811 saylı Laçın dağ-atıcı alayının şəhid döyüşçüləri Quliyev Mehman, Tağıyev Raqif və İsmayılov Nəbi Şəhidlər xiyabanında anıldı.
Karabakhmedia.az xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə iyulun 14-də Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Quliyev Mehman, Tağıyev Raqif və İsmayılov Nəbinin anım tədbiri keçirilib. Anım tədbirində şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları iştirak ediblər. Qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.Daha sonra Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçın rayonunun seçilən rayonlardan olduğunu bildirdi: “Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Mehman, Raqif və Nəbi qısa, lakin şərəfli bir ömür yaşadılar. Onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Onların döyüş yolu böyüməkdə olan gənc nəslə örnəkdir. Qeyd etmək istəyirəm ki, sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkirik, xüsusi anım günlərini keçiririk. Hesab edirəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlətin xüsusi diqqət və qayğısı var. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm və biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”.
Çıxışlarda vurğulanıb ki, torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Tədirdə çıxış edən Laçın alayının keçmiş qərargah rəisi olmuş Rafiq Nağıyev bildirib ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər kəsin vətəndaşlıq borcudur:
“Biz hələ aktiv müharibəyə qədər ermənilərə yaxın kəndlərimizdə xeyli sayda şəhidlər vermişdik. Çox qısa bir zaman içərisində Laçında nizam-intizamlı hərbi hissə yarada bildik. Biz hərbi hissə olaraq formalaşa-formalaşa həm də döyüşlərdə iştirak edirdik. Ermənistanla döyüşə girmək üçün təxminən 35 km-lik təmas xəttimiz var idi. Dağlıq Qarabağın ermənilər yaşayan kəndləri ilə isə 32 kilometrlik xəttimiz var idi. Bütün bunları deməkdə məqsədim budur ki, həmin dövrdə hərbi texnika və silah çatışmamazlığı torpaqlarımızın müdafiəsini təşkil etməkdə çətinlik yaratsa da, qəhrəman oğullarımız Laçının müdafiəsi üçün vuruşurdular. Aprel ayının 30-da Elbrus Orucovun hərbi hissəmizə gələrək bizə təqdim etdiyi əmrdə göstərilirdi ki, 811 saylı Laçın alayı ləğv edilib. Biz Laçın alayının əmrlə ləğv olunmasına baxmayaraq, sonra da döyüşləri davam etdirirdik. Mehman, Raqif və Nəbi yaxın dost idilər və eyni gündə, iyulun 14-də Laçın Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid oldular. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq”.
Daha sonra çıxış edən Laçın polis taborunun komandiri Çingiz Abbasov şəhidlərin xatirəsinin daim yad edildiyini, onlara və ailəsinə dərin ehtiram göstərildiyini diqqətə çatdırıb:
“Azərbaycanın ən çətin anlarında hər üç dost vətəndaşlıq nümunəsi göstərərək silaha sarılıb vətənin müdafiəsinə qatılmışdılar. Onların həyat və döyüş yolu həmişə gənclər üçün nümunə olacaq, əbədi olaraq yaddaşlarda yaşayacaq. Şəhid olan qardaşlarımızın qanı yerdə qalmayacaq. Biz müharibə görmüş adamlarıq və Qarabağda müharibə başlayacağı təqdirdə yenidən döyüşmək əzmindəyik. Son sözümüzü Laçında deyəcəyik”.
Məlumat üçün bildirək ki, hər 3 dost - Raqif Tağıyev, Mehman Quliyev, Nəbi İsmayılov vətənin müdafiəsinə 811 saylı Laçın Alayının tərkibində qatılmışdılar. 1992-ci iyul ayının 14-də Laçın rayonunun Səfiyan, Suarası və Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olublar. Raqufla Mehman Bakı şəhəri, Nəbi isə Ağcabədi rayonunun Şəhidlər xiyabanında dəfn olunub.
Tağıyev Raqif Cəmil oğlu 2 aprel 1970-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulmuşdur. 1987-ci ildə Cağazur kənd orta məktəbini bitirmişdir. 1988-1900-cı illərdə hərbu qulluğunu başa vurduqdan sonar rayona qayıtmışdır. 1991-ci ildə Gəncə Politexnik Texnikumuna qəbul olunmuşdur. Erməni işğalçılarının başladığı müharibə nəticəsində həmin il təhsilini yarımçıq qoyaraq Laçın özünü müdafiə batalyonuna daxil olmuşdur. 811-saylı Laçın alayın tərkibində döyüşmüşdür. 1992-ci il iyulun 14-də Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə yaxın dostları Quliyev Mehman Rəhman oğlu, İsmayılov Nəbi İmran oğlu ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
İsmayılov Nəbi İmran oğlu 1969-cu il martın 9-da Laçında anadan olub. Ailədə 4 uşaq olublar, 3 bacının 1 qardaşı olub. Müharibə başlayan zaman Nəbidə vətənpərvər dostlarına qoşularaq Laçında yaradılan 811 saylı hərbi hissəyə qəbul olunmuş, vətəni qorumaq kimi ağır vəzifəni öz üzərinə götürmüşdür. Ölkədə yaranan o vaxtkı siyasi hərcmərclikdən istifadə edən erməni qüvvələri Laçın şəhərini ələ keçirmiş, bu zaman Alay Laçının cənub kəndlərinə yerləşməklə döyüşlərə davam etmişdir. Laçının cənub kəndlərini uğurla müdafiə etsə də, ağır döyüşlər zamanı alayın igid döyüşçülərindən yaralananlar və şəhid olanlar oldu. Belə döyüşlər zamanı 1992-ci il iyulun 14-ü Nəbi İsamayılov Laçının Səfiyan kəndinin müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuşdur.
Ağcəbədi rayonunun Ejəli qəbirstanlığında dəfn olunub.
Quliyev Mehman Rəhman oğlu 1969-cu il noyabrın 21-də Laçın şəhərində anadan olub. Laçın şəhər 1 N-li orta məktəbində təhsilini başa vurub. Müharibənin başlanmasından sonra Mehman Laçında yaradılan 811 saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Sonuncu döyüşü Laçının cənub kəndlərinin müdafiəsi uğrunda iştirakı oldu. Cəsur döyüşçü 14 iyul 1992-ci ildə ermənilərin növbəti hücumlarının qarşısını alarkən şəhid olub.
Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.