman Rusiyanın bu təklifləri havada qalacaq”.

Q.Çaxmaqlının fikrincə, Türkiyə də Ermənistan sərhədlərini və digər kommunikasiya xətlərini o zaman aça bilər ki, o işğal ərazilərimizdən ordusunu çıxarsın: “Paşinyanın son Qarabağ səfəri də göstərdi ki, Ermənistanın belə fikri yoxdur və o burada möhkəmlənmək istəyir. Əgər Rusiya da öz ortağına bu mənada dəstək verirsə, nə Lavrovun Bakıda söylədiklərinin, nə erməni rəsmilərinin Bakı səfərinin heç bir əhəmiyyəti olmayacaq. Qarşıda nəzərdə tutulan xarici işlər nazirlərinin görüşmələri də mənasız və yersizdir. Görüş xətrinə görüş olacaq”.

Rəsmi Bakının Bratislava görüşü öncəsi təqdim etdiyi sənədə gəldikdə, politoloq bunu normal saydı: “Əlbəttə, bir neçə dəfə Azərbaycanı məsələnin yalnız sülh yolu ilə həll edilməsi prinsiplərinə imza atmağa sövq ediblər. Azərbaycan öz torpaqlarında sülh yolu ilə, qan tökmədən Qarabağda suveren haqlarına nail olmaq istəyib. BMT-nin məlum qətnamələrinin yerinə yetiriləcəyi təqdirdə Dağlıq Qarabağa da Azərbaycan Respublikasının qanunları çərçivəsində yüksək status verməyə hazır olduğunu bildirib və bunu etməli idi. Amma Ermənistan işğalı davam etdirir, Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində məsələnin həllindən neçə illərdir ki, yayınır. Bu isə vaxtilə üzərinə götürdüyü sülh yolu ilə məsələni həll etmək öhdəliyindən azad edir”.

Ermənistan rəhbərliyinin destruktiv fəaliyyəti və təxribatçı hərəkətləri Azərbaycanı haqlı olaraq əks-addımlar atmağa, təhlükəsizlik tədbirlərini görməyə sövq edir. Təcrübə göstərir ki, Ermənistan öz havadarlarının dəstəyindən yararlanmaqla Azərbaycan ərazilərini məhz danışıqların gedişində işğal edib. Bu mənada nəticəsinə ümid olmayan danışıqların gedişində növbəti təxribatlar hər an gözləniləndir. N.Paşinyanın Tərtər istiqamətinədək gəlməsi də təsadüfi sayılmamalıdır.

Bu durumda müdafiə naziri general-polkovnik Zakir Həsənov ön cəbhəyə gedərək müdafiənin dayanıqlığını, qışa hazırlığın vəziyyətini, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib, şəxsi heyətə tapşırıqlarını verib. Necə deyərlər, savaşın başlanılması an məsələsidir...

"Yeni Müsavat"
Diaspora