Danışıq xətrinə danışıq aparmaq zamanı keçib; ABŞ-ın ermənipərəst konqresmenlərindən Azərbaycana qarşı növbəti təxribat - Bakının cavabı nə olacaq?..
Bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Qarabağ məsələsi də diqqət mərkəzində olacaq. Görüş Ermənistan rəhbərliyinin davranışı ucbatından sülh danışıqlarının heç bir səmərə vermədiyi, müharibə riskini artdığı kritik dövrə təsadüf edir. Bir çox siyasi təhlilçilər hesab edir ki, Soçi müzakirələri hətta sülh, yoxsa müharibə perspektivinə aydınlıq gətirə bilər. Bunu zəruri edən səbəb və motivlər gizli deyil.Birincisi, Azərbaycan sonsuzadək öz qanuni torpaqlarının işğalına, işğal rejiminə seyrçi qalmaq niyyətində deyil. Elə Rusiya rəhbərliyi də artıq anlamalıdır ki, Qarabağ konflikti ətrafında mövcud durum, İrəvanın avantürist davranışı və destruktiv mövqeyi sülh üçün heç bir şans saxlamayıb və Moskvamın özünün də regional maraqlarına təhdid təşkil edir. Yəni münaqişə ətrafında mövcud təhlükəli balans, illərdir süni şəkildə uzadılan status-kvo tezliklə yaxşıya dəyişməlidir. Bu da ən çox Rusiyanın imkanları daxilindədir.
Srağagün isə V.Putin Ermənistanda olub. Burada onunla N.Paşinyan arasında Qarabağ mövzusu məxsusi müzakirə olunmasa da, səfərin işğalçı ölkə rəhbərliyinin Qarabağ məsələsində davranışına hansı formada təsir göstərəcəyi maraq doğurur. Hər halda, İrəvan-Moskva münasibətlərinin xarakterinə təsir gedən amillərdən biri də Dağlıq Qarabağ problemidir.
*****
Bu arada Ermənistanda baş nazir Nikol Paşinyan və komandasına qarşı etirazlar artmaqdadır. Hətta Paşinyana istefa çağırışları səslənməkdədir. Bu çağırışlar xüsusən də siyasi müxalifət düşərgəsindən eşidilir.
“Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir”. Belə bir bəyanatla qondarma “dqr”in keçmiş “təhlükəsizlik şurası katibi”, - general Vitali Balasanyan çıxış edib. O hesab etmir ki, Paşinyan və komandası hakimiyyətdən könüllü gedəcək: “Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır”.
Balasanyanın sözlərinə görə, əgər xalq parlamentin istefasını tələb etməsə, nəticələri acınacaqlı olacaq. “Xalq ayılmalıdır, tələb etməlidir, məcbur etməlidir ki, bütün deputatlar mandatlarını təhvil versinlər, - kimliyindən asılı olmayaraq, istər ”Mənim addımım", istər “İşıqlı Ermənistan” və digərləri. Əks halda, bütün ermənilik təhdid altında qalacaq", - deyə general bildirib.
Vitali Balasanyan Paşinyanın 2016-cı ilin yayında İrəvanda polis alayının binasını tutan “Sasna tsrer” terrorçuları ilə əlbir olduğunu da deyib. Buna sübut kimi həmin terrorçulardan bir qrupunu hökumət binasında qəbul etməsini göstərib. “Paşinyan böyük antierməni layihəsidir”- Balasanyan söyləyib.
Onun sözlərinə görə, əvvəllər Paşinyanın “Sasna tsrer” terrorçuları ilə əlbir olduğuna şübhə edirdi. Amma indi aydındır ki, 2016-cı ildə Paşinyan terrorçuların ələ keçirdiyi polis polkunun binasına gedəndə, həmin terrorçulara dəstək mitinqində iştirak edəndə həmin banda ilə əməkdaşlıq edirmiş.
*****
Şübhə yox ki, Azərbaycan üçün işğalçı ölkənin başında hansı erməninin durmasının heç bir önəmi yoxdur. Əsas odur ki, işğal rejimi başa çatsın, ərazi bütövlüyümüz təmin edilsin. Yəni önəmlisi rəsmi İrəvanın Qarabağ münaqişəsinin nizamlanmasında nə dərəcədə maraqlı olmasıdır. Əfsus ki, işğalçı ölkədə hakimiyyət dəyişsə də problemə yanaşma dəyişməyib. Yaxud dəyişibsə də, daha neqativ səmtə dəyişib.
Vəziyyətin bu həddə çatmasında, təcavüzkar tərəfin özünü bunca həyasız aparmasında, özünü cəzasız hiss eləməsində sözsüz ki, vasitəçi dövlətlərin işğalçıya loyal münasibəti həlledici rol oynayır. Söhbət təkcə Ermənistanı özünün hərbi qalasına çevirmiş Rusiyadan getmir. Digər həmsədr dövlətlər - Fransa və ABŞ da vaxtaşırı təcavüzkara loyallıq göstərir, zaman-zaman Dağlıq Qarabağdakı separatçı rejimin başçısının öz ərazilərinə qanunsuz səfırlərinə göz yumur, hətta separatçı-kriminal rejimə maliyyə yardımı edirlər. O sırada ABŞ Konqresinin ermənipərəst konqresmenlərinin canfəşanlığını da qeyd eləmək lazım gəlir.
