“Bir gün Qarabağda” bir gün Qarabağda keçiriləcək! - Qarabağ qaziləri

“Bir gün Qarabağda” bir gün Qarabağda keçiriləcək! - Qarabağ qaziləri backend

Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi Şamaxıda keçirilən “Bir gün Qarabağda” adlı tədbir Qarabağ qazilərində xoş təəssürat yaradıb.

Sözügedən tədbirdə iştirak edən Qarabağ qaziləri öz təəssüratlarına bölüşüblər.

"Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, belə bir tədbirin bir gün Qarabağın özündə keçiriləcəyinə inanır. “Tədbir gözəl bir yerdə-Cıdır düzünə bənzər yerdə təşkil olunmuşdu. Orada hətta xari bülbül də bitir. Bu cür tədbirlərin, yığıncaqların keçirilməsi təqdirəlayiqdir, Qarabağı unutdurmamaq məqsədi daşıyır. Gənclərə vətənpərvərlik hissi aşıladığına görə, belə toplantıların tez-tez keçirilməsi yaxşı olardı” - deyə A.Əliyev vurğulayıb.

Qazi təşkilatının sədri onu da qeyd etdi ki, belə tədbirlərin təşkili Ağdamın, Füzulinin, Cəbrayılın işğal altında olmayan kəndlərində də olsa daha yaxşı olardı.
“Biz qazilər ümid edirik ki, Ali Baş Komandan əmr verər və bizim nəsil işğal altında qalan torpaqlarımızı azad edər və töhmət üzərimizdən götürülər. bu problem gələcək nəsillərə qalmaz. Bu cür tədbirləri Qarabağın ğzündə-Şuşada, Cıdır düzündə keçirərik”. Asəf Əliyev bu ümidlə yaşadığını söylədi.



Bununla bağlı "Qarabağ Əlillərinə Qayğı" birliyinin sədri Firidun Məmmədov Qaziler.az saytına bunları bildirib: "Əslində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi bu tədbirin məqsədi onun, inşallah, bir gün də Qarabağda keçiriləcəyi ümididir. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Ora gedərkən düşündüklərimdən daha məzmunlu, daha gözəl vəziyyətlə qarşılaşdım. Səmimi etiraf edim ki, Azərbaycan xalqının Qarabağdan heç vaxt vaz keçməyəcəyini, işğalla heç vaxt barışmayacağına əmin oldum. “Bir gün Qarabağda” Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan ordusunun bir gün nəyin bahasına olursa olsun, Qarabağı erməni işğalından azad edərək orada musiqi festivalı keçirməyi təmin edəcəyi ilə bağlı xoş təəssürat yaratdı. Məhz buna görə tədbirin təşkilatçılarına təşəkkür edirik. Sağlamlığını bu torpağın azadlığı və müstəqilliyi yolunda fəda etmiş insanların arzusu nə ola bilər? Bizim hər birimiz Azərbaycanın torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda başlanacaq müqəddəs savaşda iştirak etmək üçün yanıb-qovrulan insanlarıq. Dövlətimizin hər hansı bir qurumu tərəfindən belə qətiyyətli mövqe sərgilənməsi bizi təbii ki, sevindirir. Biz bu mövqeyi alqışlayırıq və inşallah, bir gün Qarabağda keçiriləcək festivalların iştirakçısı olmaq xoşbəxtliyinə nail olacağımıza ümid edirik”.

Qaziler.az
Diaspora