İşğalçını sülhə vadar etməyin sonuncu yolu

İşğalçını sülhə vadar etməyin sonuncu yolu backend

Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd diviziyasının Ermənistanla sərhəddə yeni taktiki və strateji yüksəklikləri tutması haqda məlumat verilib.

Bununla bağlı Bakıdan səslənən rəsmi açıqlamalardan sonra düşmən tərəf təlaşa düşərək, “adekvat” addımlar atmağa, daha dəqiqi, ənənəvi yalan ritorikası ilə öz cəmiyyətini aldatmağa başlayıb.

Belə ki, iki gün öncə erməni hərbi ekspert və tarixçi Artur Yegizaryan guya Ermənistan ordusunun Azərbaycanla sərhədə 140 hektar torpaq azad etdiyini bildirmişdi. Yegizaryan iddia etmişdi ki, bu “irəliləmə” nəticəsində Ermənistan-Gürcüstan qaz kəmərinə təhlükə sovuşub, üstəlik, Azərbaycandan Gürcüstana gedən şose yoluna nəzarət imkanı yaranıb. İşğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə “konkret hektarlardan” danışmaq istəməsə də, erməni mövqelərinin həmin istiqamətdə “möhkəmləndirildiyini” demişdi. Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun guya 140 hektar torpaq azad etməsi haqda iddialarını rədd edərək, belə bəyanatların istehza doğurduğunu bildirmişdi.

Bu dəfə isə Ermənistanda meydana parlamentin spikeri, hərbi xidmət üzü görməyən Ararat Mirzoyan çıxıb (Virtualaz.org). O, özünün facebook səhifəsində yazıb ki, Ermənistan ordusunun hərəkətləri nəticəsində guya Tavuş vilayətinin Çinari kəndinin təhlükəsizliyi tamamilə təmin edilib. “Çinari daha atəşə tutula bilməz. Ermənistana gedən qaz kəməri də təhlükəsizdir”, - deyə spiker iddia edib.

Qeyd edək ki, Çinari kəndinin ətrafındakı hakim yüksəklik Azərbaycan ordusunun nəzarətindədir və həmin yüksəklikdən nəinki bu kəndi, həmçinin Ermənistanı Gürcüstanla birləşdirən əsas magistralı, habelə erməni ordusunun üzbəüz mövqelərini nəzarət altında saxlamaq mümkündür. O zaman sərhədin həmin istiqamətində nə baş verib ki, Mirzoyanın iddia etdiyi kimi Çinari kəndi daha atəşə tutula bilməz?

Məsələyə çox keçmədən hərbi sahə üzrə ixtisaslaşmış Razm.info saytının koordinatoru Karen Vrtanesyan aydınlıq gətirib. O, dərc edilmiş informasiyanın mötəbərliyini sual altında alıb, üstəlik, spikerin hərbi məsələlərdən qətiyyən baş çıxarmadığını ortaya qoyub: “1. Çinarinin qaz kəməri ilə heç bir əlaqəsi yoxdur. Onlar bir-birindən 50 km. aralıdır. 2. Bizim Çinari istiqamətində mövqelərimiz müəyyən qədər yaxşılaşıb, amma düşmənin bütün mövqeləri də öz yerində qalır və kəndin üzərində yüksəlir. Atəş təhlükəsi əvvəlki kimi qalır. Kim Çinari kəndində nə vaxtsa olubsa başa düşməlidir ki, atəş təhlükəsi düşmənin kəndin üzərində yüksələn mövqeləri qaldıqca davam edəcək”.

Vrtanesyan əlavə edib ki, bu cür “şar üfürmək” Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edə bilər. “Hər bir belə axmaq və məsuliyyətsiz hay-küy bizim hərbi qulluqçular üçün əlavə ciddi risklər yaradır”- o yazıb.

Məsələyə Artsurun Ovanisyan da münasibət bildirib. Bildirib ki, düşmənlə təmas şəraitində heç bir mövqe və ya yaşayış məntəqəsi tam müdafiə olunmuş sayıla bilməz. O, Mirzoyanın dediklərini şərh etmək istəməyib.

*****

Beləcə, Ermənistan rəsmiləri deziniformasiya siyasətinə güc verməklə öz xalqını, faktiki, aldatmağa davam edirlər. Halbuki gerçək bundan ibarətdir və silahlı qüvvələrimizin sərhəddə (Naxçıvan, Qazax) irəliləyişləri də təsdiqləyir ki, Azərbaycan artıq bütün istiqamətlər üzrə işğalçı ölkə üzərində hərbi üstünlüyünü təmin edib. Bu, o deməkdir ki, istənilən lokal və ya daha geniş miqyaslı hərbi əməliyyatların nəticəsini proqnoz eləmək çətin olmayacaq.

