Qarabağa dair ortaq və optimal “yol xəritəsi”

Qarabağa dair ortaq və optimal “yol xəritəsi” backend

Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməyən işğalçı ölkənin bir yolu qalıb...

Ermənistanda daxili durum, daha dəqiqi, erməni ictimai rəyi Dağlıq Qarabağa dair hər hansı sülh anlaşmasını hələ ki mümkünsüz edir. İşğalçı ölkədə hakimiyyət dəyişikliyi də bu reallığa təsir göstərə bilmədi. Yeni baş nazir Nikol Paşinyan özünün cəmiyyətdəki yüksək reytinqi və legitimliyindən istifadə edib öz xalqını konstruktiv sülhə hazırlamağa çalışmadı. Daha dəqiqi, buna cəhd etmədi.

Paşinyan buna risk etmədi. Halbuki artıq anlamamış deyil ki, onun öz xalqına vəd elədiyi iqtisadi islahatlar, yüksək həyat səviyyəsi Dağlıq Qarabağ mələsində ciddi dönüş olmayınca, yəni işğal altındakı ərazilər azad edilməyə başlamayınca, qısası, qonşu Azərbaycan və Türkiyə ilə sülh əldə edilməyincə mümkün olmayacaq. Bu fonda atəşkəs rejimini qoruyub saxlamaq isə getdikcə daha çətin olacaq.

Mövcud vəziyyətdə indi iki çıxış yolu qalır: ya müharibə, ya da Ermənistanı təzyiq yolu ilə, zorla sülhə vadar etmək. Məntiqlə, müharibədənsə, işğalçını sülhə məcbur etmək ən optimal yol kimi görünür. Təəssüf ki, bu da hələ ki mümkünsüzdür. ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti, özəlliklə də Rusiya bu yöndə maraqlı və qərarlı deyillər.

Konkret olaraq, Moskva nə özü Qarabağ “düyünü”nü açmağa həvəs göstərir, nə də digər potensial vasitəçilərə bunu etməyə imkan yaradır. Rusiya hər iki münaqişə tərəfinə, xüsusən də Azərbaycana silah-sursat satmaqla, üstəlik, münaqişə hesabına öz büdcəsini zənginləşdirir, eyni zamanda Bakıya öz ərazilərini güc yolu ilə azad eləmək üçün “dobro” da vermək istəmir.

Hərçənd son vaxtlar qardaş Türkiyə ilə Rusiya arasında bütün sahələr üzrə əlaqələrin genişlənməsi, Moskva və Ankaranın Yaxın Şərq, Suriya məsələlərində intensivləşən əməkdaşlığı nə vaxtsa Qarabağla bağlı da hansısa ortaq və optimal “yol xəritəsi” üzərində iş aparılacağına dair ümidlər yaradıb. Başqa sözlə, Suriya ilə bağlı hər hansı uğurlu ortaq presedentin Cənubi Qafqaza da müsbət mənada sirayət edəcəyi gözləntisi yox deyil.

Bütün hallarda, bir şey dəqiqdir və bunu Rusiyada daxil, vasitəçi dövlətlərin hamısı yaxşı bilir ki, Azərbaycan öz qanuni torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, ərazisində daha bir qondarma erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacaq. Əksinə, problemin həllini yaxınlaşdırmaq üçün özünün hərbi qüdrətini durmadan artıracaq. Çünki işğalçıya güc tətbiqi hədəsinin özü də onu sülhə vadar eləmək üçün təzyiq üsullarından biri sayılır.

Bundan əlavə, kasad maliyyə resursları səbəbindən silahlanma yarışında işğalçı ölkənin Azərbaycanla ayaqlaşa bilməməsi də xeyrimizə işləyən mühüm faktorlardan biridir. Heç şübhə yox ki, blokada rejimində olan cırtdan Ermənistanın öz olan-qalan resurslarını da silah-sursata yönəltməsi onun əhalisinin onsuz da ağır olan güzəranını getdikcə daha dözümsüz hala gətirəcək, ölkədən kütləvi köç güclənəcək, bütün bunların nəticəsi olaraq, işğalçı orduya çağırışçı problemi özünü daha qabarıq şəkildə büruzə verəcək.

Əlbəttə ki, bu bizim yox, ermənilərin, Ermənistanın və onun rəhbərliyinin problemidir. Ermənistan, nəhayət, normal inkişaf yoluna çıxmaq, blokadadan və ağır sosial-iqtisadi durumdan qurtulmaq istəyirsə, yolu çoxdan məlum. Seçim həmişəki kimi İrəvanın, erməni xalqınındır. Dəfələrlə yazdığımız kimi, düşmən tərəf sülhü arzulayırsa - sülhü, müharibə istəyirsə - müharibəni alacaq...
Diaspora