"Yeni Yurd" İB tərəfindən Ağdam rayonu ərazisində qazılmış 2 ədəd subartezian quyusunun və tikilmiş 2 ədəd bulaq kompleksinin açılışı olub.
Qaziler.az bildirir ki, bulaq kompleksinin birinin qarşısında Bənövşələr köçkün qəsəbəsində keçirilmiş tədbirdə qeyd edilib ki, bu kompleks şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulub.Açılış tədbirində təşkilatçılarla bərabər Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, müharibə əlilləri və veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov belə gözəl ideya üçün təşkilatçılara təşəkkürünü bildirərək, şəhidlərimizin və qəhrəmanlarımızın adının hər zaman yüksək tutulmasının, onların adının əbədiləşdirilməsinin çox vacib olduğunu bildirmişdir.
Digər çıxış edənlər də təşkilatçılara gördükləri bu mənası böyük olan iş üçün təşəkkür etmişlər.
Daha sonra bulaq kompleksinin açılışı olmuşdur.
Açılış tədbirindən sonra qonaqlar rayon İcra Hakimiyyətinə gələrək görülən işlərdə təşkilatı dəstəyə və köməyə görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovu xüsusi diplomla təltif edərək, dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bulaq kompleksi Milli Qəhrəmanlar Asif Məhərrəmov (Fred Asif) və Allahverdi Bağırovun adınadır. Lakin kompleksin üzərində şəhid Raquf Orucovun, şəhid Milli Qəhrəmanlar - Nadir Əliyevin, Canpolad Rzayev və Muxtar Qasımovun şəkilləri də həkk olunub.