Bu gün gürcü baş nazir Ermənistana ilk səfərə gedir - Azərbaycandan sonra; işğalçı ölkədə yeni özünə təsəlli bəyanatları; Gürcüstanı qazanmağın yolu Bakı və Ankara ilə anlaşmadan keçir...
Oktyabrın 15-də Gürcüstanın yeni baş naziri Georgi Qaxariya Ermənistana ilk səfərini edəcək. Bundan qabaq o, Bakıda olmuşdu. İrəvandan sonra isə Qaxariyanın Türkiyəyə gedəcəyi gözlənilir. Erməni KİV-nin yazdığına görə, səfər çərçivəsində infrastruktur, turizm sahəsində kooperasiya üçün imkanlar yaradılması, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, habelə Gürcüstan ərazisindən buğdanın nəqli məsələlərin müzakirəsi planlaşdırılır.Gürcüstanda dövlətin 1-ci şəxsi Ermənistandakı kimi baş nazir sayılır. Qaxariyanın bu xüsusda xaricə ilk səfərini məhz Azərbaycana eləməsi şübhə yox ki, Gürcüstan üçün Azərbaycanın önəminin nümayişi idi və işğalçı ölkədə, yumşaq desək, qısqanclıq və həsəd yaratmaya bilməzdi. Hərçənd Ermənistandakı siyasi və ekspert çevrələrində buna absurd izah verməkdən də çəkinmirlər.
Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan hesab edir ki, səfər iki ölkə arasında əməkdaşlığa yeni impuls verəcək və ardınca iddia edir ki, guya gürcü baş nazirin xaricə ilk səfərini məhz Bakıya eləməsi sırf “Keşikçidağ” məbədi ətrafında situasiya ilə bağlı olub. “Axı bu məbəddən dolayı Azərbaycan-Gürcüstan əlaqələrində anlaşılmazlıq var. Qaxariyanın Bakı səfəri məhz bu problemin həlli ilə bağlı idi. Azərbaycanla bağlı situasiyanı yumşaldandan sonra gürcü baş nazir İrəvana gəlir”, - deyə o vurğulayıb.
*****
Erməni politoloq təbii ki, blef edir. Bunu uğursuz özünə təsəlli cəhdi də adlandırmaq olar. Birinci ona görə ki, “Keşikçidağ” ətrafında xeyli müddətdir böhranlı vəziyyət yoxdur. İki tərəfdən dövlət səviyyəsində yaradılmış ortaq komissiya bu problemlə ciddi şəkildə məşğuldur. Georgi Qaxariyanın Bakı səfəri öncəsi də məbədlə bağlı hər hansı insident qeydə alınmayıb. İkincisi və ən mühümü, Gürcüstanın öncəki ali dövlət rəsmiləri də regionda ilk xarici səfərlərini məhz Azərbaycana ediblər. O sırada prezident Salome Zurabişvili ilk səfərini Azərbaycana etdikdən sonra Ermənistana getmişdi.
Hər halda, Gürcüstandan ötrü Azərbaycanın hansı vazkeçilməz dəyərdə olduğunu kim bilməsə də, erməni ekspert çevrələrində yaxşı bilirlər. Təkcə o fakt ki, Azərbaycan Gürcüstana ən çox maliyyə yatıran ölkədir, bu, öz-özlüyündə hər şeyi deyir. İki ölkə təkcə güclü iqtisadi-ticari tərəfdaşlar deyil, həmçinin energetika, təhlükəsizlik, müdafiə və hərbi sahələrdə illərdir dinamik inkişafda olan əməkdaşlıq içindədir.
Azərbaycan və Gürcüstanı yaxınlaşdıran həm də onların “tale ortaqları” olması, ərazilərinin bir hissəsinin işğala məruz qalmasıdır. Bundan əlavə, Ermənistanı bərk narahat edən həm də Azərbaycan, Gürcüstan və Türkiyə arasında ildən-ilə genişlənən hərbi əməkdaşlıqdır. Bunun bir təzahürü də vaxtaşırı 3 ölkə silahlı qüvvələrinin həyata keçirdikləri ortaq təlimlərdir.
