Separatçı “DQR”in qondarma “Milli Təhlükəsizlik Şurası”nın keçmiş “katibi”, “səhra komandiri” Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama verib.
Virtualaz.org-un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında o, bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın vaxtilə yürütdüyü siyasəti yürüdür. Balasanyanın fikrincə, Paşinyan siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsidir.Balasanyanın bu fikirləri geniş müzakirələrə səbəb olub. Ekspertlərin bu barədə fikirləri birmənalı deyil. Çoxları Paşinyanın bu yola getmədiyini düşünsə də, Ermənistanın çətin ağır sosial-iqtisadi durumunu nəzərə alaraq, erməni baş nazirin razılıq verə biləcəyini düşünənlər də var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu separatçının dediklərinə inanmır: “Dağlıq Qarabağ separatçılarının ”Təhlükəsizlik Şurasının" keçmiş katibi və Dağlıq Qarabağda “prezidentliyə namizəd” Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanın əsas tənqidçilərindəndir. Balasanyan erməni mətbuatına son müsahibəsində deyib ki, guya Paşinyan Azərbaycan prezidenti ilə razılaşıb və Dağlıq Qarabağa geniş muxtariyyət verilməsi ideyasını qəbul edib. Bu yalandır. Paşinyan qorxaq siyasətçidir. O Azərbaycanla müharibə istəməsə də, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə hazır deyil. Tam əksinə, “Qarabağ Ermənistandır” deyir. Bunu deyən siyasətçi Dağlıq Qarabağa muxtariyyət ideyasını qəbul etməz.
Elxan Şahinoğlu: “Nikol Paşinyan qorxaq siyasətçidir”
Sadəcə, Balasanyan Paşinyanla bağlı şayiə yayır ki, onun Ermənistandakı və Dağlıq Qarabağdakı mövqeləri zəifləsin. O, Paşinyanı keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarı kimi göstərməklə erməni cəmiyyətində onu satqın kimi qələmə vermək istəyir. Məlumdur ki, Levon Ter-Petrosyan 1997-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə mərhələli həll planını qəbul etməyə və Azərbaycanla sülh sazişi imzalamağa hazır idi. Doğrudur, Paşinyan keçmiş illərdə Petrosyanın tərəfdarı olub. Ancaq bu, o demək deyil ki, Paşinyan çevriliş təhlükəsini diqqətə almayaraq Petrosyan kimi qərar verməyə hazırdır".
Əhəd Məmmədli: “Paşinyan özü üçün siyasi ölüm olan qərara imza atmaz”
Politoloq Əhəd Məmmədliyə də deyilənlər inandırıcı gəlmir: “Mənə bu iddia inandırıcı görünmür. Balasanyanın durub söyləməsi ki, Paşinyanla Əliyev arasında lift söhbətindən xəbərimiz var, bu mənə qeyri-ciddi görünür. Ciddi adam, fikrimcə, bu cür danışmaz. Həqiqətən liftdəki söhbətdən xəbəri olan adam bunu dilə gətirməz, uzağı eyham vurar. Qısası, Balasanyan mənə ciddi persona kimi görünmədi ki, onun sözlərini etibarlı sayım. Bu çıxışı daha çox İrəvan-Xankəndi qarşıdurması kimi dəyərləndirmək lazımdır. Balasanyanın məlum çıxışını Qarabağ klanının Paşinyanın üstünə ənənəvi hücum aspektindən dəyərləndirmək lazımdır. İrəvanın Ermənistan və Qarabağda Xankəndi ilə qarşıdurması əsnasında bu cür qarşılıqlı ittihamları hələ çox görəcəyik. Petrosyana gəldikdə isə, o Paşinyanın ”xaç atası" sayılsa da, indiki erməni iqtidarına həlledici təsiri olacağını düşünmürəm. Ermənistanın ən müdrik siyasətçisi Ter-Petrosyandır. Ona görə vaxtında Qarabağın muxtariyyətinə razı olmuşdu. Bunun bədəlini də hakimiyyətdən devrilməklə ödədi və bir də iqtidara qayıda bilmədi. Paşinyanın Petrosyan planına qayıdacağı mənə qətiyyən inandırıcı görünmür. Ölkəsinin çətin iqtisadi-sosial durumunda Paşinyan özü üçün siyasi ölüm olan qərara imza atmaz".
“Yeni Müsavat”