Bu barədə səslənən fikirlərə inanan da var, bunu cəfəngiyyat sayan da; “Türkiyə Rusiyaya heç bir halda bu addımı atmağa imkan verməz!”
Rusiyanın “Regnum” portalı iddia edib ki, İran və Gürcüstanda yaranmış vəziyyət Azərbaycanı Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə icazə verməyə məcbur edəcək. Bu isə münaqişənin Madrid prinsipləri əsasında həllini mümkünsüz edir.Politoloq Stanislav Tarasov məqaləsində bunu belə izah edir: “Azərbaycan üçün Gürcüstan enerjidaşıyıcılarını dünya bazarlarına çıxarmaq üçün yeganə nəqliyyat dəhlizidir, başqa nəqliyyat kommunikasiyalarından isə heç danışmağa dəyməz. Bu dəhlizin təhlükəsizliyini kim qoruyacaq, bu dəhliz olacaqmı ümumiyyətlə?” (İstiPress) Azərbaycanda böyüsə də, ermənipərəstliyi ilə tanınan Tarasov iddia edir ki, Gürcüstanda və İranda vəziyyətin pisləşməsindən sonra Azərbaycan öz neft və qazını Avropa bazarlarına çıxara bilməyəcək, buna görə də Rusiyanın istənilən tələbinə, o cümlədən Qarabağa öz ordusunu yeritmək istəyinə boyun əyməli olacaq.
Qeyd olunduğu kimi, Rusiya ordusunun Qarabağ yeridilməsi məsələsi zaman-zaman ermənilər və ermənipərəst Rusiya siyasətçiləri tərəfindən gündəmə gətirilir. Onların fikrincə, bu, Azərbaycanın Qarabağda öz ərazi bütövlüyünü təmin etmək üçün antiterror əməliyyatı keçirməsini qeyri-mümkünsüz edə bilər. Yəni Azərbaycan üçün həddindən əlverişsiz perspektivdir və hətta münaqişənin Madrid prinsipləri əsasında həllini mümkünsüz edir.
Yeri gəlmişkən, bu arada Nikol Paşinyanın Avropada səsləndirdiyi növbəti sərsəm iddiaların da cavabı verilib. “Ermənistan baş nazirinin söylədiklərini onun öz əhalisini yanıltmaq cəhdi kimi xarakterizə etmək olar. Bunun başqa cür qiymətləndirilməsi mümkün deyil”. Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş naziri Nikol Paşinyanın Milanda dediklərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Nikol Paşinyan növbəti dəfə SSRİ Konstitusiyasına istinad edərək guya Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Konstitusiya ilə ayrılmaq hüququnun olduğunu iddia edir: “Öz tərəfimizdən növbəti dəfə xatırladırıq ki, SSRİ Konstitusiyasının 78-ci Maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Eyni zamanda erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar SSRİ ali qurumları öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etmişdi. Misal üçün, 1990-cı il 10 yanvar tarixində SSRİ Ali Sovetinin Prezidiumunun qəbul etdiyi və Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdlərinin qanunsuz olduğunu vurğulayan ”Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağa dair 1 dekabr 1989-cu il və 9 yanvar 1990-cı il tarixli qərarlarının SSRİ Konstitusiyasına uyğun olmaması barədə" qərarı. Bu mövqe eynilə SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il qərarı və növbəti gün SSRİ Konstitusiya Nəzarət Komitəsinin qəbul etdiyi qərarda da öz əksini tapdı. DQMV ermənilərinin birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olduğu bir halda, baş nazirin bunu SSRİ Konstitusiyası ilə əsaslandırmaq cəhdləri öz əhalisini yanıltmaq deyil bəs nədir? Nikol Paşinyan DQMV yerli şurasının öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etdiyini qeyd edir, lakin baş nazir Dağlıq Qarabağda 1991-ci il dekabrın 10-da separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmir".
“Xocalı soyqırımını təkzib edərək bunu yalan adlandıran baş nazir demək Ermənistan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidlərinin ifadələrini yalan hesab edir. Görünür, öz müqəssirliyini utanmadan etiraf edən Ermənistanın o dövrdəki müdafiə naziri və keçmiş prezidenti Serj Sərkisyan xarici jurnalistə müsahibəsində dediyi ”Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq" ifadələrdən də Nikol Paşinyanın xəbəri yoxdur. Maraqlıdır, öz sələflərindən fərqli olaraq Nikol Paşinyan beynəlxalq ictimaiyyət qarşısında özünü demokratik dəyərlərin tərəfdarı kimi təqdim edir. Belə olduğu halda, bunu təsdiq etməli və Azərbaycanın ərazilərinin işğalına son qoymalıdır ki, insanlar öz doğma torpaqlarına geri qayıtsınlar", - deyə L.Abdullayeva qeyd edib.
