Qarabağ düyünü: Bakı “B variantı”na sürüklənir

Qarabağ düyünü: Bakı “B variantı”na sürüklənir backend

Ermənistan rəhbərinin təxribatçı bəyanatına susqunluq göstərən həmsədrlər yenə bölgəyə səfərə hazırlaşırlar; politoloq: “Konfliktin həll prosesi mürəkkəbləşir, indiki şəraitdə Ermənistanla danışıqlara ehtiyac yoxdur...”

Nyu-Yorkda, BMT Baş Məclisinin 74-cü sessiyası çərçivəsində Qarabağ müzakirələri əsasən yekunlaşdı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında reallaşan görüş, gözlənildiyi kimi, hansısa anlaşma və ya bəyanatla yekunlaşmadı. Həmsədrlərin dünən bu görüşlə bağlı yaydıqları ortaq bəyanatda isə qeyri-adi, xüsusi diqqət çəkəcək, nizamlama prosesinə stimul verə biləcək heç nə yoxdur.

ATƏT-dən yayılan məlumatda deyilir ki, nazirlərin görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qoşulub. Onlar həmçinin ATƏT-in baş katibi Tomas Qreminqerlə, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxsləri ilə görüşüblər. “Həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələr də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər”, - deyə bəyanatda qeyd olunur. Bildirilir ki, həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay mövsümündə tərəflərin zorakılığın minimallaşdırılması üzrə səylərinin müsbət nəticələrini qeyd ediblər, həmçinin bu yaxınlardakı qaçılmaz nəticə ilə bağlı dərin təəssüf hissi ifadə ediblər: “Həmsədrlər və nazirlər gərginliyin azaldılması, mövcud şəraitin saxlanılması, sülhə imkan yaradan və danışıqlar üçün əlverişli olan predmetlər üzrə əlavə tədbirlərin müzakirəsini davam etdiriblər. Həmsədrləri martın 9-da qəbul etdikləri bəyanata istinad edərək, tərəfləri danışıqların nəticələrini pozan və ya onu qabaqcadan müəyyən edən ritorikadan istifadə etməyi minimallaşdırmağa çağırıblar”.

Bəyanatda həmçinin qeyd edilir ki, həmsədrlər yaxın vaxtlarda regiona səfər etmək niyyətindədirlər.

Göründüyü kimi, diplomatlar bəyanatda yenə ənənəvi ifadələrdən, şablon ritorikadan istifadə ediblər. Halbuki budəfəki görüş Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındı, nöqtə” avantürist bəyanatından sonraya təsadüf edirdi - hansı bəyanat ki, sülh danışıqlarını, eləcə də həmsədrlərin özlərinin fəaliyyətini mənasız edir. O səbəbə məntiq diktə edirdi ki, vasitəçilər bəyanatda bu təxribatçı mövqeyə sərt münasibət bildirsinlər. Ancaq belə bir şey olmadı. Bununla da Minsk Qrupunun problemin həllində nə dərəcədə dişsiz bir qurum olduğu bir daha ortaya qoyuldu.

*****

Yaranmış durumda Azərbaycan təbii ki, “B variantı”nı - işğal altındakı torpaqların güc yolu ilə azad edilməsi yolunu nəzərdən keçirməyə bilməz. Sözsüz ki, bu variant həmişə masanın üstündədir və əlverişli geosiyasi şərtlər yetişın kimi Bakı onu reallaşdıracaq. Çünki beynəlxalq hüquqa tüpürən Ermənistan Azərbaycana ayrı yol saxlamır. Azərbaycan eyni zamanda güc yolunun daha az itki ilə reallaşması üçün özünün silahlı qüvvələrini daim gücləndirməkdə, hərbi parkını yeni-yeni silahlar və döyüş texnikası hesabına modernləşdirməkdə və dost-müttəfiqlərin sayını artırmaqdadır. Qarabağla bağlı düşmən əleyhinə təbliğat savaşını gücləndirmək də öz yerində.

Bu mənada qardaş Türkiyənin və müsəlman dünyasında yeganə nüvə dövləti, dost və qardaş Pakistanın ölkəmizə dəstəyi əvəzolunmazdır və təkcə işğalçı ölkəyə ünvanlı xəbərdarlıq mesajı deyil, həm də onun havadarlarına ismarışdır. Gözlənildiyi kimi, BMT Baş Assambleyası çərçivəsində, ali tribunadan da bu iki müttəfiq və qardaş dövlət Qarabağ məsələsində prinsipial mövqelərini bəyan etdilər, Ermənistandan qeyd-şərtsiz öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etdilər. “Yeni Müsavat” xatırladır ki, Pakistan məhz işğal faktına görə Ermənistanı indiyədəkb ümumiyyətlə, dövlət kimi tanımayıb.

“BMT-də Türkiyə və Pakistanın Ermənistanı işğalçı adlandırması və erməni qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılması ilə bağlı fikirləri birmənalı olaraq ölkəmizə olan dəstəyin göstəricisidir”.

Bu sözləri Axar.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, hər iki ölkə dəfələrlə Ermənistanı apardığı işğalçı siyasətə görə tənqid edib və bununla bağlı sərt bəyanatlar verib: “Türkiyə prezidenti və Pakistanın XİN rəhbərinin bu cür çıxışları digər müsəlman ölkələrinə də çağırış idi. Pakistan və Türkiyə müsəlman ölkələrinə liderlik ambisiyası olan ölkələrdir. Onların bu bəyanatları İran, Səudiyyə kimi ölkələr üçün örnək olmalıdır. Çünki dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də, münaqişənin həlli yönündə heç bir addım atmırlar. Bu mənada beynəlxalq tribunalarda belə bəyanatların çox olması Azərbaycanın xeyrinədir. Həmçinin belə bəyanatların ayrı-ayrı ölkələrin dilindən səslənməsi Ermənistanın işğalçı olduğunu göstərir. Çünki Ermənistan son aylar ikili siyasət apararaq, beynəlxalq ictimaiyyətin fikirlərini dəyişməyə çalışır. Bu mənada qardaş ölkələrin belə bəyanatları bizim üçün çox əhəmiyyətli məsələdir”.