Yeri gəlmişkən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz qartalı 2019" birgə Bakı təlimləri təzəcə başa çatıb. Bundan əvvəl isə analoji təlimlər Gürcüstanda və Türkiyədə keçirilib və davamı olacaq. Bu təlimlərdə əsas məqsədlərdən biri üç ölkənin iştirakı ilə reallaşan strateji əhəmiyyətli neft-qaz kəmərləri və nəqliyyat arteriyalarını qorumaqdır. Təhlükənin haradan gəldiyi isə hamıya bəllidir - həmin layihələrdən kənarda saxlanılan işğalçı Ermənistan və Gürcüstan ərazilərinin bir qismini işğal altında saxlayan, Ermənistanın əsas müttəfiqi Rusiya.
Odur ki, gürcü baş nazirin İrəvan səfəri sırf “quş qoymaq” xətrinə olan, növbətçi bir səfərdir və nə İrəvan-Tiflis əlaqələrinə kardinal və pozitiv dəyişikliklərə gətirəcək, nə də ermənilərin gözləntilərinə rəğmən, Bakı-Tiflis-Ankara oxunu zəiflədəcək. Ermənistan Rusiyanın hərbi qalası kimi Gürcüstan üçün hazırda heç bir strateji önəm kəsb etmir.
*****
Bu arada Ermənistan baş naziri Nikol Paşinyan ondan hələ də çörək, iş yerləri, normal güzəran gözləyən erməni toplumunun gözünə növbəti dəfə kül üfürüb. “Yeni Müsavat” xəbər verir ki, regionların birinə etdiyi səfər zamanı o, guya ölkədə turizmin inkişaf etdiyini, lakin bu sahədə problemlərin də qaldığını bildirib. Məsələ də ondadır ki, turizm inkişaf edibsə, bu, ölkədə iş yerlərinin açılmasında və yoxsulluğun azalmasında özünü niyə göstərmir?
Paşinyan yerli iş adamları ilə görüşdə əsasən biznes və gələcək investisiyalar mövzusunda söhbət edib - hansı investisiyaları ki, il yarımdır Paşinyan və hökuməti ölkəyə cəlb edə bilmir. Çünki heç bir ciddi Qərb investoru, hətta xaricdə yaşayan zəngin ermənilər belə, Rusiyanın vassalı olan və blokada rejimində yaşayan ölkəyə böyük maliyyə yatırımı etmək istəmir. Çünki biznesin öz qızıl şərtləri var. Söhbət ilk növbədə biznes mühiti, biznesin əlverişliliyi və təhlükəsizliyi, məhkəmələrin müstəqilliyindən gedir. Bunlar isə “demokratik Ermənistan”da da təmin olunmamış qalır. Nəhayət, Azərbaycanla davam edən müharibə şəraiti, dünya okeanına çıxışın yoxluğu da işğalçı ölkədə dərin iqtisadi islahatları mümkünsüz edir.
Ermənistan bölgədə, faktiki, təklənib. Yaranmış durumdan çıxmağın isə sadə bir resepti var: ilk növbədə qonşularla, özəlliklə həmsərhəd Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq, heç bir quru əlaqənin və sərhədin olmadığı Rusiyanın bölgədə maşası və forpostu rolundan imtina etmək. Zaman-zaman qeyd elədiyimiz kimi, Ermənistanın qurtuluşu və nicatı, Rusiya ilə yox, Türkiyə və Azərbaycanla ittifaqda və ortaq bloklarda təmsil olunmaqdadır. Bu, olmadıqca Ermənistanın Gürcüstanla münasibətləri də inkişaf tapa bilməyəcək. Əslində gürcü baş nazirin Bakıdan İrəvana, erməni həmkarı Paşinyana apardığı əsas mesaj elə budur...
“Yeni Müsavat”