Separatçı rejimi təmsil edən jurnalistin Azərbaycana gəlişini qəbul edən rəsmi Bakı, dolayısı ilə həmin rejimin müstəqilliyini tanıması anlamına gəlmirmi?
Beynəlxalq jurnalist kodeksinə əsaslansaq bu peşənin daşıyıcıları bütün dünyada sülhməramlılıq missiyasının carçıları hesab olunurlar. Yəni jurnalistlər humanitar sahənin adamları olduğu üçün, odun üstünə yağ tökən yox, məhz su tökənlər sırasında dayananlardır. Ancaq müasir dünyada beynəlxalq qanunların çoxstandartlı halda "işləməsi" jurnalistikanı da öz təməl prinsiplərindən - obyektivlikdən sapındırıb. Ona görə də müasir jurnalistlərin əksəriyyəti yalnız mənsub olduqları dövlətin maraqları mövqeyindən çıxış edərək jurnalistikanın təməl prinsiplərini şüurlu şəkildə pozurlar. Oxucular bunu dövlətlərarası münaqişələr zamanı, xüsusən də yaxın şərq ölkələrində aparılan müharibələrdə dünyaya "demokratiya dərsi" keçən ölkələrin - ABŞ-ın "Yu-Es-Ey Tudey", "CNN", Britaniyanın "Qardian", "İndependent", Fransanın "Liberasion", "Mond" və digər ən məşhur media qurumlarında çalışan jurnalistlərdən dəfələrlə görüblər.Bu üzdən də Rusiyanın qərəzli təşəbbüsü və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə, güya xalqları barışa hazırlamaq adı altında azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərinin təşkili, əslində Ermənistanın Qarabağ probleminin həllini çörə-çöpə salmağa yönəli olan "oyundan" başqa bir şey deyil.
Əvvəlcə onu deyək ki, əgər bu "gəlişi gözəllər" həqiqətəndə xalqları barışdırmaq məqsədi ilə Azərbaycana gəlmişdilərsə, onda onların barışdırmaq istədikləri xalqdan niyə gizlədirdilər? Məgər bilmirdilər ki, "erməniliyin sirri" 40 günə açılır? Hərçənd, bu sirr bu dəfə daha tez, yəni 4 günə açıldı.
Ancaq Bakıya gəlib-gedən erməni jurnalistlərdən birinin Qarabağda at oynadan separatçı rejimə məxsus "İTV" əməkdaşı Edqar Elbakyanın olması Azərbaycan üçün bu "oyunun" ən utancverici yeridir.
Baxın, gələnlərdən biri Ermənistandakı "Şant" telekanalanın əməkdaşı Artyom Yerekyan Bakıya səfəri ilə bağlı öz açıqlamasında bildir ki, Qarabağ təmsilçisi Azərbaycana məhz Qarabağ jurnalisti kimi gedib, Azərbaycan jurnalistləri isə Qarabağa Azərbaycan jurnalistləri kimi gəliblər və onların səfər proqramını XİN səviyyəsində "Stepanakert" təşkil edib.
Doğrudur, Azərbaycan Xarici İşlər nazirliyinin sözçüsü bu "oyuna" - "Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır və bölgənin erməni icmasını təşkil edirlər" - deyə don geyindirsə də, amma görünən odur ki, Elbakyan Bakıya Azərbaycan vətəndaşı kimi deyil, məhz 1988-ci ildən bu ölkənin qanunlarına təpik atan separatçı rejimə məxsus "İTV" əməkdaşı kimi gəlib. İndi sual yaranır, məgər separatçı rejimi təmsil edən jurnalistin Azərbaycana gəlişini qəbul edən rəsmi Bakı, dolayısı ilə həmin rejimin müstəqilliyini tanıması anlamına gəlmirmi?
