Böyük Qarabağ savaşı qaçılmaza çevrilir - Azərbaycan hazırlığı bitirib

Böyük Qarabağ savaşı qaçılmaza çevrilir - Azərbaycan hazırlığı bitirib backend

Soçidə kritik Qarabağ müzakirələri sülh şansını xilas edəcəkmi? “Rus NATO-su”nun yeni baş katibinin Bakı səfərində əsas hədəf üzə çıxır...

Sabah - oktyabrın 3-də Soçidə Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putin bir araya gələcəklər. Soçi görüşündə Qarabağa məsələsi də diqqət mərkəzində olacaq. Siyasi təhlilçilər hesab edir ki, bu görüş sülh, yoxsa savaş perspektivinə aydınlıq gəlməsi baxımından mühüm önəm kəsb edir və hətta həlledici ola bilər.

Birinci ona görə ki, Azərbaycanın əsəbləri artıq son həddədir və müharibə hər an alovlana bilər. Odur ki, bu xüsusda hansısa anlaşmanın olacağı istisna edilmir. Rusiya rəhbərliyi də artıq fərqində olmalıdır ki, Dağlıq Qarabağ məsələsi ətrafında mövcud durum, işğalçı ölkə rəhbərliyinin davam edən avantürist davranışı, destruktiv mövqeyi sülh üçün heç bir şans saxlamır və Moskvanın özünün də regional maraqlarına təhdid təşkil edir.

Yəni münaqişə ətrafında mövcud təhlükəli balans, illərdir süni şəkildə uzadılan status-kvo tezliklə dəyişməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-dəki son təxribatçı çıxışı da labüd edir. Bu çıxış faktiki şəkildə böyük müharibənin yaxınlaşdığını və labüd olduğunu göstərdi.

*****

Rəsmi Bakı təbii ki, baş verənlərin fərqindədir və radikal yolu - işğalçılara qarşı güc tətbiqi variantını daim öz əlinin altında, masa üzərində saxlayır. Azərbaycan faktiki olaraq müharibə hazırlığını bitirib. İntensivləşən hərbi təlimlər, o sırada qardaş Türkiyə ilə birgə keçirilən ortaq hərbi manevrlər də ilk növbədə buna dəlalət edir, bundan xəbər verir.

Yeri gəlmişkən, sentyabrın 23-də Bakıda başlayan Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz qartalı - 2019" birgə təlimləri dünən yekunlaşıb. Təlimdə əsas məqsədlərdən biri regiondan keçən strateji neft-qaz kəmərlərinin, digər mühüm kommunikasiyaların mühafizəsi idi. Məlum məsələdir ki, belə bir təhlükə hərbi əməliyyatlar zamanı pik həddə çatır.

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, habelə Türkiyə, Gürcüstan və Pakistandan olan yüksək səviyyəli qonaqlar dünən sözügedən təlimlər çərçivəsində təşkil olunmuş “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər. Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimlərin gedişi barədə məruzə olunub. Sonra təlimin döyüş atışlı mərhələsində aviasiya vasitələrinin dəstəyi ilə ərazidə xüsusi təyinatlı bölmələr tərəfindən müxtəlif tapşırıqlar icra olunub.

Birgə təlimin yekunlarını təhlil edən hərbi nazir təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini qeyd edib. Müdafiə naziri bu təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu da vurğulayıb. O, təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.

*****

Dünən oktyabrın 1-də isə “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının komanda-qərargah təlimi başlayıb. Rəsmi məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin yerinə yetirilmə fəaliyyətinin təkmilləşdirilməsidir. Komanda-qərargah təlimi oktyabrın 5-dək davam edəcək.

Müharibə variantında Naxçıvanın təhlükəsizliyinin hansı önəm kəsb etdiyini isə izah etməyə yəqin ki, lüzum yoxdur. Bakı Qarabağda antiterror əməliyyatları zamanı Naxçıvan sarıdan əmin-arxayın olmalıdır ki, bu məsələdə də qardaş Türkiyənin Qars müqaviləsindən irəli gələn hərbi-siyasi təhlükəsizlik zəmanəti mühüm rol oynayır.

*****

Bakı paralel surətdə özünün hərbi strategiyasını təkmilləşdirməkdə, o sırada silahlanma taktikasını cilalamaqdadır. Söhbət daha müasir döyüş maşınları və sistemləri almaqdan gedir. Yeri gəlmişkən, ötən ayın 18-də böyük bir nümayəndə heyəti ilə Bakıya səfərə gələn Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın ziyarətində əsas hədəf yavaş-yavaş üzə çıxır.

“Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın ötən həftə Azərbaycana səfəri çərçivəsində Belarus silahlarının bu ölkəyə tədarükü və Azərbaycandan neft alınması imkanları müzakirə olunub”. Bunu Belarusdan olan hərbi ekspert Leonid Spatkay deyib (Teleqraf.com).

Ekspert Belarusla yanaşı, Rusiyanın da Azərbaycanla hərbi-texniki və digər sahələrdə əməkdaşlığa üstünlük verdiyini bildirib: “Belarus və Rusiya Ermənistanı KTMT-dən qovarlar, nəinki Azərbaycanla hərbi-texniki əməkdaşlığı pozacaq addım atarlar. Bu baxımdan, Belarusun Azərbaycana təklif edəcəyi bir çox şey var. Bu yalnız ”Polonez" hava hücumundan müdafiə sistemləri ilə bağlı deyil, Belarus Azərbaycana istənilən Pilotsuz Uçan Aparatları (PUA) zərərsizləşdirmək gücündə olan silahları da sata bilər".

Göründüyü kimi, Azərbaycan silahlanma siyasətini uğurla şaxələndirməkdə davam edir ki, bu da Rusiya silahından asılılığın azalması ilə yanaşı, effektli hərbi əməliyyatlar üçün əlavə zəmindir...

“Yeni Müsavat”
Diaspora