Qarabağa dair məkrli “3 tərəf” konsepsiyası

Qarabağa dair məkrli “3 tərəf” konsepsiyası backend

Azərbaycan ona heç vaxt “hə” deməyəcək, çünki...; ilginc statistika: “Ermənistanda hər il müharibədən daha çox, müxtəlif xəstəliklərdən adam ölür...”

2019-cu ilin sonuncu ayına daxil olmuşuq. Təəssüf ki, bu il də Dağlıq Qarabağ konfliktinin həlli baxımından heç bir mühüm irəliləyişlə yadda qalmadı. Tək səbəb də dönə-dönə vurğuladığmız kimi, Ermənistan rəhbərliyinin davam edən işğalçı siyasəti, problemin dinc həllinə yanaşmada hələ də özünü müharibə qalibi ədası ilə aparıb Bakıya kapitulyasiya şərtləri diktə eləmək cəhdidir.

“Əfsus ki, bu il əldən verilmiş fürsətlər ili oldu”. Bu sözləri ötən həftəsonu Bakıda Azərbaycan prezidenti İlham Əliyev Bakıda ATƏT-in icraçı sədri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.



Sitat: “ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemidir, bölgə üçün böyük təhlükədir. Əfsus ki, bu il əldən verilmiş fürsətlər ili oldu. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır”.

Prezident daha sonra ümid etdiyini bildirib ki, növbəti il daha məhsuldar olacaq. “Çünki münaqişənin ən tez müddətdə həlli Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır. Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin de-okkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər”, - deyə ölkə başçısı vurğulayıb.

*****

Yəni söhbət ilk növbədə real nəticəyə hesablanmış danışıqlardan gedir - hansı ki, ilkin mərhələdə işğal altındakı Azərbaycan ərazilərinin heç olmasa, bir qisminin azad edilməsinə gətirməlidir və hansı real danışıqlar ki, Ermənistanın yeni rəhbərliyi də ondan yayınır. Hərçənd az qala sülhdən ən çox dəm vuran da elə erməni baş nazir Nikol Paşinyandır. Ötən həftəsonu Paşinyan bu xüsusda növbəti populist çıxışını edib - bu dəfə KTMR dövlət başçılarının Bişkekdə keçirilən toplantısında.

“Dağlıq Qarabağ prosesində sülh danışıqlarına və problemin dinc yolla həllinə alternativ yoxdur”.

Paşinyan çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi ətrafında yaranacaq eskalasiya Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq: “Buna görə də biz sülh istəyimizi bir daha diqqətinizə çatdırıram, təqdim etdiyim konsepsiya əsasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa hazırıq. Danışıqları ATƏT-in Minsk Qrupu - beynəlxalq səviyyədə təsdiq edilmiş yeganə danışıq formatı çərçivəsində davam etdirəcəyik. Bu kontekstdə xüsusən Minsk Qrupunun Rusiyadan olan həmsədrinə təşəkkürümü bildirirəm”.

Paşinyanın “sülh konsepsiyası” isə bəllidir: “konfliktin həlli 3 tərəfi - Ermənistanı, Azərbaycanı və Dağlıq Qarabağı qane eləməlidir”. Hiyləgər, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü bəri başdan şübhə altına qoyan bir konsepsiyadır. Çünki bu konsepsiyaya əsasən hətta Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmağa razı olsa belə, Ermənistan razı olmamaqla sülh sazişinə veto qoya bilər.

Ona görə də Azərbaycanın ərazi bütövlüyü heç bir halda, heç bir sülh konsepsiyası ilə alver predmeti olmamalıdır. Təsadüfi deyil ki, Paşinyanın aylardır etdiyi israrlara və gözləntilərə baxmayaraq, rəsmi Bakı analoji bəyanat vermir. Verməyəcək də. Çünki Dağlıq Qarabağ ölkəmizin ayrılmaz tərkib hissəsidir və konfliktin həllində onun razılığı həlledici ola bilməz. Əks halda bu, Azərbaycan tərəfdən Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqqını tanımağa gətirəcək.

“Həmişəki kimi, Ermənistan baş naziri Nikol Paşinyanı anlamaq çox çətindir. Əlbəttə, baş nazirin bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N. Paşinyan hansı strategiyadan danışır? Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın. Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT TŞ-nin qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də Minsk Qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə öz evlərinə geri qayıtmalıdırlar”, - deyə Abdullayeva bildirib.

