Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır; rusiyalı tarixçi-alim erməni eks-baş nazirin yalanını çıxardı; azərbaycanlı politoloq: “Ermənistanın arxasında Rusiya kimi havadar dayanıb...”
Azərbaycan torpaqlarının işğalında Rusiyanın müstəsna rol oynaması məsələsi vaxtaşırı ölkəmizdə müzakirə olan mövzulardan biridir. Bir qayda olaraq, Ermənistan bu faktı inkar edir, ərazilərimizin guya “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” adlı mifik ordu tərəfindən zəbt edildiyini deyir. Yəni guya heç Ermənistanın da bu işğala dəxli yox imiş.Əlbəttə ki, dünya çoxdan bu nağıllara inanmır. Ən azı o səbəbə ki, vaxtilə cəmi 110 min nəfərin yaşadığı Dağlıq Qarabağda hətta uşaqların və qocaların da əlinə silah verilsəydi, Azərbaycan qarşı duruş gətirəcək ordu yaratmaq mümkün olmazdı. O da aydındır ki, Ermənistan bu iddialarla Dağlıq Qarabağı “qabağa” vermək və sudan quru çıxmaq, Bakını Xankəndi ilə birbaşa danışıqlara vadar edib işğalçı yarlığından qurtulmaq niyyəti güdür.
Ancaq bir şey də dəqiqdir ki, Azərbaycan torpaqlarının işğalının uzanmasında Rusiya amili həlledici rol oynayır. Moskva Qarabağ konfliktinin həllində heç cür öz forpostunu narazı salmaq istəmir. Bundansa problemin indiki dondurulmuş vəziyyətdə qalmasına üstünlük verir.
*****
Ötən saylarımızın birində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın 2-ci Qarabağ müharibəsində ermənilərin, faktiki, Rusiyanın köməyi hesabına qalib gəldikləri haqda fikirləri yer alıb. Baqratyan İrəvandakı televiziyaya müsahibəsində demişdi ki, Ermənistan Dağlıq Qarabağı Yeqor Qaydarın - Yeltsin Rusiyasının islahatçı baş nazirinin sayəsində işğal edib. Bildirib ki, Qaydar olmasaydı, Qarabağ indi ermənilərin əlində deyildi.
Onun sözlərinə görə, Qayday 90-cı illərin əvvəllərində Ermənistan üçün çox şey edib və onun verdiyi töhfənin qiyməti yoxdur. Və Baqratyan İrəvanda və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə çağırmışdı.
Sitat: “Məsələn, 1992-ci ilin yayında biz məğlub olurduq, çıxış yolu yox idi, düşmən Qandzasara (Ağdərə rayonu, Vəng kəndi - red.) daxil olmuşdu, hər şey dağılmışdı, mən hələ baş nazir deyildim və deyəsən artıq qərar verilmişdi ki, onlar (azərbaycanlılar - red.) Stepanakertə (Xankəndinə - red.) girəcəklər, sonra oturub danışacağıq. Azərbaycanlıların hərbi hava qüvvələri var idi, bizdə isə mövcud deyildi. Artıq sonra, 1993-cü ildə mən baş nazir olanda biz iki həftə ərzində effektiv havadan müdafiə sistemi yaratdıq, bu sistemə qarşı döyüşmək lazım gəldi və biz Mardakert rayonunda (Ağdərə) hava döyüşü aparmaq imkanı qazandıq. Mən indi bundan artığını danışmaq istəmirəm. Qaydarın adını bu şəhərin ən yaxşı küçələrindən birinə vermək lazımdır, o cümlədən Stepanakertdə (Xankəndi)”.
Baqratyan Ermənistan televiziyasına müsahibəsində bunu da söyləmişdi ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində - memuarlarda ətraflı bəhs etməyə hazırlaşır: “Bütün gündəlikləri saxlamışam, böyük həcmdə informasiyalar var və gələcək nəsil bunları bilməlidir. Məxfi məktub var ki, ictimaiyyət bu haqda bilmir”.
*****
Rusiyalı tanınmış tarixçi-alim və politoloq Oleq Kuznetsov isə Qrant Baqratyanın dediklərinə şübhə ilə yanaşır. “Yeni Müsavat”ın məlumatına görə, rusdilli Vesti.az saytına açıqlamasımda o bildirib ki, Baqratyanın memuarlarını oxumaq onun üçün çox maraqlı olacaq: “Əgər təbii ki, belə bir şey yazılsa və çap olunsa. Əgər onun sözləri heç olmasa, 50% düzdürsə, o zaman peşəkar tarixçi kimi mənim üçün onun xatirələri ciddi tarixi dəlil rolu oynayacaq”.
Onun sözlərinə görə, hansısa məramla onu həyata keçirmək arasında həmişə böyük məsafə mövcud olur: “Ona görə də cənab Baqratyanın sözləri daha çox özünü reklama bənzəyir. Yox, əgər o desəydi ki, budur, mənim əlimdə memuarların əlyazmaları var - o başqa məsələ. İndi isə o, açıq-aşkar dahi siyasətçi rolu oynamağa çalışır və bu zaman onun kepkasının altından xırda şantajçı və ya aşağı stavkada blef edən kart qumarbazının qulaqları görünür”.
