“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə dünən keçirdiyim görüşdə müəyyən məsələləri müzakirə etdik. Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər mənə də təqdim olunub. Amma bu barədə ətraflı danışa bilmərəm”.
“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 20-də keçirdiyi mətbuat konfransında ermənilərin girov saxladıqları azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin “hamının-hamıya” prinsipi əsasında mübadilə edilməsi barədə Azərbaycanın təklifinə münasibət bildirərkən deyib.D.Tonoyan Dilqəm Əsgərov və Şahbaz Quliyevn girovluqdan azad ediləcəyini istisna etməyib.
Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.
Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək, bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.