*****

Məsələ də ondadır ki, böyük sülh anlaşması üçün siyasi və hüquqi platforma düzgün qurulmayınca, aşağı səviyyələrdə qarşılıqlı təmaslar və “xalq diplomatiyası”, o sırada jurnalistlərin səfəri də heç bir səmərə verməyəcək. Hərçənd Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova birgə tədbiri ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisi sayır.

“Hesab edirik ki, bu cür humanitar aksiyalar əhalinin sülhə hazırlanmasına yönəlib. Davam etmək lazımdır, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən biz zəruri vasitəçilik dəstəyi göstərəcəyik”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

Ancaq Moskvanın Dağlıq Qarabağ konfliktinin həllinə ən real töhfəsi humanitar xarakterli addımlara dəstək vermək və ya belə aksiyalar üçün vasitəçilik eləmək yox, problemin həllinə kardinal yardın eləməkdir. Çünki bundan ötrü onun əlində unikal imkanlar var. Rusiya Cənubi Qafqazda doğrudan da uzunmüddətli sülh və sabitlikdə maraqlıdırsa, nəhayət ki, əlindəki imkanları işə salmalıdır.

*****

Bu arada işğalçı siyasətə görə onsuz da blokada rejimində olan Ermənistanda əhalinin acınacaqlı sosial-iqtisadi durumu ilə yanaşı, humanitar-ekoloji böhranın da dərinləşdiyi müşahidə edilməkdədir.

“Ermənistanda onkoloji və ürək-damar xəstəliklərindən ölənlərin sayının artması ekoloji situasiyanın həddindən artıq pis olması ilə bağlıdır”. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir ermənilərə rəğbəti ilə tanınan blogger Aleksandr Lapşinin Facebookdakı qeydlərində əks olunub. Onun sözlərinə görə, Avropadan gətirilən köhnə avtomobillər, ölkədə zibil emalı zavodunun olmaması, dağ-mədən sənayesi Ermənistanın ekoloji vəziyyətini bərbad hala salıb.

“İrəvanda yaşadığım 4 ay ərzində artıq hiss etdim ki, sağlam deyiləm. Ətraf mühit mənə olduqca pis təsir etdi. Hələ İrəvanda olduğum qədər həyatımda bu qədər soyuqdəymə keçirməmişəm. Heç bir səbəb olmadan halımda süstlük baş verdi və artıq gecələr yata bilmirdim. Artıq bundan sonra daha betər şəkildə xəstələnəcəyimi anladım”, - deyə blogger öz səhifəsində yazıb.

Lapşin İrəvanın 2018-2019-cu illərdə Dünya Bankı statistikasına əsasən dünyanın ən çirkli 10 şəhəri arasına girdiyini, burada Kinşasa (Konqo), Dakka (Banqladeş) və Cakarta (İndoneziya) kimi şəhərlərlə yarışdığını vurğulayıb. Bundan başqa İrəvan Ümumdünya Səhiyyə Təşkilatının versiyasına görə, onkoloji xəstəliyə mübtəla olmaq riski daşıyan 10 ən təhlükəli şəhərdən biri sayılır.

Belarus-İsrail əsilli blogger şəhərdə bütün ağacların qırıldığını və park-meşələrin məhv edildiyini də yazıb. O, bir çox insanın burada artıq 35-40 yaşlarından ürək, damar, böyrək xəstəliklərindən əziyyət çəkdiyini bildirib.

Statistikaya əsasən, Ermənistanda hər il 9 min onkoloji xəstəliyə yaxalanma və 20-30 min infarkt hadisəsi qeydə alınır. İnfarktların sayına görə də Ermənistan ilk onluqda qalmağa davam edir. Xərçəng xəstələrinin üçdə birinin vəziyyəti ümidsizdir, yəni Ermənistanda hər il elə 3 min adam bu xəstəlikdən ölür.

“Bərbad ekoloji vəziyyət hər il Ermənistanda ən az 3-5 min vətəndaşın ölümünə səbəb olur. Bu isə Ermənistanın Qarabağ müharibəsində itirdiyinin 10 qatıdır”, - deyə Aeksandr Lapşin sonda qeyd edib.

Aydın məsələdir ki, Dağlıq Qarabağ ixtilafı çözülməyincə və Ermənistan normal inkişaf yoluna çıxmayınca, işğalçı ölkə humanitar fəlakətdən də yaxa qurtara bilməyəcək...
Diaspora