Sözünə davam edən tarixçi-alim deyib: “Onun artıq bu dünyada olmayan Yeqor Qaydarla bağlı dediklərinə gəlincə, mən əmin deyiləm ki, sözlərində hansısa həqiqət payı var. Düşünmürəm ki, Qaydar, ümumiyyətlə, Baqratyanla 1992-ci ildə hansısa özəl məktublar mübadiləsi edib. Həmin ilin yay-payızında Qaydar Rusiya hökuməti başçısının müavini və sədrin səlahiyyətlərinin icraçısı idi. Ancaq o zamanlar o, daima Ali Sovetdən müxalifətin hücumlarına məruz qalırdı. Ölkə hökumət başına Viktor Çernomırdinin gəlişinədək təxminən yarım il permanent hökumət böhranı vəziyyətində idi. Ondan sonra Qaydar bütün dövlət vəzifələrindən qovuldu və yalnız prezident Yeltsinin məsləhətçisi kimi qaldı - o da formal olaraq”.
Oleq Kuznetsova görə, həmin dövrdə Yeqor Qaydar yüz faiz Dağlıq Qarabağın hayında olmayıb: “Hərçənd mən səhv də edə bilərəm. Bəlkə də hansısa gizli işlər olub. Ona görə Baqratyanın memuarlarını məmnuniyyətlə oxuyardım - əgər əlbəttə ki, belə bir şey yazılacaq və çap ediləcəksə. Hərçənd buna şübhə edirəm. Mübahisə eləmirəm, Yeqor Qaydar daha sonrakı zamanlarda Xankəndindəki rejimə maliyyə və resurs baxımından hansısa köməyi edə bilərdi. Ancaq onun cəbhədəki vəziyyətə şəxsən təsir eləməsi - bu, əsla mümkün deyildi”.
*****
Azərbaycanlı politoloq Natiq Miri isə düşünür ki, Rusiya amili Ermənistan üçün indi də həlledici olaraq qalmaqdadır.
“Rusiya Ermənistana müasir silahları ucuz qiymətə satmağı planlaşdırır. Bu silahlar içində dördüncü və beşinci nəsil müasir qırıcılar da var. Eyni zamanda, bəzi raket sistemlərinin satılması da nəzərdə tutulur”. ”Yeni Müsavat"ın məlumatına görə, bunu o, Teleqraf.com-a müsahibəsində deyib.
Ekspert Ermənistan baş naziri Nikol Paşinyanın “münaqişə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları üçün məqbul variant əsasında həllini tapmalıdır” fikrinə də münasibət bildirib. Deyib ki, bu, yalnız sülh danışıqları prosesinin müəyyən mərhələsindən sonra Qarabağın hər iki icmanın prosesə qoşulması şəklində mümkündür: “Bu, gözləniləndir. Demək olar ki, icmaların danışıqlarda iştirakı razılaşdırılmış məqamdır. Dağlıq Qarabağda yaşayacaq icmalar ən azı son mərhələdə iştirak etməlidir. Amma razılaşdırılan məqama görə, qarşı tərəfdən konfliktin həlli ilə bağlı söz sahibi Ermənistandır, separatçılar yox. Ayrıca, Azərbaycan ərazilərinin iyirmi faizini işğal edən tərəf kimi də Ermənistan çıxış edir. Çünki Qarabağdakı bir ovuc separatçı Azərbaycan ərazilərini işğal edəcək gücdə deyildi. Əlbəttə, Ermənistanın özü də bu qüdrətə sahib deyildi. Bəllidir ki, onların arxasında Rusiya kimi havadar dayanır. Bilavasitə Rusiyanın dəstəyi ilə bu torpaqlar işğal olunub. Ayrıca bu gün Qarabağdakı separatçı rejimin başında duranlar ”Qarabağ klanı" və Rusiya xüsusi xidmət orqanlarının idarə etdiyi şəxslərdir. Bu isə o deməkdir ki, Paşinyan Qarabağ məsələsində istənilən təxribatla üzləşə bilər".
Politoloqun fikrincə, Paşinyanın baş qatmaqla substantiv danışıqlardan imtina etdiyi açıq şəkildə sezilir. “Düşünürəm ki, Azərbaycan buna imkan verməməlidir. Hesab edirəm ki, substantiv danışıqları davam etdirmək yerinə jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etmək kimi humanitar layihələrin həyata keçirilməsi Azərbaycanın maraqlarına xidmət etmir. Çünki bunlar status-kvonu dəyişəcək gücdə deyil. Bu, sadəcə, Ermənistana zaman qazandırır”, - deyə o qeyd edib.
Onun qənaətincə, Rusiya həm şirnikləndirici, həm də cəzalandırıcı addımlar atmaqla Ermənistanı öz orbitində saxlayır.
*****
Ancaq Ermənistana Rusiya təsiri nə qədər güclü olsa da, işğalçı ölkənin rəhbərliyi öz xalqını sülhə hazırlamaqla, onu inandırmaqla Moskva faktorunu minimuma endirə bilər. Enində-sonunda Qarabağ konfliktinin altını çəkən, işğala görə iztirablar içində yaşayan erməni xalqıdır, ruslar yox. Qərarı da erməni toplumu verməlidir: ona ildən-ilə daha da ağırlaşan blokada vəziyyətində, daim dağıdıcı müharibə təhlükəsi altında yaşamaq xoşdur, yoxsa nəhayət, Azərbaycan xalqı ilə anlaşıb, inkişaf yoluna çıxmaq, təhlükəsiz yaşayışı təmin eləmək?
Qısası, “hərb, yoxsa sülh” dilemmasına cavabı həmişəki kimi, ən əvvəl erməni tərəfi verməli, seçimi o etməlidir. Danışıqlar xətrinə danışıq aparmaq dönəmi artıq bitib. Hər halda, Azərbaycan daha buna getməyəcək... (musavat.com)