“Mən deyirəm ki, danışıqlara getməyək” - Tofiq Zülfüqarov

“Mən deyirəm ki, danışıqlara getməyək” - Tofiq Zülfüqarov backend

Tofiq Zülfüqarov: “Paşinyan mövqeyinə aydınlıq gətirməyincə danışıq olmamalıdır”

ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər. İllərdir Azərbaycanda “turist diplomatlar” kimi qəbul edilən və proseslərə heç bir aktiv müdaxiləsi olmayan həmsədrlərin bəyanatında narahatlıq doğuran məqamların olması müzakirələrə səbəb olub. Bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Tofiq bəy, həmsədrlər uzunmüddətli sükutdan sonra nəhayət, dilə gəldilər. Yəqin ki, onların son bəyanatı ilə tanışsınız. Diqqətinizi nə çəkdi, sizcə, diplomatlar nə dedilər, yaxud nə demək istədilər?

- Daha doğrusu, nə dedilər vacib deyil, nə demədilər məsələsini müzakirə etmək vacibdir. Bəzi məqamlara onlar toxunmayıblar. Toxunmadıqları məqamlar bunu deməyə əsas verir ki, indiki vəziyyət heç də həmsədrləri qane etmir. Bu və ya digər şəkildə onlar etiraf ediblər ki, yaranmış indiki vəziyyət həmsədrlərin fəaliyyətinin nəticəsidir. Daha doğrusu, bu durum onların fəaliyyətsizliyinin nəticəsində baş verir. Yenə də köhnə prinsipləri təsdiqləyiblər. Açığını deyim, mən o bəyanatda yeni bir şey görmədim. Onlar bu bəyanatla demək istəyiblər ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” mövqeyini dəstəkləmirlər. Amma eyni zamanda lazımi şəkildə öz gələcək fəaliyyətləri barəsində heç nə söyləməyiblər. Mən bir şey hiss elədim ki, Azərbaycan ictimaiyyətində bu bəyanata həddindən artıq önəm verilir. Adi bir bəyanatdır. Bu cür bəyanatlarla bağlı ilk növbədə belə fikir söyləməliyik ki, belə mövqelər vəziyyəti dəyişmir. İkincisi də onlar bəyanat vasitəsilə bizim istəklərimizi təmin edə, yəni işğalı dayandıra, işğal olunmuş torpaqları azad edə bilməzlər. Onların Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək imkanları və istəyi yoxdur.

- Dediniz ki, həmsədrlər Paşinyanın mövqeyini dəstəkləməyiblər. Amma bu da faktdır ki, Ermənistanın baş naziri Xankəndində “miatsum” bəyanatı verəndən sonra həmsədrlərdən heç bir reaksiya gəlmədi. Susmaq razılıq əlaməti deyilmi?

“Vasitəçilərin ərazi bütövlüyümüzü bərpa etmək imkanları və istəyi yoxdur”

- Məsələ burasındadır ki, həmsədrlər real şəkildə vəziyyətə təsir eləmək niyyətində deyillər. Digər buna bənzər, beynəlxalq təcrübədə olan məqamları yada salaq. Tutaq ki, hansısa bəyanat verilir. Vaxtilə İrana qarşı az qala ultimatum verilirdi. Həmin ultimatumların nəticəsində ABŞ öz istəklərinə nail oldumu? Yox. Güc tətbiq edəndən sonra nəyəsə nail olublar. Digər prosesləri götürək. Məsələn, Ukraynaya aid, ərazi bütövlüyünü dəstəkləyən onlarla bəyanat verilib. Vəziyyət dəyişibmi? Yox. Bizim ictimaiyyətdə hələ də bu illüziya davam edir. Yəni biz başa düşməliyik ki, bəyanatla, ya da sanksiyalarla heç nəyə nail olmaq mümkün deyil. Yəni bizim istədiyimiz şeylərə bu yolla nail olmaq mümkün olmayacaq.

- Bəyanatda belə bir məqam var ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır. Bu, təhlükəli mövqe deyilmi?

- Yox. Yəni yerli idarəetmə orqanlarını formalaşdırmaq istənilən yerdə hər bir əhalinin hüququdur.

