XİN həmsədrlərin səfər marşrutuna münasibət bildirib

XİN həmsədrlərin səfər marşrutuna münasibət bildirib backend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin marşrutunun Yerevandan Qarabağa və yalnız ondan sonra Bakıya keçməsinə, habelə bunun münaqişənin hər iki tərəfi ilə razılaşdırıldığı, yoxsa bunun həmsədrlərin özlərinin qərarı olması və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə biləcəyinə münasibət bildirib.

XİN-dən APA-ya verilən məlumata görə, Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”, - deyə L. Abdullayeva vurğulayıb
Diaspora