Əslində Azərbaycan Xarici İşlər nazirliyi sözçüsünün bu mövzuda söylədiyi - "...bu ərazidə yaşayan əhali iki icmadan - erməni və azərbaycanlı icmalarından ibarətdir" deməsi də anlaşılan deyil. İstər-istəməz yenə sual yaranır, cənablar, azərbaycanlılar öz doğma yurdlarında yaşamaları üçün niyə hansısa icma yaratmalıdırlar? Axı, icma anlayışı hansısa bir hüquqi dövlətin tərkibində yaşayan, öz milli kimliyini, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayan azsaylı xalqlara xas olan mədəni bir qurumdur. Yox əgər onlar yaşadıqları ölkənin qanunlarına daş atıb baş tutmaq istəyirlərsə, onda onun beynəlxalq qanunda təsbit olunan bir adı var, separatçılıq. İndi məgər Qarabağdan olan azərbaycanlılar öz vətənlərində azsaylı xalqlardan birimi hesab olunurlar? Əgər siz deyən kimidirsə, onda belə çıxır ki, Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və onu öz ərazisinə birləşdirmək istəyi deyil, Qarabağda yaşayan iki icma arasında yaranmış bir növ qonşulararası çəpər davasıdır. Belə olan halda yaxşı, bəs niyə separatçı rejimin "baş bilənləri" sülh danışıqlarında iştirak etmək üçün özlərini erməni icması kimi yox, məhz "müstəqil respublika" kimi dünyanın gözünə dürtməyə can atırlar? Odur ki, azərbaycanlılar öz vətənlərində icma ola bilməzlər, Azərbaycanın Qarabağ ərazisində yalnız bir icma var ki, o da erməni icmasıdır.
Yuxarıda qeyd olunan - müasir dövr jurnalistlərin əksəriyyətinin yalnız mənsub olduqları dövlətin maraqları mövqeyindən çıxış etmələrinə bir daha qayıtsaq, o zaman buyurun, "necə gəldi, necə getdi"kləri bilinməyən erməni jurnalistlərindən Artyom Yerekyan Gəncəni utanmadan ermənisayaq olaraq "Qandzak" adlandırır. David Alaverdiyan isə, "4 gün ərzində bütün görüşüb danışdığımız adamlar bizdə elə təsəvvür yaratdılar ki, onları əvvəlcədən seçib və hazırlayıblar" - deyir. Bundan əlavə, Alaverdiyan intriqa yaradacaq tərzdə bəyan edir ki, "başqa çoxlu suallarla yanaşı məni daha çox iki sual maraqlandırırdı: - Azərbaycan nəyə hazırlaşır, müharibəyə, yoxsa sülhə? İkinci sual isə: - Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində hansı güzəştlərə hazırdır?" deyə öz ölkəsinin maraqlarından çıxış etdiyini sərgiləyir.
Əlbəttə onun bu suallarına kim və ya kimlərin necə cavab verməsindən asılı olmayaraq deyək ki, Azərbaycan cəmiyyəti sülh istəyir, amma güzəştə gəlincə bu, Qarabağ ermənilərinə Azərbaycan ərazi bütövlüyü çərçivəsində icma halında yaşamalarına yaradılan şərait ola bilər. Hərçənd, onları nə bu cavab, nə də dövlət səviyyəsində verilməsi nəzərdə tutulan "ən yüksək muxtariyyat statustu" qane edən deyil. Çünki onlar güzəşt deyəndə Azərbaycan tərəfdən Qarabağa yalnız müstəqillik verilməsini nəzərdə tuturlar. Baxın, buna sübut olaraq erməni jurnalistlərin Bakıda olduqları günlərdə "dqr"-nın kənd təsərrüfatçıları Rusiyanın Krasnodar şəhərində keçirilmiş aqrar sənaye sərgisində işğalda saxladıqları Azərbaycan torpaqlarında daha nələr əkib-becərməyin mümkün olduğunu öyrənməyə getməmişdilərmi?
Ona görə də Qarabağ probleminin həlli yolunu əslində hər bir azərbaycanlı çox gözəl bilir. Bu yol birmənalı olaraq antiterror əməliyyatlarından keçir. Odur ki, Qarabağ probleminə - "üç jurnalist, bir "kəllə" ATƏT, vəssəlam-şüttəmam" - deyib arxayın oturmaq olmaz.
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
modern.az