Regionda “müstəqil kürd dövləti” layihəsinin Türkiyə tərəfindən basdırılması işğalçı ölkəni təlaşlandırıb; erməni nəşri: “Sıra Qarabağa da çata bilər, Tramp Azərbaycana mesaj göndərdi ki...”
Türkiyənin oktyabrın 9-da Suriyada başlatdığı və 5 günlüyə ara verilən antiterror əməliyyatından PKK-çılar qədər təlaş keçirənlər yəqin ki, bir də ermənilər oldu. Daha doğrusu, işğalçı Ermənistan. Zamanın ironiyasına bax ki, öz qonşusu Azərbaycanın 20% torpaqlarını on illərdir işğal altında saxlayan bu təcavüzkar ölkə, az qala, hamıdan qabaq və uca səslə qardaş ölkəni Suriyaya təcavüzdə ittiham elədi.Bu azmış kimi, İrəvanda bəziləri təəccüb elədilər ki, nə əcəb, “təcavüzkar Türkiyə”yə qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamə qəbul eləmədi? Amma Ermənistanın özü BMT TŞ-nin Qarabağa dair, erməni işğalla bağlı 4 qətnaməsini 27 ildir qulaqardı edir. Erməni həyasızlığı doğrudan da sərhəd tanımır.
O da faktdır ki, mənfur qonşular qardaş ölkənin bölgədə daha da güclənməsi və Azərbaycana daha sanballı dəstək verməsindən özlərinə heç cür rahatlıq tapa bilmirlər. Bu da növbəti fakt.
*****
“Türkiyə artıq nüfuzlu regional dövlətə çevrilir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com saytında ABŞ-Türkiyə anlaşmasına həsr olunmuş şərhdə deyilir.
“Artıq baş verməli olan baş verib və bu, Ankaranın mövqeyinin güclənməsinin nə dərəcədə təhlükəli olduğunu gözəl başa düşən bır sıra dövlətlər üçün ciddi təhlükə kəsb edir. O da aydındır ki, ABŞ çox nahaq yerə ”təhlükəsizlik zonası" yaradılması ilə bağlı Türkiyənin mövqeyi ilə razılaşdı. Yanlış həm də ondan ibarətdir ki, Amerika kürdlərin tərksilah edilməsi barədə də türklərlə anlaşıb. Bütün bunlar ondan xəbər verir ki, ABŞ və bütövlükdə Qərb Ankaranın mövqeyi ilə razılaşmaqla Yaxın Şərqdə məğlubiyyətə uğrayıb", - deyə müəllif Qraçya Qalustyan öz məqaləsində qeyd edir.
Məqalədə daha sonra bildirilir: “Gördüyümüz kimi, Türkiyə artıq nüfuzlu regional dövlətə çevrilir. Özü də bu zaman ağır texnika, terrorçular tərəfindən Qərb təlimatçılarının köməyi ilə yaradılmış hərbi infrastruktur, könüllülərin əlində olan başqa-silah sursatlar onlardan alınır. Yəni mahiyyət etibarilə kürd könüllülərinin (oxu: PKK terrorçuları - ”YM") arsızcasına Qərb tərəfindən tərk-silah edilməsi prosesi gedir".
Müəllifə görə, bu, ABŞ və Qərb üçün rüsvayçılıqdır: “Həm də o səbəbə ki, bununla müstəqil kürd dövlətinin yaradılması asanca və sadəcə, gündəmdən çıxarılır. Halbuki kürd dövləti məhz Qərb tərəfindən Vaşinqton, Avropa və ərəb dövlətlərinin maraqlarını qorumaq üçün etibarlı platsdarm qismində düşünülmüşdü! Şübhəsiz, Ermənistana da təsirsiz ötüşməyəcək olaylar fonunda bax, belə təhlükəli nəticələr ortaya çıxır. Və məsələ təkcə onda deyil ki, rəsmi İrəvan haqlı olaraq Türkiyənin hərəkətlərini pisləyib. Aydındır ki, Türkiyənin bölgədə və dünyada istənilən şəkildə güclənməsi bizim ölkəmiz üçün təhlükə və təhdid vəd edir”.
