İşğal altındakı ərazilərimizə Ermənistan rəsmilərinin qanunsuz səfərləri intensivləşib; düşmən tərəfdə müharibə xofu: “Azərbaycan ordusu 2 saata İrəvanın mərkəzinə çatacaq, əgər...”
2019-cu ilin bitməsinə bir neçə həftə qalsa da, əfsus ki, Dağlıq Qarabağ konfliktinin həlli baxımından onu əvvəlkilər kimi artıq itirilmiş fürsətlər ili saymaq olar. Başa çatmaqda olan ildə yalnız Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in illik yekun toplantısı çərçivəsində görüşü gözlənilir ki, bu da qənaətimizi dəyişmir.“Bratislava şəhərində keçiriləcək ATƏT-in nazirlər görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur”. Bu barədə dünən Musavat.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib. Görüş dekabrın 4-də baş tutacaq.
*****
Ümumiyyətlə, 2019-cu il Qarabağ mövzusunda həm yüksək səviyyəli görüşlərin az olması, həm də nəticəsizliyi ilə məxsusi seçildi. Yalnız bu ilin yanvarında iki ölkənin xarici işlər nazirlərinin Paris görüşü zamanı xalqları sülhə hazırlamağın zəruriliyi ilə bağlı şifahi anlaşma əldə olunmuşdu ki, o da çox qısa zamanda Ermənistanın yeni rəhbərliyi tərəfindən sıfırlandı. “İnqilabçı” baş nazir Nikol Paşinyan Qarabağ məsələsində nala-mıxa vuran və təzadlı (əslində təxribatçı) siyasəti ilə gah separatçı rejimə cavabdeh olmadığını bəyan edib məsuliyyətdən qaçmağa çalışdı, gah da “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsi ilə sülh danışıqlarını tam mənasız hala gətirdi. Münaqişənin həlli üçün müharibə variantını tək yol kimi saxladı.
Hərçənd hamıdan çox sülhdən dəm vuran da odur - Paşinyan. Ancaq indi o, özü də bilməmiş deyil ki, onun bu mövqeyi yeni müharibəyə - Azərbaycanı zorla öz torpaqlarını azad etməyə, Azərbaycanın Vətən savaşına aparır.
Yeri gəlmişkən, neçə gündür Nikol Paşinyanın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olduğu bildirilir. Erməni qaynaqlarının məlumatına görə, Paşinyan qoşunların təmas xəttinə gedərək əsgərlərə baş çəkib, durbinlə Azərbaycan tərəfini müşahidə edib. Bundan əlavə, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan danışıqlar aparıb. Bu barədə “Sputnik Ermənistan” xəbər verib. Təbii ki, belə görüşlər ilk növbədə düşmən tərəfdə güclənən müharibə xofu ilə əlaqədardır. Hərgah başqa rəylər də var.
*****
“Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Köçəryanı və Serj Sərkisyanı da üstələyir”. Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O, Paşinyanın Dağlıq Qarabağa səfərlərinin səbəbini belə izah edib: “Sonuncu ikisi qarabağlı olsalar da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər”.
Politoloqun sözlərinə görə, Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. “Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda ”prezidentliyə namizədlərlə" də görüşüb. Bunun da məqsədi aydındır. O, Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır", - deyə o qeyd edib.
Onu da qeyd edək ki, 2016-cı ilin “4 günlük” aprel savaşından - erməni ordusunun “məğlubedilməzlik” mifinin darmadağın edilməsindən sonra erməni tərəfdə müharibə xofu bir an belə azalmayıb. Əksinə, daha da güclənib. Bunun təzahürüdür ki, işğalçı ölkədə hakimiyyət dəyişəndən az sonra Paşinyanın tapşırığı ilə aprel məğlubiyyətinin səbəblərini araşdırmaq üçün xüsusi komissiya da yaradılıb.
Ancaq bu komissiya nəyi dəyişəcək, əgər Ermənistanın öz işğalçı ordusunu saxlamaq, həm də gücləndirmək üçün yetərli maddi və insani resursu yoxdursa? Bu və digər səbəblərdən Ermənistanda bir çoxları komissiyanın ən əvvəl siyasi hədəflər güddüyü və heç bir pozitiv nəticə verməyəcəyini bildirirlər.
