Qərbdən pul dilənən İrəvanın Qarabağ riyakarlığı

Qərbdən pul dilənən İrəvanın Qarabağ riyakarlığı backend

Ermənistan həm Rusiyanı, həm də ABŞ-ı öz yanına almağa çalışır - məkrli hədəf; Azərbaycan isə müharibə hazırlıqlarını davam etdirir...

Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına görə iki əsas qonşusu ilə sərhədləri bağlı olan Ermənistan inkişaf yoluna çıxmaq üçün uğursuz cəhdləri davam etdirir. İrəvan ilk növbədə Azərbaycan və Türkiyə ilə anlaşmaq əvəzinə, nicatı hələ də uzaq ABŞ-da, quru sərhədi olmayan Rusiyada axtarmaqdadır. Əfsus ki, işğalçı ölkədə inqilab sayəsində hakimiyyətə gələn “demokratik qüvvələr” də tilsimi qırmaq yerinə, devirdikləri rejimin yanlış yolunu tutub.

“Qərbyönlü” yeni baş nazir Nikol Paşinyan və onun komanda üzvləri hələ də əbəs yerə gözlənti içindədirlər ki, ABŞ və Avropa Birliyi “məxməri inqilab” cəsarətinə görə erməniləri yaxşıca mükafatlandıracaq, Ermənistana böyük maliyyə yardımı edəcək, iri investisiyalar yatıracaq. Bu da ikinci ildir gözə dəymir. Çünki Qərb öz pul-parasının qədrini bilir və onu heç vaxt Rusiyanın vassalı, marioneti olan ölkəyə yatırmaz və ya bağışlamaz.

Paşinyan isə sələfləri kimi, həm Rusiyanın, həm də ABŞ-AB-nin Ermənistanın “əlindən” tutmasını istəyir. Bu da mümkünsüzdür. Di gəl, İrəvan rəsmilərinin ikili oyunu davam edir. Onlar Rusiyada olanda özlərini ruslara, Avropada və ABŞ-da olanda isə qərblilərə ən sədaqətli dost kimi göstərməyə çalışırlar. Ancaq deyildiyi kimi, ermənilər ruslara dost sayılmaz, onlar sadəcə, müti, kölə qismindədir. Qərbə də dost ola bilmirlər, nədən ki, başqasının köləsindən dost-simsar çıxmaz. Odur ki, ermənilər bütün dünyanı, aparıcı Qərb dövlətlərini dolaşıb miskin şəkildə yalvarışlar etsələr də, onlara pul verən yoxdur.

*****

Diqqətçəkicidir ki, hazırda Ermənistanın iki yüksək vəzifəli şəxsi ABŞ-dadır. Onlar parlamentin spikeri Ararat Mirzoyan və xarici İşlər naziri Zöhrab Mnatsakanyandır. Bundan az öncə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Vaşinqtonda olmuş və ölkəsinə “əli ətəyindən uzun” qayıtmışdı.

Konkret olaraq, A.Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin Amerikaya səfərində əsas məqsəd Birləşmiş Ştatlardakı erməni diasporundan və ABŞ-dan Ermənistan iqtisadiyyatına dəstək təmin etmək, yəni Amerikadan pul diləmək və bir də İrana görə işğalçı ölkəni təzyiqlərə tuş gəlməkdən yayındırmaqdır. Ona görə ki, iki mühüm qonşu - Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan, üstəlik, qonşu Gürcüstandan keçən tranzit yollarının da qapanma riski ilə üzləşən Ermənistan üçün indi İran “nəfəsliyi” ikiqat əhəmiyyət daşıyır.

“ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir”. Bunu A.Mirzoyan Vaşinqtonda Atlantk Şurasında çıxışı zamanı deyib. “Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun bədəlıni ödəyə bilməz”, - deyə o bildirib.

Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına neqativ təsir edir. Çünki iki qonşusu ilə sərhədi bağlı olan Ermənistan İranla münasibətlərdən çox asılıdır. Bundan əlavə, Mirzoyan öz çıxışında Nikol Paşinyan kimi Amerikaya minnət qoymağa cəhd edib. Guya ABŞ erməni xalqına “demokratiya yolu” seçdiyi üçün kömək eləməyə borcludur.

Təbii ki, Amerikada bu nağıllara inananlar çətin tapıla. Bunu ermənilər də bilməmiş deyil. ABŞ-ın İrəvana ciddi maliyyə dəstəyinin hansı halda mümkünlüyü ən azından prezident Donald Trampın bu ilin fevralında Paşinyana göndərdiyi təbrik məktubunda əksini tapıb: öncə qonşu Türkiyə və Azərbaycanla dinc və təhlükəsiz şəraitdə yaşamağa və Rusiya asılılığından çıxmağa nail olmaq. Oxşar ismarış ötən ilin oktyabrında bölgədə səfərdə olmuş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton tərəfindən Paşinyana çatdırılmışdı.

Lakin İrəvan bu çağırışların heç birinə məhəl qoymadı, əksinə, Rusiyaya daha da yaxınlaşma kursu götürdü, Moskvanın diktəsi ilə Suriyaya erməni humanitar missiyası göndərdi - hansı ki, Vaşinqtonda sərt reaksiya doğurdu, Ermənistandakı ABŞ səfirliyi kəskin bəyanat verməli oldu.

Beləcə, Qərbin Qarabağ çağırışlarını qulaqardı edən İrəvan həyasızcasına həmin Qərbdən maliyyə umur, hətta ona minnət qoymağa çalışır. Erməni əhalisinin güzəranı isə inqilabdan sonra da ağır olaraq qalır, ölkədən kütləvi köç davam edir. Ancaq bunlar əlbəttə ki, işğalçı ölkənin, erməni xalqının problemidir. Seçimi də erməni xalqı etməlidir: ya yad torpaqların işğalını davam etdirib miskin həyatla barışmaq, ya da qonşularla sülh anlaşması imzalayıb rifaha qovuşmaq. Ona kimi Azərbaycan sözsüz ki, özünün hərbi və döyüş qabiliyyətini gücləndirməyə davam edəcək - ta ki düşmən zor və ya xoşluqla ədalətli sülhə razılaşanadək.

*****

Bu arada Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılmağa başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrdən birində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığını, mənəvi-psixoloji durumunu yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olub və bu istiqamətdə qarşıda duran tapşırıqları bir daha vəzifəli şəxslərə çatdırıb.

Müdafiə naziri qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib, eləcə də qoşunların döyüşə hazırolma səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

Dünən isə müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Toplantıya cəlb edilən zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Fiziki hazırlıqdan və müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. Təlim-metodiki toplantının sonunda tabor, divizion komandirləri və onların müavinləri gecə şəraitində döyüş atışlı təlim zamanı bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

musavat.com
Diaspora