O, atasının tezliklə Azərbaycana qayıdacağına inandığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, eyni zamanda Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi və digər aidiyyatı qurumların birgə həyata keçirdikləri işlərin bəhrəsi olaraq yaxın vaxtlarda atam Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək.Bunu Azvision.az -a açıqlamasında erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, atasının tezliklə Azərbaycana qayıdacağına inandığını bildirib.
“Məlumdur ki, Azərbaycanda da erməni diversantlar saxlanılır. Fikrimcə, onların erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi barədə razılıq əldə olunub. Bununla bağlı Ermənistan Baş nazirinin köməkçisi və müdafi naziri də açıqlma verdi ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun dəyişdirilməsi prosesi istisna deyil. Bunu Ermənistanın xarici işlər naziri də təsdiqləmişdi. Bu gün hər iki ölkənin Xarici İşlər nazirlərinin görüşü olmalıdır. Yəqin ki, görüşdə bu məsələ müzakirə olunacaq. Ümid edirəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək və onlar ölkələrinə gələcəklər”.
Qeyd edək ki, Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib. Ermənistan rəsmiləri mətbuata açıqlamalarda əsir və girovların dəyişdirilməsini istisna etməyiblər.
Xatrıladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.