Söz düşmüşkən, iki gün öncə - oktyabrın 1-də ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frenk Pallone, eləcə də konqresmenlər Ceki Spir Kançelyan və Cudi Çu Azərbaycan dövlətinin razılığını almadan Qarabağa gəliblər. Bu məlumatı öz twitter səhifəsində Amerika Erməniləri Milli Komitəsi (ANCA) paylaşıb (Virtualaz.org). Xəbərdə konqresmenlərin Xankəndinə hərbi helikopterlə gəldiyi bildirilir. ANCA konqresmenlərin Qarabağda qondarma rejimə yardım məsələlərini müzakirə edəcəklərini qeyd edib.
“Frank Pallone, ABŞ və ”DQR" arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün “hökumət” rəsmiləri ilə görüşəcək", - deyə Amerikanın Erməni Milli Komitəsinin məlumatında bildirilir.
Xatırladaq ki, sentyabrın 27-də ABŞ Konqresindəki Erməni Məsələləri Komitəsi, ABŞ Dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esperə məktub göndərərək, Azərbaycana hərbi yardımın artmasından və Ermənistanla Azərbaycan arasında paritetin pozulmasından narahatlığını ifadə etmişdi.
*****
Təbii ki, bu kimi qanunsuz səfərlər konfliktin ədalətli həllinə deyil, onun daha da qəlizləşməsinə, işğal rejiminin uzanmasına xidmət edəcək. Öz növbəsində Azərbaycan XİN-in həmin şəxslərin adını “qara siyahı”ya salacağı və xüsusi bəyanatla çıxış edəcəyi şübhə doğurmur. Ancaq bu, əlbəttə ki, yetərli deyil. Vacibdir ki, problemin həllində qərəzsiz vasitəçiliyə iddia edən rəsmi Vaşinqton özü də bu kimi qanunsuz, təxribatçı səfərləri açıq şəkildə qınasın. Məsələdə prinsipial mövqe sərgiləsin. Yəni konfliktin müstəsna olaraq, beynəlxalq hüququn əsas prinsipləri əsasında həllinə sadiq qaldığını bir daha bəyan eləsin. Necə ki, az öncə Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayaraq, öz vətəndaşlarını Azərbaycan və Gürcüstanın işğal altında olan bölgələrinə bu dövlətlərdən razılıq almadan səfər etməməyə çağırıb. Həmçinin belə səfərlərin təhlükəli olduğunu diqqətə çatdırıb.
Məhz cəzasızlığın nəticəsidir ki, Ermənistan təkcə işğal altındakı torpaqlarımızda deyil, həm də dövlət sərhədi boyu vaxtaşırı təxribatlara əl atır. Son olaraq, 2019-cu ilin 1 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanmış və qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
*****
Azərbaycanla Ermənistan arasında müharibə informasiya meydanında da gedir. Ancaq etiraf edək ki, düşmən tərəf güclü diaspora və xristian amilindən istifadə edərək, bu sahədə Qarabağ yalanlarını dünyaya yaya bilirlər. ABŞ konqresmenlərinin Qarabağa qanunsuz səfərlərinin davam eləməsinin bir səbəbi də elə budur.
Bu mövzuda danışan ermənişünas alim Qafar Çaxmaqlı hesab edir ki, hər bir millətin dünya ictimaiyyətinə çatdırmaq istədiyi müəyyən bir fikir olur və onun hansı üsullarla çatdırılmasından çox şey asılıdır. “Biz Ermənistanla və erməni toplumu ilə davamızda haqlı tərəf olduğumuzdan çatdırmaq istədiklərimizi bütün çılpaqlığı ilə təqdim edirik, düzü də budur. Amma onların necə qəbul edilməsini hesablamırıq” - deyən alimin sözlərinə görə, erməni jurnalistlər nəyi harada, necə təqdim etmək barədə aylarla müzakirə edirlər: “Erməni televiziyalarına baxanlar bilir ki, gedən verilişlərdə xaricə təqdim edəcəkləri ”məhsulun" keyfiyyətli, yararlı olmasını günlərlə müzakirə edirlər. Hazırlanan sənədli lentlərin, bədii filmlərin effektivliyini, təsir imkanlarını düşünürlər. Bu işi naşı əlinə vermirlər. Baxın, son onilliklərdə qondarma “erməni soyqırımı” ilə bağlı nə qədər bədii film çəkiblər".
Q.Çaxmaqlı deyib ki, Azərbaycanda çox güclü mətbuat orqanları, çox yaxşı jurnalistlər var. “Onların önünü açmaq, dünya səviyyəli peşə sahibinə çevrilməsi üçün şərait yaratmaq lazımdır. Bunu təmin etmək üçün isə bir sistem lazımdır. Misal olaraq Türkiyəni götürə bilərik. Mən hətta qardaş ölkədə belə ermənilərə uduzduğumuzu görürəm. Türk TV-lərinin müzakirə proqramlarında ermənilər var, nüfuzlu qəzetlərdə erməni millətindən olan köşə yazarları var və erməni davasını aparmaqdadırlar. Niyə bizimkilər bu qədər təsiredici gücə malik deyillər?! Bunun çox səbəbi var”.
Ekspert bildirib ki, Azərbaycan Orta Asiya Türk ölkələri başda olmaqla, bir çox xarici ölkələrdə media əlaqələrini qurmalıdır. Müsahibimiz hesab edir ki, o sırada Azərbaycan TV-lərinin, dövlət agentliklərininin xarici ölkələrdə bürolarının olması çox vacibdir.
"Yeni Müsavat"