Nazim Sabiroğlunun yazısı jurnalistlərimizin Qarabağ səfərini kölgədə qoydu

Nazim Sabiroğlunun yazısı jurnalistlərimizin Qarabağ səfərini kölgədə qoydu backend

“Şuşaya gedərəm, amma oradan qayıdıb hər hansı yazı yaza bilmərəm”

“Şuşaya Nazim Sabiroğlu kimi jurnalistlərin getməsinə pis baxmıram. Amma Nazim deyəsən getməmiş yazıb. Yenə ağrılı yazılarla yaralarımızı tərpədirlər də. 30 il sonraya nə yara qalacaq, nə belə yazılar yazan...”.

Modern.az xəbər verir ki, bu fikirləri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlunun Şuşaya virtual səyahəti ilə bağlı qələmə aldığı “Şuşada gördüklərim – jurnalist qeydləri...” başlıqlı yazısına münasibət bildirərkən deyib.

Rəşad Məcid ile ilgili görsel sonucu

Rəşad Məcid hesab edir ki, Nazimin yazısı üsyandır, etirazdır.

“Şuşasızlığa, turist kimi, layihə kimi səfərlərə etiraz! Adam təxəyyül gücünə yazıb və bütün cəmiyyəti sarsıdıb. “Allah mənə Şuşaya jurnalist kimi getməyi nəsib eləməsin””, - deyə baş redaktor bildirib.



R.Məcid feysbuk hesabında N.Sabiroğlunun hələ 2011-ci ildə “525-ci qəzet”ə müsahibəsini də paylaşıb.

Əslən Şuşadan olan N.Sabiroğlu həmin müsahibədə deyib:

“İndi ən xoşbəxt günlərimdə belə mən özümü natamam hiss edirəm. Fikirləşirəm ki, həyatımda nəsə çatmır. Əlimi cibimə atıram görürəm xərcliyim var, normal geyimim var, amma nəsə çatmır. Bu nəsəni çox fikirləşmədən bilmişəm ki, bəli, həyatımda məhz Şuşa çatmır. Şuşasız nə jurnalistikam tamdır, nə evim tamdır, nə ailəm tamdır, nə də özüm tamam. Ümumiyyətlə, Şuşasız Azərbaycan tam deyil, yarıdır. Onun jurnalistikası da bu cürdür. Bəzən jurnalistlərin Dağlıq Qarabağa səfəri olur və onlar gəlib orda gördükləri barədə təəssüratlarını yazırlar. Jurnalistika ilə bağlı mənim ağır günlərim olub. Allah mənə o günü nəsib eləməsin ki, erməni tapdağında olan Şuşaya jurnalist kimi gedim və qayıdanda ora barədə nəsə yazım. Şuşaya gedərəm, çataram, amma oradan qayıdıb hər hansı yazı yaza bilmərəm. Mən getsəm qayıda bilmərəm oradan. Buna mənim ürəyim dözməz. Düşmən tapdağındakı Şuşadan qayıdıb Bakıda mən Şuşadan yazı yaza bilmərəm...”.


Xatırladaq ki, noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Onu da qeyd edək ki, Ermənistana və Qarabağa gedən azərbaycanlı jurnalistlər hələ də səfər təəssüratlarını bölüşməyiblər. Nazim Sabiroğlunun bu yazısını isə Qarabağa gedən jurnalistlərimizin səfərini kölgədə qoyduğunu əminliklə deyə bilərik...
Diaspora