Ermənistanın Türkiyə xofu: Bakının Qarabağda “Cıdır düzü” əməliyyatı

Ermənistanın Türkiyə xofu: Bakının Qarabağda “Cıdır düzü” əməliyyatı backend

Türk ordusunun Suriyada başladığı yeni antiterror əməliyyatı İrəvanın da “yuxusunu” qaçırıb - iki səbəb; PKK/PYD/YPG/-nin erməni dostları Qarabağa “sıza” bilərmi?..

Türkiyə ordusu “Firat qalxanı” və “Zeytun budağı” kod adlı uğurlu antiterror əməliyyatlarının ardınca oktyabrın 9-da Suriyada daha bir analoji əməliyyata başlayıb. Xəbər verdiyimiz kimi, “Sülh çeşməsi” adlanan əməliyyatda hədəf sərhəd boyu 30 km enində təhlükəsizlik zolağı yaradıb ərazini PKK/PYD/YPG/ terror tör-töküntülərindən təmizləmək və qardaş ölkəyə terror təhlükəsini və qaçqın axınını minimuma endirməkdir. Əməliyyatın təkcə birinci günündə 109 terrorçu məhv edilib. Bu barədə dünən prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Şübhə yox ki, Ankaranın başlıca hədəfi kürd terrorizminə və onunla müttəfiq qüvvələrə növbəti sarsıdıcı, ola bilsin, bu dəfə ölümcül zərbə vurmaqdır. PKK-çıların açıq və gizli dost-müttəfiqləri, havadarları isə təəssüf ki, Suriya ərazisi ilə məhdudlaşmır. Türk ordusunun Suriyanın şimalına girişi ilə Avropa Birliyindən tutmuş (Almaniya, Fransa, Yunanıstan), ABŞ-a, onun Konqresinə qədər sanki bir komanda əsasında bir-birinin ardınca gələn etiraz və hədə bəyanatlarına diqqət etmək yetər.

*****

Təbii ki, bu ölkələr və “demokratiya paytaxtları” heç də dinc kürd əhalinin taleyinə görə narahat deyillər. İlk növbədə qardaş ölkənin regionda güclənməsindən və özünü supergüc kimi təsdiqləməsindən, eyni zamanda, Qərbin uzun illər Türkiyəyə qarşı istifadə elədiyi “kürd kartı”nın zəifləyib ortadan qalxacağından və neft-qazla zəngin bir bölgənin istismarı ilə bağlı məkrli planların məhmətçiyin əli ilə iflas olmasından əndişəlidirlər.

O da qətiyyən təsadüfi deyil ki, hay-həşir, çığır-bağır salanların sırasında işğalçı və terrorçu Ermənistan və onun siyasi çevrələri də var. Səbəb aydındır. Türkiyə ordusunu yağlı zərbələrini PKK/PYD/YPG ilə yanaşı, onun yerli müttəfiqlərindən olan erməni terrorçuları da dadacaq.

Yada salaq ki, aylar öncə Suriyada ASALA erməni terror təşkilatının üzvləri ilə PKK arasında əməkdaşlıq anlaşması əldə olunub. İrəvanı hər şeydən öncə narahat edən də budur. Hətta ermənilərdən ibarət taborda Ermənistan və Qarabağ ermənilərinin də təmsil olduğu bildirilirdi. Onu da xatırladaq ki, ASALA terror təşkilatının qərargahı Beyrutda (Livan) təlim-məşq bazaları isə uzun illərdir qonşu Suriyada yerləşir.

*****

“İrəvan Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsini pisləyir”. Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb (Axar.az). “Ermənistan Türkiyənin Suriyanın şimal-şərqinə hərbi müdaxiləsini qınayır. Bu, regional təhlükəsizliyin pisləşməsinə, mülki əhali arasında itkilərə, məcburi köçlərə və nəticədə yeni humanitar fəlakətə səbəb olacaq. Xüsusilə milli və dini azlıqlar üçün narahatverici situasiya yaranır”, - deyə bəyanatda bildirilir.

Təcili iclas çağıran baş nazir Nikol Paşinyan da Suriyadakı situasiyadan narahatlığını dilə gətirib. “Ermənistan Türkiyənin Suriyaya hərbi müdaxilə aktını qınayır. Bizim dəyərləndirməmizə görə, bu fəaliyyət Suriyada humanitar böhranı daha da dərinləşdirəcək. Beynəlxalq ictimaiyyəti bu qanunsuz fəaliyyəti dayandırması üçün tədbir görməyə, milli və dini azlıqların hüquqlarını müdafiəyə çağırırıq. Ermənistan Hələbə humanitar missiyanı uğurla icra edir və bu missiyanı davam etdirəcək. Hökumətin iclasından sonra icraedici hakimiyyətin nümayəndələri qapalı rejimdə Suriyadakı vəziyyəti və İrəvanın gələcək mövqeyini müzakirə edəcəklər”, - deyə Paşinyan bildirib.

*****

Nikol Paşinyan “mili və dini azlıqlar” deyərkən sözsüz ki, ən əvvəl Suriyanın xristian ermənilərini nəzərdə tutur - hansıların ki, əksəriyyəti Türkiyəyə qarşı nifrət bəsləyir və PKK terrorçuları ilə çiyin-çiyinə separatizmə, terrorizmə dəstək verir. İstisna deyil ki, Türk ordusunun Suriyanın şimalında uğurlu əməliyyatları nəticəsində onların bir qismi işğal altındakı Qarabağa və digər ərazilərimizə “sızsın”. Həmçinin İrəvanın Suriya ermənilərinin bir qismini Qarabağda məskunlaşdırmaq cəhdlərinin şahidi ola bilərik.

Amma əbəs yerə. Birinci ona görə ki, Qarabağ müharibəsi hələ bitməyib və bunu bir neçə ay öncə Nikol Paşinyan özü də etiraf elədi. Müharibə bitməyibsə, demək, onun qalibi də məlum deyil.

İkincisi, Azərbaycan öz ərazisində, Qarabağda antiterror əməliyyatı aparacaqsa, buna nə Ermənistan, nə də hər hansı böyük dövlət və ya təşkilat, o cümlədən işğalçı ölkənin üzv olduğu KTMT (“Rus NATO-su”) irad tuta bilməz. Necə ki, indi Türkiyəyə qarşı bu qəbildən iddialar səslənir. Çünki əməliyyat üçün formal olaraq, Suriya hökumətinin razılığı lazımdır - hərgah, yüz minlərlə dinc sakini öz hakimiyyət hərisliyinə qurban verən və verməkdə davam edən Bəşər Əsəd ölkə başçısı kimi çoxdan öz legitimliyini itirib. O, indi yalnız Rusiya, İran və bir-iki ərəb ölkəsi tərəfindən tanınır. Hətta bu dəqiqə Bəşər Əsəd Nikol Paşinyan qədər də Rusiya yanında hörmət-izzət və səlahiyyət yiyəsi deyil. Ondan nə icazə istəmək?..

Nəhayət, qardaş Türkiyənin terrorla mübarizədə əldə elədiyi və artmaqda olan qiymətli təcrübəsi yüzdə yüz Azərbaycana gərək olacaq. Məsələn, günün birində, tutaq ki, “Cıdır düzü” kod adlı oxşar antiterror əməliyyatı Qarabağda da keçirilə bilər. Rəsmi İrəvanı təlaşlandıran həm də budur. O gün uzaqda deyir. Məhmətçiyin kürd-erməni terror ittifaqına sarsıdıcı zərbələri həmin günü yaxınlaşdırır...

“Yeni Müsavat”
Diaspora