*****

Gələn həftə - oktyabrın 1-də isə Soçidə, “Valday klubu”nun ənənəvi illik iclası çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə onun rusiyalı həmkarı Vladimir Putin arasında görüş gözlənilir. Bir çox təhlilçilərə görə, iki liderin görüşündə Dağlıq Qarabağ problemi də diqqət mərkəzində olacaq. Belə ehtimalı gücləndirən faktorlar sırasında son vaxtlar Qarabağ danışıqlarında erməni rəsmilərinin təxribatçı bəyanatları ucbatından nizamlama prosesinin faktiki dayanması, müvafiq olaraq müharibə riskinin artmasıdır.

İddialara görə, bu səbəbdən Moskva gərginliyi azaltmaq və yeni müharibəni önləmək üçün hansısa addımlar atmaq zorundadır. Bu addımların nədən ibarət olduğu hələlik məlum deyil. Məlum olan budur ki, şimal qonşumuz konfliktin həllindən daha çox konflikti idarə etməkdə maraqlıdır.

“Qarabağ münaqişəsinin həll prosesi mürəkkəbləşir, hesab edirəm ki, indiki şəraitdə Ermənistanla danışıqlara ehtiyac yoxdur”. Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun fikrincə, bir yandan Ermənistan hakimiyyəti kompromisə hazır deyilsə, digər yandan həlledici məqamlarda Rusiya prosesi tormozlayır.

“İkinci, Ermənistan daxilində Paşinyanın reytinqinin düşməsinə adekvat olaraq, ”Qarabağ klanı"nın işğal olunmuş ərazilərə güc toplaması da münaqişənin həllinə mane olur. Növbəti ildə işğal olunmuş ərazilərdə qondarma seçki keçiriləcək. Hər iki klan bu seçkidə öz adamını “rəhbərliyə” gətirməyə çalışır. Xüsusən də Köçəryan və Sərkisyan üçün Qarabağda mövqelərini saxlamaq həyati məsələdir. “Qarabağ klanı” cidd-cəhdlə bu qondarma seçkiyə hazırlaşır. Bu “seçki” onlara həm də Ermənistan daxilindəki nüfuzunu gücləndirmək üçün lazımdır. Rusiya da bunda maraqlıdır", - deyə ekspert vurğulayıb.

Məhəmməd Əsədullazadə Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı hərəkətə keçdiyini bildirib: “Paşinyan bu ”seçkidən" öz adamını qalib çıxara bilsə, daha fərqli siyasət ortaya qoya bilər. Bundan sonra Paşinyan Qərbin istəyinə uyğun olaraq, Ermənistan daxilində Rusiya faktorunu zəiflətməyə çalışacaq. Qənaətimə görə, Qarabağdakı separatçı rejim Paşinyanın nəzarətinə keçsə, onun daxildə çəkinəcəyi güc qalmayacaq. Bununla “Qarabağ klanı”nın da mövqeyinə ağır zərbə vurula bilər. Paşinyan Qarabağla bağlı müsbət addım atıb ərazilərin dinc yolla qaytarılması ilə bağlı siyasi iradə göstərərsə, Qərbdən ciddi dəstək ala biləcək. Nikol Paşinyan gələn il bu ssenarini reallaşdıra bilməsə, hakimiyyəti zəifləyəcək və demək olar ki, cəbhədə Qarabağla bağlı vəziyyət daha da mürəkkəbləşəcək".

Vəziyyətdən yeganə dinc çıxış yolu işğalçı Ermənistanın nə qədər gec deyil, öz əsas qonşuları - Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq, onlara düşmən kimi baxmağa son qoymaqdı, nəinki bölgədə Rusiyanın hərbi qalası rolunu oynamaq. Yolu bəlli. Əfsus ki, bunun əlamətləri görünmür. Nikol Paşinyanın BMT Baş Məclisindəki dünənki çıxışı bir daha göstərir ki, İrəvanın öz “sülh” və “təhlükəsizlik” anlayışları var.

“Rusiya Ermənistanın əsas strateji tərəfdaşıdır”. Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran strateji qonşularımızdır”, - deyə o bildirib.

O, Ermənistanın öz dostları və müttəfiqləri arasındakı fikir ayrılığını narahatlıqla izlədiyini bildirib. Paşinyan bunun sayəsində bəzi dostlarının Ermənistanı doğru anlamayacağından narahat olduğunu deyib. Erməni baş naziri Türkiyənin Ermənistan və erməni xalqı üçün ciddi və ən böyük təhdid olduğunu da söyləyib.

Xatırladaq ki, “məxməri inqilab”dan sonra Nikol Paşinyan iki dəfə Türkiyə tərəfinə müraciət ünvanlayaraq, sərhədlərin qeyd-şərtsiz açılmasına çağırış edib. Rəsmi Ankara isə haqlı olaraq, bəyan edib ki, İrəvan Azərbaycan torpaqlarının işğalına son qoymayınca və saxta soyqırım iddialarından əl çəkməyincə sərhədlər qapalı qalacaq. Necə deyərlər, erməni xalqının xoşbəxtliyi öz əlindədir...

musavat.com
Diaspora