3 həmsədrə 4 nota və... BMT-nin reallaşmayan 4 qətnaməsi

3 həmsədrə 4 nota və... BMT-nin reallaşmayan 4 qətnaməsi backend

Qarabağ probleminin həllinə ən böyük problemi elə vasitəçilər yaradır - nonsens; Tofiq Zülfüqarov: “Rusiyadakı ermənipərəst çevrələr Sergey Lavrov da daxil, Bakı-Moskva münasibətlərinə zərbə vurmaq istəyir...”

Dağlıq Qarabağ münaqişənin həllini yubadan əsas amilin ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğalçı Ermənistana münasibətdə “ikili standart” siyasəti olduğu bir daha qabarıq şəkildə üzə çıxdı. Çox maraqlıdır ki, bir-biri ilə geosiyasi rəqabət və “soyuq müharibə” şəraitində olan iki vasitəçi dövlət - Rusiya və ABŞ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə heyrətamiz yekdillik göstərir. İşğalçıya, separatçılara nəinki göz ağartmır, ona hətta sayğı göstərir. Eləcə də üçüncü həmsədr Fransa.

Dağlıq Qarabağdakı kriminal rejimin nümayəndəsi, özünü üzdəniraq “xarici işlər naziri” kimi təqdim edən Masis Maliyanın öncə ABŞ-a, oradan isə Rusiyaya səfər edib Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə hədyanlar söyləməsi, əleyhimizə cəzasız şəkildə təbliğat aparması, işğalın nəticələrini təbliğ eləməsi bunun növbəti bariz təsdiqi oldu. ABŞ və Rusiya rəsmilərinin “bu, fərdi səfərdir” deyib Azərbaycanı sakitləşdirməyə, başımızın altına yastıq qoymağa çalışsalar da, gerçək dəyişmir.

Əlbəttə ki, bu, qətiyyən adi səfər deyil, ölkəmizə qarşı təxribat məqsədi güdən və beynəlxalq hüququ çeynəyən, eyni zamanda kövrək sülh prosesini torpedalayan bir avantürist hərəkətdir. Təbii ki, bunun da suçu separatçıya qucaq açan, ona viza verib öz ərazisində Azərbaycan əleyhinə ağzına gələni danışmasına şərait yaradan ABŞ və Rusiya hökumətləridir. Halbuki götürdükləri beynəlxalq öhdəliklər onlardan belə hərəkətləri və qanunsuz səfərləri dərhal önləməyi tələb edir, nəinki separatçı ünsürləri şirnikləndirməyi.

Bu mənada rəsmi Bakının bir neçə günlük zaman fərqi ilə ABŞ və Rusiyanın səfirlərini XİN-ə çağıraraq onlara etiraz notası təqdim etməsi tamamilə yerindədir. Az öncə Azərbaycan ABŞ-a (iki ermənipərəst konqresmenin Dağlıq Qarabağa qanunsuz səfərinə görə) və Fransaya analoji etirazını bildirmişdi. Yeri gəlmişkən, bu da Avropanın Qarabağ məsələsində “ikili standartı”na dair növbəti fakt (əlbəttə, biz AŞ PA-nın, Avropa Parlamentinin Qarabağla bağlı ədalətli qərarlarını da unutmuruq). Belə ki, noyabrın 5-də Qarabağ separatçısı, özünü “Dağlıq Qarabağın ombudsmanı” kimi qələmə verən Artak Beqlaryan Avstriyanın İnsburk şəhərində Avropa Ombudsmanları İnstitutunun beynəlxalq konfransına qatılıb. Bu barədə erməni KİV-i xəbər verib. Konfransın üzvü kimi tematik müzakirələrə qatılan bu bədnam “ombudsman” “tanınmamış dövlətlərin beynəlxalq təcridinin demokratik institutların inkişafına mənfi təsir göstərməsi” barədə çıxış edib. Onun çıxışına münasibət bildirən Avropa Ombudsmanlar İnstitutunun baş katibi Cozef Siqel separatçını bu məsələdə dəstəkləyərək insan hüquqlarının sərhədsiz olduğunu əlavə edib...