Belə aqibətdən qaçmağın tək yolu İrəvanın Bakı ilə sağlam dialoqa gəlməsidir. Əfsus ki, düşmən ölkənin yeni rəhbərliyi də vaxt uzatmaq taktikası seçib ki, bunun da altını ilk növbədə erməni xalqı çəkəcək.

*****

“Azərbaycan ordusunun cəbhənin Qazax istiqamətində irəliləməsi və strateji nöqtələrə nəzarəti alması, bölgədə təxribatçı addımlarını davam etdirən Ermənistana mesajdır. Bununla da Azərbaycan ordusu müharibə başlayarasa, bütün istiqamətlərdə işğalçı orduya zərbə vurmaq gücündə olduğunu göstərdi. Artıq Ermənistan tərəfinin təxribatları döyüş postlarını itirməklə nəticələnir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. İrəvanın danışıqlarda maraqlı olmadığını bildirən ekspert hesab edir ki, Ermənistan rəhbərliyi və bu ölkəni təsiri altında saxlayan Rusiya Qarabağ məsləsində güzəştə hazır deyil: “Bu səbəbdən də Paşinyan iqtidarı bu məsələdə Moskva ilə koordinasiyalı fəaliyyət göstərəcək. Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin İrəvan səfərində bu kimi məslələlərin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki kompromisə hazır deyil, hətta Paşinyan daxildə müsbət imicini yüksəltmək üçün yeni ərazilərin tutulmasında maraqlıdır. Lakin hesab edirəm ki, hazırda aktiv fazaya keçən ordumuz Paşinyanın bu kimi təxribatlarının qarşısını ala bilir”.

Politoloqa görə, Bakı cəbhə boyu işğalçı tərəf üzərində təzyiqləri artırmaqla diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir: “Artıq Ermənistanla mövcud geosiyasi şərtlər daxilində danışıqlar aparmaq nəticə vermir. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq mümkündür. Rusiyanın reaksiyasına gəldikdə, Moskva ərazilərimizin güc yolu ilə azad etməyimizə mane olmağa çalışacaq. Amma düşünürəm ki, Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.

*****

Avropadan söz düşmüşkən, Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təşkilat üçün prioritet olaraq qaldığını söyləyib (APA).

“Son 1 ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərlik etdiyi prosesdə ruhlandırıcı addımları müşahidə etdik, xüsusən də prosesi irəli aparmaqdan ötrü əhəmiyyətli olan yüksək səviyyəli görüşləri nəzərdə tuturam. Mən, həmçinin, bu ilin iyununda girovların ikitərəfli azad edilməsini alqışlayıram. Bu, ilkin humanitar addımdır. Belə addımlar sülh prosesində irəliləyişə nail olmaq üçün ehtiyac duyulan müsbət siyasi ab-havaya öz töhfəsini verə bilər”, - deyə T. Klaar bildirib.

AB xüsusi nümayəndəsi vəziyyətin həssas və qeyri-davamlı olmasından təəssüfləndiyini qeyd edib: “Mən son zamanlar verilən itkilərlə bağlı narahatam və tərəfləri maksimum təmkin sərgiləməyə səsləyirəm. Tərəflər atəşkəsə ciddi şəkildə riayət etməli, paralel olaraq substantiv danışıqlar aparmalıdırlar”.

Klaar qeyd edib ki, aqressiv ritorika gərginliyi artıra və nəzarətdən çıxa biləcək hadisələrə təkan verə bilər. O, regionda silahlanmanın hələ də çox yüksək olduğunu diqqətə çatdırıb. “İndi sülh prosesində irəliləmək üçün addım atmaq vaxtıdır. Ölkə liderləri də xalqları sülhə hazırlamağa başlamalıdırlar. Bu özündə çətin qərarları və güzəştləri ehtiva edəcək. Sülh razılaşması olacağı təqdirdə, Avropa Birliyi gələcək səyləri dəstəkləməyə hazırdır”, - deyə o əlavə edib.

*****

Lakin Azərbaycan heç zaman sülh naminə sülh variantına getməyəcək. Çünki ədalətsiz sülh özündə yeni müharibə və sabitsizlik riski daşıyır. Bakının Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Bu mövqe beynəlxalq hüquqa, BMT-nin Dağlıq Qarabağa dair məlum qətnamələrinə, eləcə də digər mötəbər beynəlxalq təşkilatların qərarlarına əsaslanır. Qalır işğalçı Ermənistanı bu qərar-qətnamələrə, bütövlükdə beynəlxalq hüquqa sayğılı olmağa vadar etmək.

Məhz bu məsələdə Azərbaycan hər hansı güzəştə hazırlaşmır. Əksinə, İrəvanı konstruktiv dialoqa vadar etmək üçün hərbi güclə təzyiq-təhdid taktikasını, torpaqların lokal əməliyyatlarla azad edilməsi taktikasını davam etdirir və etdirəcək. Çünki belə görünür, işğalçını sülhə məcbur eləmək üçün başqa yol qalmayıb...
Diaspora