- Yəni referenduma işarə edilir?

- Yox. Təəssüflər olsun ki, həmsədrlər indiki halda bu formanın tətbiq olunması ilə bağlı bir məqamı yaddan çıxarırlar: indiki əhali etnik təmizləmələr nəticəsində formalaşıb. Biz bununla bağlı onlara sual versək, cavabları belə olacaq ki, oradan qovulmuş əhali bölgəyə qayıtdıqdan sonra seçkilər vasitəsilə öz idarəetmə orqanlarını formalaşdırmaq hüququna malik olacaq. Burada hiss olunur ki, həmişəki kimi, yaxşı mütəxəssislər məsələ ilə məşğul olublar və bəyanat veriblər. Hər bir bu cür bəyanatın xüsusiyyəti ondan ibarətdir ki, hər tərəf özü üçün həm mənfi, həm də müsbət elementləri tapa bilər. Amma mən öncədən dediyim kimi, bu, “növbətçi” bəyanatdır.

- Amma siz dediyiniz kimi, bəyanatda işğal altındakı ərazilərdən qovulmuş azərbaycanlı əhalidən bəhs olunmursa, bu, artıq Azərbaycanın maraqlarına zidd mövqe deyilmi?

- Onlar deyəcəklər ki, biz burada bəhs etmirik. Amma aşağıdakı hissədə onlara işarə edilib. Yəni münaqişənin hərtərəfli həlli məhz onu nəzərdə tutur ki, bu məsələlər də həllini tapacaq. Amma bu bəyanatın rolunun şişirdilməsi... Digər məsələlər yaddan çıxanda təbii ki, biz bunu müzakirə edə bilərik. Amma onun real əhəmiyyəti sıfır səviyyəsindədir.

- Şübhə yoxdur ki, vasitəçilər tərəfləri masa arxasında oturtmağa hazırlaşır. Elə Ermənistan XİN başçısının son bəyanatı da bunu təsdiqləyir. Qarşıdakı danışıqlarda nədən danışılacaq, sizcə? Rəsmi Bakı danışıqlara getməlidirmi?

- Bəli, əsas problem də bundan ibarətdir. Həmsədrlər Paşinyanın “miatsum”una siz dediyiniz kimi, heç bir reaksiya vermədilər. Belə çıxır ki, biz də reaksiya vermirik, çünki danışıqlara gedirik. Biz də deyirik ki, deyib də, bəlkə səhv edib. Amma bu “miatsum”un təsiri istər-istəməz Nyu-York danışıqlarında özünü göstərəcək axı. Deməli, biz razılıq veririk ki, hər bir məsələni müzakirə etməyə hazırıq: “miatsum”dan tutmuş digər məsələlərə qədər. Bu mövqe biz tərəfdən göstərilirsə, siz istəyirsiniz ki, həmsədrlər bizdən artıq mövqe göstərəcəklər?

- Danışıqlara getməliyikmi?

- Mən deyirəm ki, danışıqlara getməyək. Biz istəyirik Paşinyanın dediklərinə reaksiya olsun, amma özümüz reaksiya vermədən danışıqlara gedirik. Bundan sonra başqalarından reaksiya gözləyəcəyik? Məntiq yoxdur axı. Məmmədyarov təkbaşına kiminləsə görüşə bilər. Amma Paşinyan mövqeyinə aydınlıq gətirməsə, bu danışıqlar olmamalıdır. Bir daha desə ki, mən “miatsum” tərəfdarıyam, onda Azərbaycan danışıqlar üçün heç bir marağının olmayacağını bəyan etməlidir. Yalnız bundan sonra həmsədrlər nə isə deyəcəklər. Biz istəyirik ki, bizdən qabaq həmsədrlər nəsə desin. Bu, düzgün deyil axı. Biz özümüz nə demişik? Hansı səviyyədə reaksiya verilib?

- Xarici İşlər Nazirliyi səviyyəsində bəyanat olub.

- Bu, düzgün deyil axı. O tərəfdən baş nazir bəyanat verib, bu tərəfdən isə mətbuat xidməti səviyyəsində cavab verilib. Heç nazir səviyyəsində cavab verilməyib.

Diaspora