*****
“Aprel döyüşlərini araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir təsəvvürləri yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”.
Erməni KİV-ləri xəbər verir ki, bu sözləri ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoryan deyib (Ordu.az). Onun sözlərinə görə, ilk növbədə suallar kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda Paşinyanın hərbi müşaviri, məsuliyyətə cəlb edilməli ilk şəxs olan Arşak Karapetyandan soruşulmalıdır.
Xatırladaq ki, 2016-cı ildə aprel döyüşlərindən dərhal sonra o, vaxtkı prezident Serj Sərkisyan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyanı vəzifəsindən azad edib. Onun adı aprel döyüşləri zamanı edilmiş ən böyük kəşfiyyat boşluqları və nöqsanları ilə əlaqələndirilirdi. Ancaq buna baxmayaraq, Karapetyan 2018-ci ildə Paşinyanın qərarı ilə Ermənistanın baş nazirinin müşaviri təyin edildi.
Qriqoryan aprel döyüşlərindən sonra həyata keçirilən “Günnüt əməliyyatı”na da toxunub. “Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə, Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Türk mövqeləri nə bilim harada olduğu halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”, - deyə erməni polkovnik şual edib.
Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara hazırlaşır. “Məncəb yaxın 3-4 ay ərzində Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların əsas hissəsi Naxçıvan qanadında aparılacaq. Bu. iki məsələ ilə bağlıdır: birincisi, rusların Naxçıvanı müharibəyə sürükləməsi və sonradan onu azad etməsi üçün təxribat, bununla da məqsəd buradan şimal-cənub yolunun keçməsi və dəmir yolunun işləməsidir. İkincisi, bu, Rusiyanın planlarına daxil deyilsə, o zaman Ermənistanı məhv etmək məsələsi qarşıya qoyulub və Türkiyənin Ermənistana qoşun yeritməyə çalışacağı istisna edilmir”, - deyə erməni polkovnik iddia edib.
O, Rusiyanın Gümrüdəki hərbi bazanı boş yerə gücləndirmədiyini də qeyd edir: “Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Əgər rus qoşunları Ermənistandan çıxsa, Azərbaycan ordusu 2 saata İrəvanın mərkəzinə çatacaq”.
*****
Erməni polkovnik əsasən reallığı dilə gətirib. Çünki işğalçı ölkənin təkbətək savaşda Azərbaycana qarşı duruş gətirmək, işğal altındakı əraziləri nəzarətdə saxlamaq imkanı yoxdur. İki ölkənin hərbi, maliyyə-iqtisadi və insani potensialı Azərbaycanın xeyrinə olmaqla xeyli fərqlidir. Məhz bu səbəblərdən xarici siyasi və hərbi təhlilçilər də İrəvanın yeni Qarabağ müharibəsinə tab gətirmək gücündə olmadığını zaman-zaman qeyd edirlər.
Başqa yandan, nə Azərbaycan, nə də Türkiyə Ermənistana hücum etməyə, onun ərazisinə girməyə hazırlaşmır. Ona görə ki, İrəvandan fərqli olaraq, Bakı və Ankara beynəlxalq hüquqa hörmət edir - hərçənd indiki Ermənistan tarixi türk torpaqlarında təşəkkül tapıb. Azərbaycanın tək istəyi - öz ərazi bütövlüyünün bərpa olunması, işğalçı qüvvələrin torpaqlarımızdan çıxması, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının, digər mötəbər təşkilatların qərar və qətnamələrinin qeyd-şərtsiz icra olunmasıdır. Öz də vaxtı, atəşkəs rejimini uzatmadan. Çünki Azərbaycan xalqının səbri sonsuz deyil.
Bu xüsusda ölkəmizin hərbi əməliyyatlara hazırlaşması barədə erməni zabitinin söylədikləri məntiqlidir. Müharibə Bakının təbii haqqıdır. Savaş haqqını da Azərbaycana ilk növbədə Qarabağa dair beynəlxalq sənədlər, BMT nizamnaməsi verir - harada ki, aydın şəkildə qeyd olunub ki, hər bir ölkənin öz ərazi bütövlüyünü qorumaq üçün istənilən üsula əl atmaq haqqı var... (musavat.com)