Bu yerdə qeyd edək ki, İrəvanın təlaşı həm də daha da güclənmiş Türkiyəyə qarşı saxta soyqırım iddiası ilə bağlı kampaniyanın qat-qat çətin, eyni zamanda mənasız olacağı ilə ilgilidir.
*****
Məqalədə daha sonra Bakı və Ankara abırsızcasına Ermənistanı blokadada saxlamaqda suçlanır: “Türkiyə hələ də ölkəmizlə sərhədi bağlı saxlayır, Azərbaycanla birgə Ermənistanın blokadasına dəstək verir. Ankara hər şeydə Bakı ilə eyni mövqedən çıxış edir. Bu mənada çox mühümdür ki, hərbi əməliyyatların qızğın çağında Ərdoğan məhz Bakıya gəldi və elə orada - Bakıdaca türk dövlətlərinin dəstəyini aldı. Bu isə artıq təhlükəlidir. Mahiyyət etibarilə biz Ankara-Bakı tandeminin daha da güclənməsini görürük - hansı tandemi ki, Qazaxıstan, Özbəkistan, hətta Bolqarıstan və Macarıstan dəstəkləyir”.
Erməni şərhçi ardınca təəssüflə və xüsusi qeyd edir ki, Türkiyə-Azərbaycan ittifaqı Rusiyada heç bir əks-təzyiq doğurmur: “Bizim ”strateji müttəfiqimiz", deyəsən, bu tandemin (Bakı-Ankara birliyinin - “YM”) daha da güclənməsindən məmnundur. Bəlkə də o səbəbə ki, bu tandemi ölkəmizə daha bir təzyiq vasitəsi kimi görür. Və indi tamamilə aydın olur ki, Azərbaycan rəhbərliyinin son “təxribatçı” bəyanatları (dırnaqlar bizimdir - “YM”) nədən qaynaqlanıb. Həmin bəyanatları (“Valday” forumunda və Aşqabad sammitində Nikol Paşinyanın üzləşdiyi fiaskolar nəzərdə tutulur - “YM”), məlum olduğu kimi, Rusiya heç bir şəkildə qınamayıb. Bu, azmış kimi, Moskva Valday forumundakı kimi Əliyevə yenə tribuna verdi. Onu da xatırladım ki, Azərbaycan prezidenti İlham Əliyev Qaregin Njde haqda özünün qalmaqallı nitqində məhz Rusiya mənbələrinə istinad eləmişdi. Üstəgəl, rusiyalı ekspertlər də dərhal İlham Əliyevi müdafiə etdilər. Bütün bunlar bizdə belə bur şübhəni artırır ki, Ermənistana qarşı əslində Türkiyə-Rusiya-Azərbaycan ittifaqı möhkəmlənməkdədir".
Məqalənin sonunda erməni təhlilçi yenidən ABŞ və Avropanın bostanına daş atır. “Əfsus ki, bütün bunlar ABŞ və Avropanın başı soyuqluğu fonunda baş verir. Donald Tramp Suriyada Türkiyə qarşısında kapitulyasiya eləməklə mahiyyət etibarilə erməni demokratiyasına (?! - ”YM") xəyanət etdi. O, Türkiyəyə güclənmək imkanı verdi, Azərbaycana isə mesaj göndərdi ki, Bakının da Qarabağda analoji əməliyyatına göz yumacaq. Bu əməliyyat haqda isə Azərbaycanda indi ən uc səslə danışırlar. Bizə isə bu zaman köməyi nə Qərbdən, nə də Rusiyadan gözləmək lazım gələcək. Həmişə olduğu kimi, yenə bütün dünyanın məkrinə (?! - “YM”) qarşı özümüz müqavimət göstərməliyik", - deyə Qalustyan əlavə edib.
Ancaq nə də olsa, bu məkr məsələsində saxtakar və işğalçı ermənilərə çatmaq mümkünsüzdür. Yaxşı deyiblər: “Adımı sənə qoyun, səni də yana-yana”. Qarabağda antiterror əməliyyatı isə mütləq olacaq. Ona görə ki, regiona ən böyük təhdidlərdən biri olan erməni terrorunun kökü hələ kəsilməyib...
“Yeni Müsavat”