*****

Beləcə, 2 həftədə 4 nota - ikisi Birləşmiş Ştatlara, ikisi isə Fransa və Rusiyaya. Əcəb işdir. Eyni zamanda çox qəribədir ki, bu üç dövlətölkə özlərini qərəzsiz vasitəçi hesab eləsə də, ermənilərə, onların mənfur əməlinə və torpaq iddiasına görə Azərbaycan kimi bölgənin açar ölkəsi ilə münasibətlərə kölgə düşməyə razı olurlar.

Bu fonda ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin “ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etməyə hazırdır” söyləməsi, yumşaq desək, qeyri-səmimi görünür. Eləcə də Rusiya və Fransadan səslənən analoji bəyanatlar. Bu bəyanatlar sənimi olsaydı, Qarabağ ixtilafı, erməni işğalı bunca uzanmazdı ki?

Amerika səfəri isə deyir ki, səfirlik Minsk Qrupu həmsədrlərinin atəşkəs rejiminə ciddi əməl etmələri və təxribatçı hərəkətlərdən çəkinmələrinə dair tərəflərə çağırışları ilə tam razıdır. “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Danışıqlar prosesində sülh və tərəqqi naminə əlverişli atmosferin qorunması üçün təmkin nümayiş etdirmək çox vacibdir”, - deyə amerikalı diplomat əlavə edib.

Yaxşı, konfliktin hərbi yolla həlli yoxdur, dinc həllinə də illərdir özünüz, “ikili standart” siyasətiniz imkan vermir. O zaman Azərbaycan nə etməlidir? O zaman BMT TŞ-nin bu üç vasitəçi dövlətin də səs verdiyi Qarabağa dair 4 qətnamə necə olsun bəs? Daha neçə il, nə vaxtadək danışıq xətrinə danışıq aparılacaq, sülh nizamlanması görüntüsü yaradılacaq, görəsən?

Söz düşmüşkən, dünən Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Bu barədə Slovakiya XİN-in rəsmi saytı məlumat yayıb. Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr və münaqişənin həlli perspektivlərinin müzakirə edildiyi deyilir. “Mən məmnunam ki, Minsk Qrupunun həmsədrləri tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər”, - deyə M.Layçak bildirib.

*****

Belə şablon, növbətçi bəyanat və açıqlamaları isə on illərdir eşidirik. Di gəl, “Qarabağ yükü” hələ də öz köhnə yerindədir.

Azərbaycanın sabiq xarici işlər naziri, uzun illər Qarabağ danışıqlarının içində olmuş Tofiq Zülfüqarov hesab edir ki, rəsmi Bakı daima mövqeyini tənqid etdiyimiz ölkədən asılı olmayaraq, prinsipial olaraq öz mövqeyində təkid etməlidir. “Bu - aksiomdur. Başqa yandan, bəzi adamlar bizdə strateji tərəfdaşlıq kimi anlayışları tamamən fərqli dərk edirlər”, - deyə eks-diplomat erməni separatçısının ABŞ və Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, konkret olaraq Rusiyadakı bəzi anti-Azərbaycan dairələrin addımlarına lazımi reaksiya vermək labüddür: “Susqunluq - prinsipiallığın olmamasının göstəricisidir. Əksinə, belə məsələləri kifayət qədər sərt şəkildə qaldırmaq və səsləndirmək lazımdır - o məqsədlə ki, Azərbaycan-Rusiya əlaqələrini korlamağa çalışan çevrələr növbəti təxribatçı addımlardan çəkinsinlər. Bir çox istiqamətlər üzrə tərəfdaş və qonşu Rusiyanın bizdən ötrü önəmini hamımız başa düşürük. Bununla belə, biz anlamalıyıq ki, Rusiyada müxtəlif dairələr, o cümlədən ermənipərəst çevrələr var - hansı ki, hər vəchlə Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyir. Bu ilk növbədə Sergey Lavrova (Rusiya xarici işlər naziri - red.) da aiddir - hansının ki, bəzi hərəkətlərində etnik motiv var. Ona görə də belə praktikanı dayandırmaq üçün Azərbaycan XİN-i, şəxsən xarici işlər naziri özünü prinsipial aparmalı və ölkəmizin maraqlarını ləyaqətlə qorumalıdır”.

*****

Bu arada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Zakari Qrosla görüşüb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycanla Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycanla Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən nazir vurğulayıb ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir. Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Zakir Həsənov Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq konfliktin həllində səylərini daha da artıracağına ümidvar olduğunu bildirib. Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanla Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edən diplomat Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Səfir ölkəsinin Azərbaycanla müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. (musavat.com)
Diaspora