Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Şuşada yerləşən və azərbaycanlılara məxsus olan “Yuxarı Gövhər ağa” məscidinin təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən Fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilməsinə münasibət bildirib.
Qaziler.az-ın xəbərinə görə, F. Şəfiyev deyib ki, bu, rəsmi Yerevanın işğal edilmiş ərazilərdə Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməlidir.“Məscidin tarixi tam aydındır – “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. Tarix boyu Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu fakt Çar Rusiyası dövründə, 1897-ci ildə əhalinin siyahıyaalınması zamanı təsdiqlənib (Rusiya sənədlərində azərbaycanlılar “Azərbaycan tatarları” kimi göstərilib).
Bərpa işlərində İranın “Part Saman Cahan” şirkətinin iştirakı təəssüf doğuran faktdır. Onu da əlavə edək ki, Şuşa məscidinin bərpası layihəsinin iştirakçılarından biri olan ICOMOS Armenia (International Council on Monuments and Sites) təşkilatının prezidenti Qaqik Gürcyan bu yaxınlarda Gövhər ağa məscidinin təmirinin yeganə belə layihə olmadığını bildirib, Ermənistan və Qarabağ ərazisindəki bir sıra digər müsəlman tikililərinin bərpası istiqamətində erməni və İran mütəxəssislərinin yeni planlarının olduğunu vurğulayıb. Ermənistanın IDeA (Initiatives for Development of Armenia) təşkilatının yaydığı son xəbərdə isə, bərpa işinə bu sahədə böyük təcrübəsi olan 12 iranlı mütəxəssisin dəvət olunduğu bildirilib. Onu da qeyd etmək lazımdır ki, vaxtilə İrəvandakı azərbaycanlılara məxsus Göy məscid 1990-cı illərdə məhz Fars məscidi adı ilə təmir və bərpa edilib.
Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin qorunması adı ilə Ermənistan və qondarma “DQR” ilə əməkdaşlığa müxtəlif xarici qurumlar qoşulub və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Müvafiq beynəlxalq normalara zidd olan belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən pislənməli və müvafiq dövlətlər tərəfindən xarici mütəxəssis və şirkətlərin bu işdə iştirakının qabağı alınmalıdır”, - deyə mərkəz sədri əlavə edib.