Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...

Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə... backend

Kəlbəcərli girovların işi yenə yubanır

2014-cü il dekabrın 26-da qoşunların təmas xəttini gizli olaraq keçərək tutulan və Azərbaycanda məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum olan erməni diversant Arsen Baqdasaryan ARB TV-nin “Rezonans” proqramında müsahibə verib.

“Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam” deyərək belə davam edib: “Orada təbliğat aparırdılar ki, azərbaycanlılar toraqları işğaldan azad eləsələr ana-bacılarımızı zorlayacaqlar, onları tikə-tikə edəcəklər. Lakin mən iki ildir burdayam, erməniyəm, əslində burda məni vura da bilərlər, amma indiyə qədər bir dənə də olsun sillə vurmayıblar. Bu da onların danışdığı yalanların əsl cavabıdır. Burada heç kimi zorlamırlar. Bu çəkiliş vasitəsilə Azərbaycan Respublikasının prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, ölkədə gözəl şərait yaradıb. Eyni zamanda Azərbaycan xalqından cinayətlərimə, əməllərimə görə üzr istəyirəm. Əgər bağışlaya bilirlərsə məni bağışlasınlar”.

Beləliklə, erməni diversant Arsen Baqdasaryan Bakıda məhkumluq həyatında ona qarşı heç bir təzyiq olmadığını etiraf edir və sanki cənnətdə olduğunu bəyan edir.

Ermənistan tərəfində qanunsuz girov saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə isə “cənnətdə yaşayırlar” fikrini dilə gətirmək mümkün deyil. İşğal olunmuş Şuşa türməsində saxlanılan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hələ illər öncə qondarma “məhkəmə prosesi”ndən yayılan görüntüləri onların cənnətdə yox, cəhənnəmlə müqayisə ediləcək həddə dəhşət içərisində yaşadıqları, işgəncə altında olduqları aydın görünürdü. Ermənilərin azərbaycanlı girovlara ilk vaxtlardan cəhənnəm yaşatdıqları bəllidir.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın necə humanist olduğu Arsen Baqdasaryanın gümrah görünüşü və açıqlamaları, Ermənistanın isə bütün beynəlxalq konvensiyaları humanizm prinsiplərini pozduğunu Dilqəm Əsgərovla Şahbaz Quliyevin tutulduqlarından bir müddət sonrakı görüntüləri, fizimi baxımdan durumları ortaya qoyur: “Azərbaycanda həbsdə olan Arsen Baqdasaryan sanki cənnətdə olduğunu deyir, ondan videomüsahibələr alınır. Azərbaycanlı girovları isə ermənilər işgəncə altında saxlayırlar. İki ildən artıqdır atamın nə bir şəklini, nə də videogörüntüsünü ala bilirik. Bu məndə atamın, ümumiyyətlə, həyata olub-olmadığı barədə böyük narahatlıq yaradır. Çox güman ki, atamın səhhəti o dərəcədə ağırdır ki, ermənilər onun görüntüsünün yayılmasını istəmirlər. Dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə atamın fotosunu, videogörüntüsünü gətirmələrini istəsək də, iki ildən artıqdır nəticə yoxdur.

Atamgilin işi Avropa Məhkəməsində icraata götürülsə də, hələ baxılmayıb. Əslində ümid edirdim ki, atam Dilqəm Əsgərovla Şahbaz Quliyevin işinə qısa müddətdə baxılacaq, ancaq baş verənlər məni yanıldır, ümidsizləşdirir. Azərbaycan hökuməti iş aparır, lakin Avropa Məhkəməsi sanki prosesi qəsdən yubadır.

Atamın 60 yaşı var və səhhətində ciddi problemləri var. Atam da, Şahbaz Quliyev də həm yaşlı, həm də xəstədirlər. Qorxuram ki, onların səhhətləri ilə bağlı ciddi problemləri yaransın və hər şey üçün gec olsun".

Qeyd edək ki, 2014-cü il iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Ermənistan əsgərləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.

2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində isə qanunsuz “məhkəmə” qurulub. D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisinin Şuşa türməsində saxlandığı deyilir.

Onu da bildirək ki, təxminən iki ay öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı “Valday” diskussiya klubunun XVI sammitində çıxışı zamanı açıqlama vermişdi. O qeyd etmişdi ki, yaxın zamanlarda əsir və girovlar dəyişdirilə bilər. Bundan bir qədər öncə isə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanan erməni hərbçilərlə “Hamının hamıya prinsipi” üzrə dəyişdirilməsi təklifi ilə Ermənistana rəsmi təklifini irəli sürüb. Ermənistan tərəfi isə təklifə baxıldığını açıqlayıb. Lakin məsələ yenə də həllini tapmamış qalır.

musavat.com
Diaspora