Qeyd edək ki, politoloq Eldar Namazov da qəzetimizə müsahibəsində erməni tərəfin iddialarının hüquqi əsasının olmadığı barədə ciddi arqumentlər gətirib.
Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Tarasovun bu açıqlamasını ekspert oyunbazlığı adlandırıb: “Tarasov belə sensasiyalı açıqlamaları hərdənbir verir. Adətən ekspertlər belə sensasiyalı açıqlamalar verərək gündəmə yeni mövzUlar gətirirlər ki, müzakirə olunsun. Əslində, isə belə bir məsələ yoxdur və Azərbaycan istənilən halda, buna razılıq verməz”. T.Abbasovun sözlərinə görə, Azərbaycan hazırda regionda söz sahibidir və heç bir regional güc, o cümlədən Rusiya Azərbaycanın icazəsi olmadan onun ərazisinə qoşun yeridə bilməz: “Biz işğal altında olan torpaqlarımızda prosesləri diqqətlə izləyirik və hadisələrin inkişafında ciddi təhlükə görsək, dərhal müdaxilə edəcəyik. Sadəcə, Azərbaycan münaqişənin həlli üzrə beynəlxalq vasitəçilərin həmsədrlik etdiyi danışıqlar prosesinə hörmətlə yanaşır. Amma ciddi təhlükə olarsa, təbii ki, Azərbaycan öz ərazi bütövlüyünün hərbi yolla bərpasına qərar verəcək”.
Ancaq Azərbaycanda belə təhlükəli planın hazırlanmasına inananlar da yox deyil. Məsələn, politoloq Hikmət Hacızadə bir neçə gün əvvəl “Yeni Müsavat”a demişdi ki, Rusiyanın əsas istəyi öz qoşunlarını Qarabağda yerləşdirməkdən ibarətdir. Bu mənada Rusiya XİN rəhbərinin Azərbaycana ünvanlı təhdidli açıqlamalarının arxasında da Kremlin belə bir niyyətinin dayandığı təxmin edilir.
“Atlas” Araçdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu də “Yeni Müsavat”a dedi ki, Rusiyanın Qarabağa qoşun yeritmək istəyi illərdir var və gündəmdədir: “Sadəcə bəzən bunu dilə gətirirlər, bəzən yox. Bəzən elə adamların açıqlamasını tirajlayırlar ki, hiss olunur ki, bu, əslində Kremlin istəyidir”. E.Şahinoğlu qeyd etdi ki, belə bir plan heç bir halda Azərbaycanın maraqlarına cavab vermir: “Rusiya qoşunlarını Qarabağa yerləşdirsə, çox təəssüf ki, biz bir daha rus qoşunlarını ordan çıxara bilməyəcəyik. Çünki erməni separatçıları və Ermənistan rus qoşunlarının uzun müddət orda qalmasına çalışacaq. Bunu Rusiya da istəyəcək. Bu baxımdan məsələ bizim maraqlarımıza cavab vermir. Uzaqbaşı, əgər Rusiya sülhməramlıları nə vaxtsa Qarabağa gəlsə, elə etməliyik ki, Türkiyə sülhməramlıları da Qarabağda olsun. Ən azı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyinə Türkiyənin Silahlı Qüvvələri təminat versinlər. Bəlkə bu halda güzəştə getmək olar”.
QAT sədri Akif Nağı isə dedi ki, belə bir planın olması real deyil: “Böyük ehtimalla az sayda da olsa, rus qoşunları gizli şəkildə Dağlıq Qarabağda həmişə olub, bu gün də var. Rusiya oraya böyük həcmdə silahlı qüvvə yerləşdirsə, Azərbaycan həmin əraziləri həmişəlik itirmiş olar. Amma bu mümkün deyil, ortada Türkiyə amili də var. Türkiyə Rusiyaya heç bir halda bu addımı atmağa imkan verməz!” (musavat.com)